Gərginliyin müharibəyə çevrilmə EHTİMALI: Nüvə silahından istifadə gündəmə gəlir

“Böyük müharibə olsa da, nüvə silahından istifadə edilməyəcək”.

Bu fikri Yenicag.az-a açıqlamasında İsrail-“Hizbullah” toqquşması və Yaxın Şərqdə ehtimal olunan böyük müharibəni dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadənin sözlərinə görə, Livanla İsrail arasında hər an müharibə ola bilər.

“Qoland təpələrinə raket zərbəsi endirildikdən sonra Livanla İsrail arasında münasibətlər daha da gərginləşdi. Bu gərginliyin müharibəyə çevrilmə ehtimalı çox böyükdür.

İsrail ordusu “Hizbullah”a aid qərargahları bombalamışdı. İsrail hərbi kəşfiyyatı tərəfindən həm “Hizbullah”a, həm də HƏMAS-a aid yüksək rütbəli şəxslərin öldürülməsi prosesi həyata keçirilir. “Hizbullah”la HƏMAS İranın proksi qüvvəsi kimi təqdim olunur. Əslində, bu belədir. İranda prezident seçkiləri oldu. Yeni prezident çalışacaq ki, İranı bu müharibədən kənarda saxlasın”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, Türkiyə prezidenti Fələstin rəhbəri Mahmud Abbası Türkiyə parlamentinə dəvət etdi.

“Mahmud Abbas Türkiyəni pis vəziyyətə qoydu. Fələstin bir çox məsələlərdə həm Türkiyənin, həm Azərbaycanın əleyhinə olub.

Qarşıdurma ehtimalı çox yüksəkdir. Yaxın Şərqdə vəziyyət daha çox gərginləşəcək. Ancaq hesab edirəm ki, bütün bunların sonunda böyük müharibə olsa da nüvə silahından istifadə edilməyəcək”, – deyə o yekunlaşdırıb.

Səxavət Məmməd

COP29