Müdafiə Nazirliyi Naxçıvanda yerləşən Əlahiddə Ordu komandanı, general-leytenant Kərəm Mustafayevin həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, K.Mustafayevlə bağlı bəzi kütləvi informasiya vasitələrində (KİV) yayılan xəbərin heç bir əsası yoxdur.
Strateq.az isə öz mənbələrinə istinadən bildirir ki, Kərəm Mustafayevin saxlandığı xəbəri, təxminən, bir həftə öncə yayılsa da, bu məlumat rəsmən öz təsdiqini tapmamışdı. Belə ki, bu xəbərlər yayılandan sonra – dekabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası keçirilmişdi və sessiyadan çəkilən fotoda general-leytenant Kərəm Mustafayevin Naxçıvan Muxtar Respublikasının güc strukturlarının rəhbərləriylə birgə salonda, ön cərgədə əyləşdiyi faktı öz əksini tapmışdı (həmin fotoşəkil yazıya əlavə edilir-red.).
Strateq.az-a daxil olan məlumata görə, son günlər paytaxt Bakıda müəyyən media vasitələrində bütövlükdə Naxçıvan rəhbərliyini hədəfə alan materialların sayının çoxalması təsadüfi deyil və bu, çox yaxın gələcəkdə hakimiyyət içərisində gözlənən ciddi kadr islahatları ilə bağlıdır.
Bildirilir ki, hakimiyyət içərisində müəyyən qüvvələr Prezident İlham Əliyevin Naxçıvana qəfil səfərində Muxtar Respublika rəhbəri Vasif Talıbovla olduqca səmimi və ilıq atmosferdə keçən görüşünü, xüsusən də ikilikdə keçirilən söhbətin qapalı saxlanmasını həm də gələcəyin planlaşdırılması aspektindən qiymətləndirərərk, Naxçıvan rəhbərliyinə qarşı media savaşı başlatmağa qərar veriblər.
Hələlik bu kampaniyda Talıbova yaxın kadrlar hədəf seçilsə də, bir müddət sonra bunun birbaşa Ali Məclis sədrinin özünə qarşı çevrilməsinin planlaşdırıldığına dair də iddialar var…
Strateq.az bununla bağlı ciddi informasiyalar əldə edib və bəzi dəqiqləşdirmələrdən sonra mövzuya yenidən qayıdacaq.
Strateq.az