Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, general-mayor Mövlam Şıxəliyev və tabeliyində olan şəxslərin apellyasiya şikayəti ilə bağlı növbəti məhkəmə prosesinin vaxtı bəlli olub.
Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, növbəti proses dekabrın 26-da keçiriləcək. Mövlam Şıxəliyev də tabeliyində olan şəxslərin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə baxılır.
Əldə etdiyimiz məlumata görə, növbəti prosesdə zərərçəkənlər vəsatətlə çıxış edəcək. Onlar Mövlam Şıxəliyev və digərlərinin baş verən cinayətlərdə məsuliyyəti keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun üzərinə atdığına görə hər iki şəxsin dindirilməsini istəyəcəklər. Birinci instansiya məhkəməsində də oxşar vəsatətlər qaldırılıb. Lakin Zakir Qaralovla Rüstəm Usubovun dindirilməsi baş tutmayıb.
Bundan başqa, Mövlam Şıxəliyevin tabeliyində olan şəxslərin onun əleyhinə danışa biləcəkləri təxmin edilir. Çünki ilk iclaslarda Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov Mövlam Şıxəliyevlə fərqli mövqe sərgiləyiblər. Bildirilir ki, hər üç şəxs həbs olunmalarını generalın zərərçəkənlərə dəymiş zərəri ödəmək istəməməsi ilə əlaqələndirir. Ona görə də apellyasiya məhkəməsində fərqli mövqe tutaraq generalın zərəri ödəmək məcburiyyətində qalmasına çalışırlar.