Gənclər niyə gec ailə qurur? – Seyran Səxavət: “Bir evin qadını olmaq üçün ideal şərait var”

“İndi bir evin arvadı, bir qadının əri olmaq üçün ideal, möhtəşəm şərait var”

Bu fikirləri Yenicag.az-a açıqlamasında gənclərin gec ailə qurması və yaxud ümumiyyətlə evlənmək istəməməsinə münasibət bildirən tanınmış yazıçı Seyran Səxavət deyib.

Onun sözlərinə görə, keçmişdəki gənclərlə indikilər arasında olan fərq çox böyükdür:

“Lakin fərq var, üzü yaxşılığa doğru, bir də var, üzü qaranlığa doğru. Mən 15 il bundan öncə televiziyada çıxışlarımın birində demişdim ki, belə getsə (təəssüf ki, belə də gedir), 15-20 il bundan sonra ümumiyyətlə ailə institutu deyilən anlayış olmayacaq. Artıq o dövr gəlib çatıb. Oğlanlar evlənmək, qızlar ərə getmək istəmir. Oğlanlardan niyə evlənmirsən deyə, soruşsan, deyir ki, yaxşı qız tapa bilmirəm. Qızlardan soruruşsan ki, bala, yaşın keçir, sən niyə ərə getmirsən? Deyir ki, yaxşı oğlan yoxdu. Təsəvvür edin ki, bu böyük tragediyadır. Bizi bu vəziyyətə salan belə bədbəxt edən, Sovetin parçalanmasından, ölkələrin azadlığın bərpa etməsindən sonra olan külli miqdarda informasiya axını, informasiya “seli” oldu. Necə ki, təbii fəlakət zamanı selin gəlməsi ilə bir çox insanın həyatını məhv edir, şəhərləri yuyub aparır. Bax informasiya “seli” də bizi elə yuyub apardı”.

Yazıçı qeyd edib ki, indi vəziyyət son dərəcə ciddi, çətindir:

“İndi arvad olmaq, bir evin qadını olmaq üçün ideal şərait (paltaryuyan, qabyuyan, maşın) var ki, artıq qadın paltar, qab yumur. Uşaq üçün bez var ki, qadın parça bez dəyişmir. Yəni ideal ev qadını olmaq üçün bir kişinin arvadı olmaq üçün möhtəşəm şərait var. Elə oğlanlar üçün də ailənin başçısı olmaq, bir xanımın söykənə, güvənə biləcəyi ər olmaq üçün şərait möhtəşəmdir. Lakin “ikinci mərtəbə”də vəziyyət yaxşı deyil. İkinci mərtəbə dedikdə, mən başımızı, baş deyəndə, milli şüurumuzu, milli şüur dedikdə təhsilimizi nəzərdə tuturam. Ona görə ki, milli şüuru tənzimləyən təhsildir. Təhsilin özünün tənzimlənməyə böyük ehtiyacı olduğu halda milli şüuru necə tənzimləyə bilərik? Yəni vəziyyət çox qəliz, mürəkkəb və xoşagəlməzdir”.

Yazıçı bu məsələdən çox ciddi narahat və nigaran olduğunu qeyd edib:

“Mən ötən gün bir informasiya oxudum ki keçən il 15 mindən çox qeyri-qanuni uşaq doğulub. Gör, yolumuzdan nə qədər azmışıq? Bir məsəl var: “Evində yox urvalıq, könlündən keçir darğalıq”. Yəni bizim milli şüurumuz sıfırdan aşağı ola-ola, dünyanın savad, elm şəbəkəsinə əməlli və əsaslı şəkildə qoşulmadığımız bir halda deyirik ki, Avropada, Amerikada belədir, biz də elə olaq. Biz dörd yol ayrıcında çaşmışıq. Bilmirik, hara gedirik. Bu keçmişdə SSRİ məkanında yaşayan xalqlarına hamısına, o cümlədən, bizə də aiddir. Sadəcə, toparlanmaq lazımdır. Bu barədə milli konsepsiya olmalıdır. Çox ciddi şəkildə nəzarət olmalıdır. Mən bu məsələdə çox narahatam və nigaranam”.

İsmayıl Bakuvi

COP29