“Gerçək Ermənistan” layihəsi NƏDİR? – “Referendum hazırlığı, konstitusiya dəyişikliyi, sülh müqaviləsi…”
“Bu layihə Türkiyə ilə əlaqələri bərpa etmək üçündür”.
Bu fikirləri Yenicag.az saytına politoloq Fuad Abbasov bildirib.
O, Ermənistan Baş naziri Paşinyanın “Gerçək Ermənistan” layihəsini müzakirəyə çıxarmasını şərh edib:
“Paşinyanın bir neçə gün əvvəl irəli sürdüyü “Gerçək Ermənistan” layihəsi 14 maddədən ibarətdir. Burada elə ilk maddədən başa düşmək olar ki, bu Ermənistan konstitusiyasının dəyişilməsi üçün xalqa xitabən yazılmış bir mətndir. Burada, əlbəttə ki, hər bir erməniyə düşən vəzifədən, hər bir ermənin individual olaraq həm dövlətin, həm Ermənistanın vətən kimi inkişaf etməsindəki rolundan bəhs edilir, amma açıq şəkildə də göstərilir ki, Ermənistan konstitusiyası müasir dövrün reallıqlarına uyğun olaraq dəyişdirilməlidir”.
Politoloq hesab edir ki, bu dəyişiklik, əslində, Ermənistan konstitusiyasında Türkiyə ilə əlaqələr qurmağa mane olan maddələrə dəyişiklik etməyə zəmin yaratması üçün bir vasitədir:
“Bu məsələdə çox diqqətçəkən məsələlərdən biri də indiyə qədər qəbul edilmiş Ermənistan konstitusiyalarının legitimliklə əlaqədar problemlərinin olmasıdır. İndiyədək Ermənistanın qəbul etdiyi konstitusiya mətnləri legitim deyilsə, bunların gələcəkdə Ermənistana ziyan vura, dağıda və parçalaya biləcəyi şəklində bir tezis səsləndirilir. Bu layihənin 11-ci maddəsinə diqqət çəkmək istəyirəm ki, bu maddə transformasiya, yəni dəyişiklik şəklində qeydə alınıb. Burada belə bir məqama toxunulub ki, “transformasiya ayıb bir şey deyil, çox zəruri bir şeydir və müasir dəyişən dünyanın içində dəyişməyən Ermənistana yer yoxdur” şəklində bir tezis səsləndirilir”.
Analitik xatırladıb ki, Ermənistan konstitusiyasının mənbəyi sayılan Ermənistan istiqlaliyyət bəyannaməsinin 11-ci maddəsində Türkiyə Cümhuriyyətinin ərazisində yerləşən və ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları bölgələrdə meydana gələn “erməni soyqırımı”ndan bəhs edilməkdədir:
“Odur ki, Ermənistan Respublikasının bu qondarma soyqırımı qəbul edilməsi yönündə fəaliyyətlər aparmağı vurğulanmaqdadır və bu fəaliyyətlərin hazırda suveren Türkiyə Respublikasının ərazisi sayılan və Ermənistan üçün “Qərbi Ermənistan” deyilən bir bölgədə həyata keçirildiyi vurğulanmaqdadır. Bu, birinci növbədə, Türkiyə ilə əlaqələri pozur, ikincisi Türkiyə ilə sərhədlərin açılmasına, diplomatik əlaqələrin qurulmasına və bir çox məqamlarda Türkiyə ilə xoşməramlı qonşuluq əlaqələrinə ziyan vurur”.
“Eyni zamanda, Türkiyənin torpaq bütövlüyünə qəsd kimi qiymətləndirilir. Məhz bu “Gerçək Ermənistan” layihəsinin bu maddəsinin də dəyişilməyə uyğun olması, Ermənistanın hər bir vətəndaşının “Gələcək Ermənistan” naminə bu dəyişilməyə razılıq verməsinə çağırış kimi qiymətləndirilir. Ümumiyyətlə, bunun Ermənistanda referendum hazırlığı, konstitusiya dəyişikliyi və nəticə etibarilə, Azərbaycanla sülh müqaviləsi imzalanması üçün hazırlanmış layihə olduğunu düşünürəm”, – deyə o, fikirlərini tamamlayıb.
Yenicag.az