Generalın qohumu məhkəmədən əfv istədi – “Peşmanam, içkiliydim…”

127231_res_01-300x168Bakı Apellyasiya Məhkəməsində general Məhərrəm Əliyevin qohumu İsa Əzizovla bağlı məhkəmə prosesinin təfərrüatları məlum olub. Əməkdaşlarımız xəbər verir ki, İsa Əzizovun Bakıda olduğu təsdiqlənib və o məhkəmə qarşısına çıxarılıb.

Hakimin “törətdiyiniz əmələ görə özünüzü təqsirli bilirsinizmi?” sualına İsa Əzizov “bəli” cavab verib. Prosesi izləyən əməkdaşımız xəbər verir ki, İsa Əzizov yanacaqdoldurma məntəqəsinin işçisini döyərkən içkili olduğunu deyib və bildirib: “Gərək o da məni başa düşəydi”.
İ.Əzizov deyib ki, İqtisad Universitetində oxuduğu üçün barəsində çıxarılan 30 sutkalıq inzibati həbs qərarının dəyişdirilməsini xahiş edir.

Hakim İ.Əzizovun barəsində anket məlumatlarını dəqiqləşdirərkən məlum olub ki, o, 1992-ci ildə Şərur rayonunda anadan olub. Bakıxanov qəsəbəsində yaşayır.
2012-ci ildə quldurluq cinayəti törətdiyi üçün həbs olunub. Barəsində 3 il 6 ay həbs cəzası çıxarılıb. Lakin cəmi 3 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.
Hakim İ.Əzizovun apelyasiya şikayəti ilə bağlı qərar çıxarmaq üçün müşavirəyə yollananda əməkdaşımız fürsətdən istifadə edərək generalın qalmaqallı qohumu ilə ünsiyyət qura bilib. İsa Əzizovdan az əvvəl onun Meksikada olduğunu göstərən foto haqda soruşub. İ.Əzizov isə cavabında deyib ki, ömründə heç vaxt Meksikada olmayıb. İsa Əzizov bildirib ki, həmin fotonu paylaşan əmisi oglu Orxan Əzizovdur, O Meksikada yaşayır.

Hakim müşavirədən sonra qərarı elan edib və İ.Əzizovun barəsində çıxarılmış inzibati həbs qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, qoluzorlu dəstənin başçısı İsa Əzizov general Məhərrəm Əliyevin qohumudur. Bu barədə KİV-lərdə yayılan informasiyanı generalın qardaşı, deputat Adil Əliyev təsdiqləyib.
Onun atası isə “8-ci km” bazarının sahibi Nadir Əzizovdur. Nadir Əzizov bir müddət əvvəl general Məhərrəm Əliyevin Pirşağıdakı bağ evini alıb. Jam.az yazır ki, İ.Əzizov orada bahalı quşlar saxlayır. Quşları kimsənin tutması, toxunması, hətta yaxınlaşması belə qadağandır. Əks təqdirdə, həmin şəxsin üzərinə Əzizovun “qoçu dəstəsi” göndərilir və məsələ “həll” edilir.

****************

Hadisənin baş qəhrəmanı nüfuzlu Azərbaycan generalının qohumu İsa Əzizov olub

«Azpetrol”da dava salan şəxs «8-ci km» bazarının şefinin oğlu çıxdı

127030_res_01Daxili İşlər Nazirliyi Bakıda idmançıların kütləvi dava salması barədə mətbuat da yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar.
Hazırda müvafiq araşdırmalar aparılır.

127068_res_01Qeyd edək ki, yanvarın 26-da gecə Bakının Tiflis prospektindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsinin işçilərini, ötən ilin mayında isə “Famous” barında iki qızı döyən idmançının general Məhərrəm Əliyevin qohumu olduğunu bildirilir.

Bu barədə KİV-lərdə yayılan informasiyanı “Report”a açıqlamasında generalın qardaşı, deputat Adil Əliyev təsdiqləyib. Lakin Adil Əliyev dostları ilə birlikdə qatı xuliqanlıq əməli törədən İsa Əzizovun onun qardaşı, yaxud bacısı oğlu olmadığını deyib. Bununla belə İsa Əzizovla qohumluq əlaqələrinə malik olduqlarını bildirib. “Onun bu cür addım atmasına inanmırıq. Əgər belə edibsə, biz təəssüflənirik”, – Adil Əliyev bildirib.
Xatırladaq ki, Bakı polisinin keçmiş rəisi, general-leytenant Məhərrəm Əliyev hazırda prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiridir.

***

Bir neçə saat bundan əvvəl Nəsimi Rayon Polis İdarəsindən haqqın.az saytının kriminal araşdırmalar şöbəsinə Bakıda növbəti hadisə barədə məlumat verilib və bu olayda, göründüyü kimi, yenə də yüksək vəzifəli məmurların qohumları və dostlarının adları hallanır. Polis orqanlarının məlumatına əsasən, bir qrup naməlum şəxs Tbilisi prospektindəki yanacaqdoldurma stansiyasının əməkdaşını döyüb. Hadisə nəticəsində YDM-nin keşikçisi, 1988-ci il təvəllüdlü Sadiq Bağırov ağır bədən xəsarəti alıb.
Hələlik polis hadisənin təfərrüatlarını açıqlamayıb və yalnız Sadiq Bağırovu qəddarcasına döymüş qoluzorlular qrupunun yanacaqdoldurma stansiyasına gəldiyi avtomobilin markasını bildirib. Polis idarəsinin məlumatına görə, söhbət Bentley avtomobilindən gedir.
Biz avtomobilin sahibinin şəxsiyyətini və paytaxtın tən ortasında növbəti şok effekti yaradan qanunsuzluğun detallarını müəyyənləşdirmək üçün araşdırmaya başladıq və bəzi şeyləri öyrənə bildik.

Ötən gecə saat 4:00-da tanınmış Azərbaycan generalının oğlu, qohumu və onların dostları 90-HN-999 dövlət nömrə nişanlı Bentley avtomobilində Tbilisi prospektində yerləşən AZPETROL yanacaqdoldurma stansiyasına gəliblər. YDM əməkdaşından avtomobilə yanacaq vurmağı xahiş edəndən sonra gənclərdən biri əməkdaşa maşının pəncərəsindən 100 manatlıq əskinas uzadıb. Yanacaqdoldurma stansiyasının əməkdaşı deyib ki, xırdası yoxdur və onu gözləməyi xahiş edib. Bu cavab Bentley-nin sərnişinlərinin xoşuna gəlməyib və onlar gənc oğlanla sözləşməyə başlayıblar. Vəziyyəti aydınlaşdırmaq üçün YDM-nin keşikçisi Sadiq Bağırov maşına yaxınlaşıb və işin nə yerdə olduğunu öyrəndikdən sonra nəzakətli tərzdə gözləməyi xahiş edib ki, əməkdaş pulu xırdalaya bilsin.
Nədənsə bu cavab xuliqanları özündən çıxarıb və onlar avtomobildən çıxaraq keşikçini müşahidə kameralarının olmadığı, YDM-nin ərazisində yerləşən mağazaya tərəf çəkib aparıblar. Bir neçə dəqiqə sonra elə həmin yerə ikinci avtomobil – ağ rəngli Prado yaxınlaşıb. Onun içindən bir neçə nəfər idmançı bədən quruluşlu gənc çıxıb və YDM işçiləri ilə keşikçilərini kütləvi şəkildə döyməyə başlayıblar. Həmin vaxt yoldan keçən vətəndaşlardan bəziləri dalaşanları ayırmağa cəhd etsələr də, özləri də azğınlaşmış qoluzorlulardan nəsiblərini alıblar.
Lakin kütləvi dava xuliqanlara az görünüb və Bentley-nin sürücüsü maşının yanına qayıdaraq, oradan silah götürüb və hamını güllələyəcəyi ilə hədələməyə başlayıb. Dostlarından biri silahı onun əlindən almağa müvəffəq olub.


Bundan sonra da Bentley-nin sakitləşmək bilməyən sahibi POS-terminalı qopararaq onunla keşikçi Sadiq Bağirovun başına zərbələr endirib.
Çox ehtimal ki, avtomobilin sahibi və dostları güclü sərxoşluq vəziyyətində olublar. Bir müddət sonra hadisə yerinə polis və təcili tibbi yardım maşınları gələrək, təhqiqata başlamış və yaralıları xəstəxanalara aparmışlar.
Haqqın.az məlumatlı mənbələrdən öyrənə bilib ki, hadisənin baş qəhrəmanı nüfuzlu Azərbaycan generalının qohumu İsa Əzizov olub.
Araşdırma vaxtı bizə bir fakt da məlum olub. Məhz bu idmançı qrupu ötən ilin may ayında Bakıdakı Famous karaoke klubunda qizları döymüşdü.
3819301qiz1

O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov onu döyüb və güclə maşına oturtmaq istəyirmiş.

Ötən ilin may ayındakı hadisədən sonra İsa Əzizovun barəsində CM 221-ci maddəsi üzrə (xuliqanlıq) cinayət işi qaldırılmışdı. Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin müstəntiqi Müşfiq Cəbrayılov qeyd etmişdi ki, polisin İsa Əzizovun harada olması ilə bağlı məlumatı yoxdur və o, axtarışa verilib.
Təəssüf ki, İ.Əzizovun axtarışı ilə başlı bütün tədbirlər nəticəsiz qalıb – o, azadlıqda olub və cəzasını almayıb. Hamının gözü qarşısında bu cür cəzasızlıq İ.Əzizovun əl-qolunu açıb və o, Bakının mərkəzində kütləvi davalar törətməkdə davam edir.
Haqqın.az Bakı Yol Polisi İdarəsinə müraciət edərək öyrənib ki, 90-HN-999 dövlət nömrə nişanlı Bentley markalı avtomobil qeydiyyatda yoxdur. Lakin bu nömrə ilə başqa bir maşın qeydiyyata alınıb. Onun markası isə Toyota Land Cruiser-dir və Nurlan Bənnayevin adına qeydiyyatdan keçib, etibarnamə ilə Qamət Məmmədova verilib.
Yeri gəlmişkən, ötən ilin may ayında baş vermiş hadisədən sonra Diana Babayeva polisə yazdığı ərizədə Toyota Land Cruiser avtomobilinin sahibi tərəfindən döyüldüyünü qeyd etmişdi. Cinayət törədilən vaxt elə həmin İsa Əzizov avtomobilin sükanı arxasında olub.

Bu material dərc edilməyə hazırlanarkən DİN əməkdaşları məlumat verdilər ki, xüsusi əməliyyat keçirilib və onun nəticəsində İsa Əzizov və dostları – davada iştirak etmiş digər idmançılar saxlanılıblar. İ.Əzizovu Nəsimi RPİ-nin 20-ci bölməsinin əməkdaşları yaxalayıblar. Hazırda o, Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlama şöbəsində həbsdədir.
Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələr həmçinin idmançıların hansısa tanınmış generalla qohumluq əlaqələrinin olmadığını, onların sadəcə olaraq, özlərini bu cür qələmə verdiklərini söylədilər…
Jam.az İsa Əzizovun kimliyini dəqiqləşdirməyə nail olub. Dəqiqləşdirmələr nəticəsində məlum olub ki, İsa Əzizov «8-ci km» bazarının sahibi Nadir Əzizovun oğludur. Eyni zamanda, o, general Məhərrəm Əliyevin də qohumudur.
Məlumatda qeyd edilir ki, Nadir Əzizov bir xeyli əvvəl Məhərrəm Əliyevin Pirşağıdakı bağ evini satın alıb. Orada bahalı quşlar saxlayır ki, onlara toxunmaq, hətta yaxınlaşmaq belə qadağandır. Əks təqdirdə, həmin şəxsin üzərinə Əzizovun «qoçu dəstəsi» göndərilir və məsələ «həll» edilir.