Fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfael Mirzəyevin oğlu Rəşad Mirzəyevə məxsus “Dayanacaq” MMC barəsində inzibati iş başlanıb.
Yenicag.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Fevralın 23-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Murad Məmmədovun sədrliyi ilə keçiriləcək.
469.3-cü maddəyə əsasən, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
“Dayanacaq” MMC 2011-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Mirzəyev Rəşad Rəfael oğludur. MMC-nin nizamnamə kapitalı 500 manatdır.
Rəşad Mirzəyev daha bir neçə şirkətin sahibi kimi tanınır. Bu sırada “ATL Eelectronics” MMC, “ATL Akademiya” MMC, “ATL Logistics” MMC, “ATL Rent-a-Cars” MMC”, ATL Service” MMC”, ATL SMS” MMC və “ATL Konsaltinq” MMC.
Bu şirkətlər Rəşad Mirzəyevin rəhbərlik etdiyi “ATL Group”a daxildir.
Mediada gedən məlumatlara görə, “118 Xidməti” MMC də nazir müavinin oğluna məxsusdur. /Qaynarinfo /