Gərginliyin arxasında dayanan GÜC: “Atəşkəsin pozulmasında Rusiyanın əli var” – ŞƏRH

“Gərginliyin arxasında dayanan güc Rusiyadır”.

Bu fikri Yenicag.az-da Qarabağda baş verən son hadisələr, qanunsuz erməni silahlı dəstələrinin Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasını və gərginliyi şərh edən Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, atəşkəsin pozulmasında Rusiyanın əli var:

“Paşinyanın Rusiyaya səfəri zamanı rəsmi açıqlama verildi. Ancaq bilirik ki, bağlı qapılar arxasında fərqli danışıqlar olub. Atəşkəsin pozulması təsadüfi deyil. Bu cür hallar tez-tez olacaq. Rusiyanın Azərbaycana üzdə olmasa da, faktiki təzyiqi var. Rusiyalı politoloqlar da, Türkiyənin bölgəyə gəlişini həzm edə bilmirlər. Baş verən hər hadisədə Türkiyəni günahkar çıxarmağa çalışırlar. Gərginlik davamlı olaraq artacaq. Ağdamda baş verən hadisə ilə bağlı Rusiya rəsmi olaraq mövqe bildirməyib. Bu da onu göstərir ki, gərginliyin bu səviyyədə olmasında birbaşa Rusiyanın əli var.

Ermənilər Azərbaycana mina xəritələrini verdi. Düşünürəm ki, o xəritələr saxtadır. Xəritələr əsirlərin geri qaytarılması üçün Rusiya ilə birgə hazırlanıb”.

Hərbi Polisin keçmiş rəisi qeyd edib ki, Azərbaycan anti-terror əməliyyatına başlamalıdır:

“Azərbaycan tərəfi əvvəlcə danışıqlara başlamalıdır. Azərbaycan öz mövqeyini qəti bildirməlidir. Əgər sülhməramlı dediyimiz qüvvələr tədbir görməzsə, Azərbaycan heç kimdən heç nə soruşmada anti-terror əməliyyatına start verməlidir. Üçtərəfli bəyannamənin 4-cü bəndini Rusiya yerinə yetirə bilmir, yetirmir. Təkcə bu, anti-terror əməliyyatı üçün səbəbdir”.

Səxavət Məmməd