“Gənclərin ən çox üzləşdiyi problem…” – “Davam” sədrindən MÜHÜM TƏKLİF

Bu gün Azərbaycanda 2 fevral – Gənclər Günü qeyd olunur.

Gənclər günü 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.

Yenicag.az bildirir ki, Azxeber.com gənclər günü və gənclərin düşündürən məsələlər ilə bağlı “Davam” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlının fikirlərini öyrənib.

O, gənclərin bir çox sahədə aktiv şəkildə iştirak etdiklərini və beynəlxalq arenda da öz aktivlikləri ilə seçildiklərini bildirib:

“İlk növbədə bütün Azərbaycan gənclərini təbrik edirəm. Bildiyimiz ki, Azərbaycan gənclər siyasəti Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyevin əsasını qoyduğu bu siyasi xətt Cənab Prezidentin davamçı idarəsi ilə uğurla inkişaf etdirilir. Qalib xalqın qalib gəncliyi öz sözünü hər sahədə olduğu kimi Vətən Müharibəsində də dedi. Bu şanlı qələbəni tarixə qızıl hərflərlə yazdı. Bu gün gənclərimiz bir çox sahədə aktiv fəaliyyət göstərməklə yanaşı, xeyli ictimai yükə malik məsələlərində həllində fəal iştirak edirlər.

Təşkilat sədri gənclərin üzləşdiyi problemlər haqda da danışıb:

“Amma bunlarla yanaşı gənclərin üzləşdiyi problemlər də var. Məsələn, gənclərin ən çox üzləşdiyi problem innovasiya sahəsində “start-up”ların və innovativ layihələrin maliyyələşməsindəki problemlərdir. Bu gün “Start-up”ların ən çox yerli bazarda yox, qlobal bazarda özünə müştəri və investor tapması problemdir. Ölkəmizdə “start-up”ların investisiyalaşması prosesində müxtəlif “mələk yatırımcı”ların aktiv iştirakını görmək çox xoş olardı. Böyük kommersiya qurumları start-upların inkişafı üçün müxtəlif fondlar təsis edərək, yatırımlar etməsi çox gözəl olardı.

Bununla da Azərbaycanda həm ümumi iqtisadiyyatın, həm də gəncliyin inkişafına töhfə vermiş olarlar. Ölkəmiz İT və yenilikçi layihələrin formalaşdığı, inkişaf etdiyi mərkəzə çevrilər. Böyük holdinqlər, korporasiyalar KSM fondları yarada bilərlər yəni kooperativ sosial məsuliyyət büdcələrinin toplandığı, ictimai hesabatlı bir fond. Bu fondlar gənclərin, gənclər təşkilatlarının sosial layihələrinin dəstəklənməsi istiqamətində işlər görə, cəmiyyətdə proqresiv inkişaf ruhunun dopinqi olar bilərlər.

Nihad Allahyarlı bildirib ki, dövlət gənclər təşkilatlarına diqqət ayırır, ancaq müəyyən qurumlar da bu işdə daha fəal olmalıdır. O yeni portalın yaranması ilə bağlı təklif irəli sürüb:

“Əlbəttə ki, dövlət qurumları gənclər və müxtəlif profilli qeyri-hökumət təşkilatlarına dəstək verir. Bununla bağlı Gənclər Fondu və QHT-lərə Dövlət Dəstəyi Şurası var. Amma bu fondlardan kənar müxtəlif nazirliklər, dövlət qurumları və xarici təşkilatlar qrant layihələr elan edirlər və müxtəlif təşkilatları maliyyələşdirirlər.

Hesab edirəm ki, bununla bağlı şəffaflıq naminə vahid portal yaradılmalıdır. Əgər belə bir portal olsa, gənclər təşkilatları, QHT-lər bu portaldan rahat şəkildə faydalana bilərlər. Çünki hansı dövlət qurumunun və ya ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatın nə vaxt, hansı mözvuda qrant elan etdiyini, meyarların nələr olduğunu, müraciyət formatını və son tarixi görmək mümkün olardı. Bəzən qrant layihələri qısa müddətli elan olunur, 20 ildir eyni təşkilat qalib olur və gənclik cəmiyyət bundan tam şəffaf faydalana bilmir.

“Davam” sədri peşə təhsili ilə də bağlı təkliflə çıxış edib:

“Müasir dövrdə peşə təhsili ən aktual məsələlərdən biridir. Fikrimcə peşə təhsil mərkəzləri birbaşa həmin istiqamətdə fəaliyyət göstərən şirkət və kooparasiyalarla birgə çalışmalıdır. Həmin gənclər təhsillərinin praktik hissəni həmin şirkətlərdə davam etdirməlidir. Həmçinin təhsillərini bitirdikdən sonra praktikant kimi çalışdıqları özəl şirkətlərdə iş sahibi olmalıdırlar. Bu məqsədəuyğun və davamlı proses olar.

Bundan başqa xaricdə təhsil proqramı yenidən bərpa olunmalıdır. Bu proqramdan istifadə edən gənclərin sayı artmalıdır. Müasir dövrdə ali təhsil müəssisələrində yeni peşə ixtisaslarının tədris olunmalıdır. Məsələn, sosial media menecmenti müasir dövr üçün kifayət qədər aktual məsələdir. Amma bizdə hələ də bu ixtisasın təhsili yoxdur. Həmçinin universitetlərimizdə insan resursları, qrafik dizayn ixtisasları yoxdur. Ali təhsil müəssisələri yeni ixtisasların yaradılmasında işləri görməlidir ki, gənclərimiz seçim zamanı müasir dövr üçün önəmli olan ixtisaslardan faydalana bilsinlər”.