Gərginləşən ABŞ-Çin münasibətləri: “Pekin sanksiyalara baxmayaraq, bu siyasətindən imtina etməyib” – ANALİZ
Amerika Birləşmiş Ştatları ilə Çin arasında münasibətlər gərginləşməkdə davam edir. Bəzən bunu Donald Trampın siyasəti ilə izah edirlər. Yəni Ağ Ev sahibi sanki qəsdən Pekinlə münasibətlərin gərginləşməsinə çalışır. Ancaq Pekin Trampa fikir vermədən də Amerikaya qarşı planlaşdırdıqları həmlələri həyata keçirir. Çin Ağ Ev sahibinin kimliyindən asılı olmayaraq illərdir bildiyini edir. Növbəti gərginliyə səbəb Mərkəzi Kəşfiyyat İdarəsinin 67 yaşlı keçmiş zabitinin həbsi olub. Aleksandr Yuk Çinq Ma adlı keçmiş amerikalı zabit illər boyu Çin kəşfiyyatına məlumatlar ötürürmüş.
Honkonda doğulan keçmiş zabitin 1982 və 1989-cu illər arasında Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi məlumatlarına çıxış imkanı olub. Keçmiş zabit əldə etdiyi məlumatları 50 min dollar qarşılığında Çinə ötürüb. Keçmiş zabitin həbsi elə növbəti dəfə pul alarkən həyata keçirilib. Keçmiş zabiti ömürlük həbs cəzası gözləyir.
Ümumiyyətlə ABŞ-la Çin arasında kəşfiyyat müharibəsi uzun illərdir davam edir. Çin kəşfiyyatı Amerikadan nə mümkündürsə, onu əldə etməyə çalışır. Çin kəşfiyyatı bu çalışmalarında əsasən Amerikanın Çin mənşəli vətəndaşlarından istifadə etməyə çalışır. Ona görə də son illər Mərkəzi Kəşfiyyat İdarəsi Çin mənşəli Amerika vətəndaşlarını işə götürərkən ciddi yoxlamadan keçirmək məcburiyyətində qalır. Hətta onlar işə götürüldükdən sonra nəzarətdən kənarda qalmırlar. Aydındır ki, Amerikanın da Çində xəfiyyələri var. Ancaq son illər daha çox Çinin Amerikada həbs olunan xəfiyyələri barədə məlumatlar var. Görünür, Çinin Amerikadakı xəfiyyələrinin sayı, Amerikanın Çindəki xəfiyyələrinin sayından çoxdur. Bu o deməkdir ki, kəşfiyyat müharibəsində Çin öndədir. Çin kəşfiyyat işində əsas kəmiyyətə fikir verir, ancaq daha sonra həbs olunan xəfiyyələrinin taleyi Pekini narahat etmir. Yəni Pekin insanlardan istifadə edir və sonra onları unudur.
Bu arada, Vaşinqton Çinə qarşı müxtəlif sanksiyalar qəbul edir. Son sanksiyalar Çinin uyğurlara və digər etnik azlıqlara qarşı tətbiq etdiyi zorakılıqlarla bağlıdır. ABŞ Maliyyə Nazirliyi Konqresin “Maqnitski qanunu” əsasında Çində uyğurlara təzyiqdə şübhəli bilinən dövlət şirkətlərinə və məmurlara qarşı müxtəlif sanksiyalar tətbiq edib. Doğrudur, bu zaman ABŞ şirkətləri də zərər görə bilər. Çünki, sanksiya altına düşən Çin şirkətlərinin bir qismi ABŞ şirkətləri ilə əməkdaşlıq edirlər. Ona görə ABŞ Maliyyə Nazirliyi ölkə şirkətlərinə sanksiya altında olan Çin şirkərləri ilə maliyyə və ticarət çalışmalarını sona çatdırmaq üçün sentyabrın 30-a qədər zaman tanıyıb. Həmin zamana qədər ABŞ şirkətləri sanksiya altında olan Çin şirkətləri ilə alqı-satqı və digər ortaq fəaliyytələri dayandırmalıdırlar.
Çin uyğurları radikal islamçılar kimi qələmə verərək, onları məcburi şəkildə əmək düşərgələrində saxlayır. Belələrinin sayının 1 milyon nəfər olduğu deyilir. Pekin ABŞ-ın sanksiyalarına baxmayaraq, bu siyasətindən imtina etməyib.
Mövcud vəziyyət bır sıra türkdilli dövlətləri də narahat edir. Doğrudur, başda Türkiyə olmaqla türkdilli dövlətlər uyğurlarla bağlı Çindən hesabat istəmirlər. Məsələn, Çinə səfər edən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan da Pekinlə bu mövzuda danışıqlar aparmayıb. Ancaq Türkiyə və türkdilli dövlətlərin əhalisi uyğurlara qarşı aparılan siyasətdən narazıdırlar. Digər tərəfdən Türkiyədə Ədalət və İnkişaf Partiyasının müttəfiqi Milliyətçi Hərəkat Partiyasıdır (MHP). Bu partiyanı isə Çində uyğurların taleyi narahat etməyə bilməz. Türkiyədə yaşayan uyğurların böyük əksəriyyəti məhz Milliyətçi Hərəkat Partiyasının elektoratıdır. Bu amil də MHP-ni uyğur probleminə diqqət ayırmağı zəruri sayır. MHP lideri Dövlət Baxçalı bir sıra çıxışlarında uyğurların üzləşdikləri çətinliklərdən söz açıb.
Çin uyğurlara qarşı zor siyasəti tətbiq edərkən, Pekinin bunun Türkiyədə hansı reaksiya doğuracağı maraqlandırmır. Əksinə, Pekin çalışır ki, Türkiyə və digər türkdilli dövlətlər Çinlə münasibətlərində uyğur amilini unutsunlar. Ancaq bu mümkün deyil. Hətta Çinlə ciddi iqtisadi münasibətləri olan Qazaxıstanda belə cəmiyyət qonşu ölkədə uyğurlara və qazaxlara qarşı tətbiq edilən siyasətdən narazıdır. Təsadüfi deyil ki, Çinin Almatadakı konsulluğu qarşısında tez-tez etirazlar olur. Etiraz edən qazaxlar Çində müəammalı şəkildə yoxa çıxan qohumları barədə məlumat almaq istəyirlər.
“Atlas” Araşdırmalar Mərkəzi