“Haqsızlıq, ədalətsizlik, beynəlxalq hüququn heçə sayılması dünyanı ağır müharibəyə aparır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında İsrail “Hizbullah” arasında toqquşma və bunun nəticələrini şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadə bildirib ki, beynəlxalq hüququn heçə sayılması problemləri dərinləşdirir.
“Geniş müharibə təhlükəsi durmadan artır. Hər bir zorakı hərəkət geniş müharibə təhlükəsini yaxınlaşdırır. Bunun əsas səbəbi aradan qaldırılmayınca bu belə də davam edəcək. Əsas səbəb ondan ibarətdir ki, beynəlxalq hüquqa əməl edilmir. İsrail beynəlxalq hüquqa tüpürüb. Fələstin xalqının ərazilərini işğal edir, onların hüquqlarını tanımır. Fələstin dövlətinin yaranmasına imkan vermir. Fələstin ərəbləri öz ərazilərini geri qaytarmaq üçün mübarizəyə başlayanda deyirlər ki, onlar terrorçulardır”, – deyə o əlavə edib.
Politoloq qeyd edib ki, Fələstinin nə aviasiyası, nə tankları, nə də radraları var. Əllərində yalnız avtomatları və kustar üsulla düzəltdikləri raketləri var. İsrailin təkcə 500 hərbi təyyarəsi var:
“Biz qanuni ərazimizi işağldan azad etmək əməliyyatına başlayanda erməni təbliğatı qışqırırdı ki, “Azərbaycan Dağlıq Qarabağ respubilkasına və Ermənistana qarşı təcavüzə başlayıb”. Eyni şeyi də İsrail deyir. İsrail silahlı müqavimət göstərən hər bir silahlı ərəbi terrorçu adlandırır.
Bu vəziyyətə dur deyilməyəincə dünya geniş müharibə ilə üz-üzə qalacaq. Haqsızlıq, ədalətsizlik, beynəlxalq hüququn heçə sayılması dünyanı ağır müharibəyə aparır. Bunu da ən çox edən böyük və güclü dövlətlərdir”.
Səxavət Məmməd