Gerçək sahiblərini gözləyən TORPAQLARIMIZ: Böyük Qayıdış üçün bütün addımlar atılır

30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq erməni vandallarından təmizlənib.

Məlumdur ki, otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində azad olunub. Zəfər yürüşünün nəticəsində Azərbaycan düşməni torpaqlarından qovaraq BMT-nin qətnamələrini özü yerinə yetirməli olub. Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir.

Azərbaycan Vətən Müharibəsində parlaq qələbə qazandıqdan dərhal sonra prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə start verilib. Hazırda işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir. Bu bölgələr yenidən qurulacaq və əvvəlki şöhrətini bərpa edəcək. Azərbaycan artıq yeni quruculuq mərhələsinə qədəm qoyub. Belə ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri sistemli şəkildə həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma isə dörd mərhələdə aparılacaq. Birinci mərhələdə minalardan təmizlənmə, dəymiş ziyanın qiymətləndirilməsi, ikinci mərhələ infrastrukturun formalaşdırılması, həmçinin kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusi şəbəkənin yaradılmasıdır. Üçüncü mərhələ sosial və  inzibati  binaların inşa edilməsi, dördüncü mərhələ isə vətəndaşlarımızın dədə-baba yurdlarına qayıtması və məskunlaşmasıdır.

Prezident İlham Əliyev ölkənin birinci vitse prezidenti Mehriban Əliyeva ilə birlikdə işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfərlər edib. Burada çoxlu sayda infrastruktur layihələrinin təməlqoyma mərasimi, işlərin gedişi ilə tanış olublar. Artıq Ağdam rayonun baş planı da təsdiqlənib, işlərə start verilib. Həmçinin ölkə başçısı tərəfindən Zəngilan rayonunun Ağalı kəndi ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir. Elektrik enerjisi təminatında, istilik məsələsi, təbii qaz xətlərinin çəkilməsi, xüsusən yol infrastruktrunun bərpası istiqamətində də çalışmalar gedir. Füzulidə beynəlxalq hava limanının tikintisi sona çatır. Proses indiki mərhələdə infrastrukturun, o cümlədən mədəni və tarixi abidələrimizin bərpası istiqamətində gedir. Digər yaşayış məntəqələrimizdə də minalardan təmizlənmə işləri aparılmaqdadır.

Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Yuxarıda sadalananlar onu deməyə əsas verir ki, Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək.

Ağalı kəndində Prezident bu layihələrdə iştirak edən Türkiyə, Çin, İsrail, İtaliya şirkətlərinin nümayəndələri ilə söhbət aparıb. Məlum olub ki, bir çox şirkətlərlə yanaşı, texnologiyaları sahəsində dünyanın ən inkişaf etmiş kompaniyalarından olan “Huawei-Azərbaycan” şirkəti Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. Eyni zamanda Qafqazda ilk dəfə olaraq məhz işğaldan azad edilmiş bölgələrdə şirkət tərəfindən “Qiqabit AirPON” texnologiyası istifadəyə veriləcək. Şirkət “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçirəcək.

Prezident İlham Əliyevin Ağalı kənd sakinləri ilə səmimi görüşü, vətəndaşların dövlət başçısına minnətdarlığı, kənd sakinlərinin doğma torpaqlarına köçməyə hazır olması hər bir azərbaycanlının qürur duyacağı səhnələrdir. Qeyd etmək lazımdır ki, Zəngilan və Laçın hava limanları da olduqca vacib əhəmiyyət daşıyacaq. Bu aeroportlar həm iqtisadi, həm də hərbi logistika baxımından xüsusi əhəmiyyətə malikdir. Yenicə təməli qoyulan Zəngilan Hava Limanı bu rayonun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradacaq. İşğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması oraya qayıdacaq insanların rahat gediş-gəlişi üçün çox vacibdir. Bu baxımdan, Zəngilan-Horadiz avtomobil yolunun təməlinin qoyulması təqdirəlayiqdir. Strateji əhəmiyyət daşıyan Horadiz-Ağbənd dəmir yolunun bərpası isə Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birləşdirəcək. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malikdir.

Məlum olduğu kimi 2021-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitin 2,2 milyard manatı işğaldan azad olunan tarixi ərazilərimizə böyük qayıdışın təmin edilməsinə xərclənəcək. Əlbəttə, bu, ilkin məbləğdir və Qarabağın dirçəlməsinə davamlı şəkildə vəsait ayrılacaq. İşğaldan azad edilmiş bəzi bölgələrdə infrastruktur mövcud olsa da, bəzi bölgələrdə hər şey sıfırdan tikilməlidir. Bunları nəzərə alaraq demək olar ki, müxtəlif bölgələrə fərqli dövrlərdə mərhələli şəkildə məskunlaşma mümkün ola bilər. Ölkə rəhbərinin istəyi odur ki, vətəndaşlarımız öz yurdlarına geri döndükdə bütün infrastruktur qurulmuş olsun. Onların məşğulluğu və təhlükəsizliyi təmin edilsin.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb və bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə nə dərəcədə böyük önəm verdiyinin bariz nümunəsidir. Azad edilmiş ərazilərdə görülən bütün bərpa işləri dövlətimizin başçısının nəzarətindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və normal həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və  xaricində  zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

işğaldan azad edilən ərazilərimizdə dağıdılmış infrastruktu­run, o cümlədən enerji infrastrukturunun bərpası və yenidən qurulması məqsədilə həyata keçiriləcək irimiqyaslı layihələrdə Dövlət–Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin (DÖST) mexanizminin tətbiqi imkanlarından da yararlanmaq nəzərdə tutulub. Həmçinin hazırda həmin torpaq­larda biznes qurmaq istəyən sahibkarların biznes layihələrinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) baxılması qərara alınıb. Bütün bunlarla yanaşı, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən hazırda işğaldan azad edilən ərazilərdə əvvəllər mövcud olmuş və tamamilə dağıdılmış enerji güclərinin bərpası istiqamətində müvafiq istiqamətdə işlər aparılır.

Prezident İlham Əliyevin ailəsi ilə birlikdə işğaldan azad olunmuş rayonlara müntəzəm səfərləri onun göstəricisidir ki, dövlət başçısı şəxsən bütün bu proseslərə rəhbərlik edir və Azərbaycanın bütün torpaqlarına böyük diqqət və qayğı ilə yanaşır. Azərbaycan Prezidentinin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə böyük qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir, Azərbaycan sərhədlərinin etibarlı qorunması üçün bütün lazımi işlər görülür. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun, dost ölkələrin qabaqcıl şirkətləri cəlb olunmaqla həyata keçirilir.

Artıq Qarabağda quruculuq işləri sahəsində xarici ölkələrin şirkətləri ilə konkret əməkdaşlığa başlanılıb. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək. Türkiyədə fəaliyyət göstərən, 130 texnologiya şirkətinə dəstək verən “GOSB” texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında imzalanmış “Mədəni və Elmi Əməkdaşlıq” memorandumuna əsasən Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard”  elmi araşdırmaların aparılması, eyni zamanda, yüksək texnoloji cihazların istehsalı planlaşdırılır.

Azərbaycan və Macarıstan macar şirkətlərinin Qarabağda ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər. Macarıstanın “EximBank”ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb. Macarıstan ərazilərin minadan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib. Böyük Britaniya da bu işlərdə Azərbaycana kömək göstərmək istədiyini bildirib.

Görülən işlərin miqyası onu deməyə əsas verir ki, məcburi köçkünlərin yurd həsrətinə ən qısa müddətdə son qoyulacaq. Bu insanların təhlükəsiz və ən əsası, ləyaqətli şəkildə öz ata-baba yurdlarına geri qayıtması təmin ediləcək. Bunu azad edilmiş ərazilərə səfərlər edən diplomatlar, xarici jurnalistlər də təsdiq edir. Ən əsası isə Azərbaycan insanı özü buna tam əmindir. Çünki Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Bir sözlə, Qarabağın yenidən məskunlaşdırılması üçün hər şey hazırdır və cəmi bir neçə ilə orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirləcək. Bu ərazilərdə böyük təbii potensial olan böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu var. Onların da bərpası tezliklə həll olunacaq.

Aydındır ki, dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə böyük zəfər qazanıb. Qarabağın dirçəlişi regional mərkəz kimi Azərbaycanın rolunu gücləndirəcək.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanmışdır.