Xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydası hazırlanacaq.
Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 28-də təsdiqlədiyi Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramında əksini tapıb.
Qeyd olunub ki, xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydasında müəyyən ediləcək maliyyələşdirmə mexanizmləri qarşılıqlı məsuliyyət və etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq müəyyən ediləcək.
Qaydada akademik müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək, bu risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı şərtlər müəyyən ediləcək. Hazırlanacaq qayda gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı inkişafına töhfə vermələrinə imkan yaradacaq.
Dövlət Proqramının maliyyələşdirilməsi mənbələri də məlum olub. Belə ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək:
– Azərbaycan Respublikasının Dövlət Neft Fondu;
– beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları;
– kreditlər və qrantlar;
– xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri.