Gəncliyə dövlət qayğısı — Sabaha qoyulan sərmayə – Günel Səfərova yazır

gunel safarova yenicag.azGünel Səfərova

Azərbaycan gəncləri bu gün tarixinin ən məsuliyyətli dövrünü yaşayır. Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ respublikamızda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin potensialından geniş istifadə olunmasına ciddi zərurət yaranmaqdadır. Ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq ortaya çıxır. Bu tələblərin yerinə yetirilməsi məqsədilə Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir.

Ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edir. Azərbaycan Gəncliyi Dövlət Proqramlarının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və əhəmiyyətli uğurlar əldə olunub. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılır, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilir, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilir. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilir, onların layihə və proqramlarına mütəmadi dəstək verilir. Beynəlxalq əməkdaşlıq sahəsində də gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirirlər.

Beləliklə, dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektiv reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi – gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Gənclər siyasətinin əsas istiqamətləri isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir. Bunlar

– Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;

– İstedadlı gənclərə dövlət qayğısı;

– Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;

– Gənclərin məşğulluğunun təmin edilməsi;

– Gənc ailələrə dövlət yardımı;

– Gənclər təşkilatlarına dövlət yardımı və digərləridir.

 

Azərbaycan gəncliyi qarşısında duran yeni hədəflər açıqlandıqca, dövlətin gənclərə diqqət və qayğısı da ilbəil artır və konkret nəticələrlə müşahidə olunur. Ordu quruculuğu, vətənpərvərlik tərbiyəsi, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır. Bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər əsasən bu sahənin intellektual səviyyəsinin artırılması, gənclərin və yeniyetmələrin elmə, təhsilə yiyələnmələrinə nail olunması, iqtisadi amillər – yəni maliyyə durumlarının, sosial rifah göstəricilərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və digər taleyüklü məsələlərdir.

Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi Dövlət Proqram”larında ölkə gəncləri qarşısında duran əsas vəzifələr sırasında bunları göstərmək olar:

– gənc nəslin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması;

 

– gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması;

 

– istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması;

 

– gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi;

 

– gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi;

 

– ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması;

 

– gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi.

 

Ölkə rəhbərliyinin gənc nəslə yüksək etimad bəslədiyini Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi faktı da təsdiqləyir. Dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını bildirdi: “Hər bir insanın gücü, əlbəttə, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaq”.

Prezident İlham Əliyevin son 10 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı verdiyi göstəriş və sərəncamlar sözügedən təbəqənin öz üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməsinə əhəmiyyətli təsir göstərir. Digər tərəfdən, sadalanan faktlar gənclərlə bağlı bütün proseslərin ölkə başçısının birbaşa nəzarəti altında olduğunu və Prezidentin bu sahəyə xüsusi həssaslıqla yanaşdığını təsdiq edir. Bu etimadın nəticəsidir ki, Azərbaycan son illər ərzində bir çox beynəlxalq idman, musiqi, humanitar, elmi tədbirlərə ev sahibliyi edir. Həmin tədbirlərdə isə gənclərin vətənə, dövlətə bağlılıqları açıq şəkildə özünü nümayiş etdirir. Gənclərin dövlətə sədaqəti həm də könüllülük hərəkatının vüsət almasında ortaya çıxır. Belə ki, adıçəkilən beynəlxalq əhəmiyyətli tədbirlərdə on minlərlə Azərbaycan gənci könüllülük prinsipi əsasında ölkəsinə xidmət göstərir və bununla da vətənpərvər olduqlarını təsdiq edirlər. Azərbaycan gənclərinin də yüksək fəallığının nəticəsidir ki, Bakı şəhəri

-2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı,

-2015-ci il Birinci Avropa Oyunları,

-2016-cı il şahmat üzrə dünya çempionatı,

-2017-ci il İslam Həmrəyliyi Oyunları və

-2019-cu il bədii gimnastika üzrə dünya çempionatı

kimi beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir və bundan sonra da edəcək.

Hazırda gənclər mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər.

Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərməsi dövlətin bu sektora olan etibarının nəticəsidir. Gənclərin xarici ölkələrin ali təhsil müəssisələrinə göndərilməsi hesabına Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaratmaq məqsədi daşıyan Ulu öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. İndi həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən bu diqqət ölkə gəncliyinin dünya birliyinə inteqrasiyasını da sürətləndirir.

Hazırda ölkə əhalisinin 65 faizini 35 yaşadək olan gənclər təşkil edir. Gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçı statusunda çıxış edir. Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsi olaraq bu gün gənclər ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla yanaşı, beynəlxalq miqyasda da ardıcıl uğurları sıralayır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi üçün müvafiq tapşırıq və tövsiyələr verir.

Belə ki, Azərbaycan gəncliyi Dövlət Proqramlarının davamı olaraq ölkə başçısı 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq etdi. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdan ibarətdir.

Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər. Son 10 ildə dövlət tərəfindən gənclər siyasətinin davam etdirilməsi üçün ayrılmış büdcənin 100 dəfə artırılması, bu illər ərzində gənclər təşkilatlarının sayının 51-dən 250-yə çatması, gənclərin perspektivlərinin qiymətləndirilməsi, onların təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə müxtəlif layihələrə ayrılan vəsaitin 40 dəfəyədək yüksəldilməsi, əslində, gənc nəslin ictimai həyatda daha fəal iştirakını təmin etmək marağına xidmət edir.

Prezident İlham Əliyevin gənclər siyasətinin uğurla həyata keçirilməsində ölkə başçısının 7 fevral 2011-ci il tarixli fərmanı ilə təsis olunan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun da özünəməxsus xidmətləri var. Fond

– dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin dəstəklənməsi;

 

– gənclərin inkişafını təmin edən regional və beynəlxalq proqramların işlənib hazırlanması və həyata keçirilməsi;

 

– yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrinin dəstəklənməsi;

 

– gənclər təşkilatlarının inkişafı yolu ilə vətəndaş cəmiyyətini və ictimai təşəbbüskarlığının dəstəklənməsi sahəsində ciddi addımlar atır.

Azərbaycan gəncliyinin dövlətçiliyə xidmətlə bağlı qarşısında duran bir neçə prioriteti göstərmək çox vacibdir. Bu gün xalqımızın üzləşdiyi ən böyük problemlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə hələ ki, Ermənistan və onun arxasında duran qüvvələrin təcavüzkar siyasəti nəticəsində həll edilməmiş qalır. Lakin Azərbaycan dövləti və xalqı tam əmindir ki, onun güclü potensiala malik, intellektual imkanları və fiziki göstəriciləri yüksək olan gənclər ordusu problemin ədalətli şəkildə tənzimlənməsində öz rolunu oynayacaq. Ordu sıralarına daxil olarkən vətənə sədaqət andı içən gənclər ana torpağın hər qarışını qorumaq üçün düşmən qüvvələri darmadağın etməyə hazır olduqlarını bəyan edirlər. Bu isə o deməkdir ki, çağdaş gənclik həm də dövlətin keşikçisidir. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtlərdən biridir. Çünki müstəqilliyin möhkəmləndirilməsi Azərbaycan dövləti və gənclərin qarşısında duran əsas vəzifə sayılır.

Gənclər qarşısında duran digər mühüm hədəf isə beynəlxalq əməkdaşlıq və Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən müdafiə edilməsinə nail olmaqdan ibarətdir. Bunun üçün ölkə gənclərinin beynəlxalq təşkilatlarda təmsil olunması zəruridir. Digər tərəfdən, respublika gənclər təşkilatlarının BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirməsi, birgə layihələr həyata keçirməsi də qarşıya qoyulan məqsədlərə çatmaqda müstəsna rol oynaya bilər. Bütün bunlar intellektual Azərbaycan gəncliyinin formalaşmasında, müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunmasında, milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılmasında, ixtisaslı mütəxəssislərin hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqində həlledici faktorlara çevriləcək. Azərbaycan gəncliyi də dövlətin diqqət və qayğısını lazımınca dəyərləndirərək bundan sonra da özünə inam prinsipləri ruhunda inkişaf etməli, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi ilə bağlı ona göstərilən etimadı tam mənasında doğrultmağa çalışmalıdır.

COP29