“Yeniyetmələrin – 15-18 yaşlı oğlan və qızların evdə gördüyü mənzərə atasının anasına xəyanət etməsi, anasının əziyyət çəkməsi, atasının ailəsinə yaxşı davranmaq əvəzinə, daha da ailəsinə pislik etməsidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında yeniyetmə və gənclərin pis vərdişlərə meylli olmasının səbəbləri haqda danışan psixoloq Zeynəb Eyyubova deyib.
Onun sözlərinə görə, hər hansı gənc nümunəni ən birinci ailəsindən götürür:
“Bu gün çox təəssüf ki, kişilər, qadınlar, ailələr, valideynlər bir sözlə hər kəs telefondadır, yəni sosial şəbəkələrdədir. Yeniyetmələrin -15-18 yaşlı oğlan və qızların evdə gördüyü mənzərə atasının anasına xəyanət etməsi, anasının əziyyət çəkməsi, atasının ailəsinə yaxşı davranmaq əvəzinə, daha da ailəsinə pislik etməsidir”.
Psixoloq qeyd edib ki, yeniyetmələr də həmin dövrdə referant qruplar (onu danlamayan, onun pis hərəkətlərinə qarşı çıxmayan insanlar) axtarır:
“Bu gün 10 gəncdən 2-si idmana gedirsə, digərləri isə pis vərdişlərə – siqaretə içkiyə meyllidir, 4-ü dərslərini yaxşı oxuyursa, 6-sı ümumiyyətlə oxumur. Bəziləri sosial şəbəkələrdən yaxşı məqsədlə istifadə edirsə, digərləri pis məqsədlə istifadə edir. Ona görə də, bu gün uşaqlara örnək valideynlər olmalıdır. Burada əsas olan valideynlərin bir-birinə olan münasibətidir. Bir yeniyetmənin üç valideyni var. Anası, atası və valideynlərinin münasibəti. Bu münasibət yaxşı olarsa, uşaqlar heç vaxt pis vərdişlərə meyllənməyəcək. Pis vərdişlərə meylli olan gəncin səbəbi onun emosional boşluğu, aclığıdır, duyğusal anlamda təmin olunmamasıdır”.
İsmayıl Bakuvi