Söz vaxtını çəkər, deyirlər. Ötən ilin bu vaxtlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov Pirşağı qəsəbəsində, 173 nömrəli marşrut avtobusunun sonuncu dayanacağında, “Delfin” restoranının yaxınlığında yerləşən ictimai çimərliyə gedən yolu bağlayaraq dənizi hasarlaması və faktiki olaraq ictimai çimərliyi özünün şəxsi mülkünə çevirməsi haqda dövrü mətbuatda yerli sakinlərinvə çimərliyə gedən vətəndaşların şikayəti dərc olunmuşdu. Yenicag.az pia.az-a istinadən xəbər verir ki, Şikayətdə qeyd olunurdu ki, çimərliklə yanaşı dənizin tam sahilində özünə qəsr inşa edən Penitensiar Xidmətinin rəisi şalbanlarla dənizin içini belə hasarlayaraq vətəndaşların ictimai çimərliyə girişini bağlamışdı. Qeyd edək ki, həmin vaxt bu məsələ ictimailəşəndən sonra general-leytenantı Ceyhun Həsənov həmin hasarı sökmüş və insanların ictimai çimərliyə girişinə mabe olmamışdı. Lakin bu il yenidən hər şey təkrarlanıb.
Məsələ ilə bağlı Pirşağı sakinlərinin və ayrı-ayrı vətəndaşların şikayətində bildirilir ki, çimərlik mövsümü başlayarkən onlar yenidən keçən ilki problemlə üzləşiblər. Amma bu dəfə problem daha da böyüyb. Çünki general-leytenant bu il daha böyük ərazini hasarlayaraq demək olar ki, ictimai çimərliyi bütünlükdə özününküləşdirib. Məsələ ondadır ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, dəniz sahilində, çimərliyin yanında özü üçün tikdirdiyi villanın yaxınlığında qohumları, tanışları üçün də “gün ağlayıb”. Həmin ərazidə Ceyhun Həsənovun yaxın qohumlarına aid olan bir neçə villa da var. Ötən il ictimai qınağın qarşısında tək qalan və hasarı sökməyə məcbur olan hörmətli general bu il fərqli taktikaya əl ataraq qonşuluqda yaşayan dost-tanışın və qohumların yaxınlığındakı dəniz ərazilərini də də hasarlayıb ki, sabah şikayət olunsa, məsuliyyəti başqalarının üstünə ata bilsin. Ya məsuliyyəti tək daşımasın.
Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi kasıb əhalinin daha çox istifadə etdiyi çimərliyi heç bir rəsmi icazə əldə etmədən hasarlayaraq şəxsi mülkünə çevirib. Yerli sakinlər və vətəndaşlar əlaqədar qurumlara üz tutaraq ümid etdiklərini bildiriblər ki, bir il əvvəl olduğu kimi dövlət və icra qurumları qanundan irəli gələn zəruri reaksiyanı verəcək, generalın qanunsuz inşa etdiyi hasar söküləcə və kasıb əhalinin istirahət hüququ bərpa olunacaq.
Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə məmurları xalqı incitməməyi məsləhət bilmiş, əhalinin istifadə etdiyi çimərliklərin qanunsuz zəbt etmiş oliqarx məmurlara da bir neçə dəfə xəbərdarlıq etmişdi. Lakin göründüyü kimi, özünü dövlət başçısının xəbərdarlığını eşitmək və duymaq istəməyəcək qədər böyük və güclü bilən məmurlar da var. Elə olmasaydı, Ceyhun Həsənov ikinci dəfə ictimai çimərliyi hasarlayaraq insanları istirahaət hüququndan məhrum etməzdi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…