“Girovlarla bağlı istiqamətdə ümidverici məsələlər meydana çıxıb”

sahib-aliyevSahib Alıyev: “Ağdamda vurulan helikopter hərbi  təyinatlı idi və düz olaraq vurulub”

Xəbər verdiyimiz kimi, millət vəkili  Sahib Alıyevin də iştirakı ilə artıq bir müddətdir ki, “Girovları azad et” virtual kampaniyasına start verilib. Bu kampaniyada məqsəd qanunsuz olaraq həbs edilərək, üzərlərində məhkəmə qurulan Kəlbəcərli soydaşlarımız Dilqəm Əsgərovla Şahbaz Quliyevin azadlığına nail olmaqdır.

“Artıq bu istiqamətdə bəzi ümidverici məsələlər də meydana çıxıb”

Bu sözləri Yenicag.az saytına açıqlamasında millət vəkili Sahib Alıyev aparılan kampaniyanın gördüyü işlər barəsində məlumat verərkən bildirdi: “Ermənilərin girov saxladığı soydaşlarımızla bağlı etiraz aksiyamız davam edir. Bu aksiyaya yeni-yeni vətəndaşlar qoşulur və ümid edirik ki, prosesə qoşulanların sayı daha da çoxalacaq və proses bir qədər də intensivləşəcək.  Eyni zamanda Dağlıq Qarabağdakı qondarma rejimin hüquqi statusunu tanımadan hüquqi yolla girovluqdakı soydaşlarımızın necə azad ola biləcəyi variantları üzərində düşünürük. Bununla bağlı  bir çox hüquqşünaslarla da məsləhətləşmələrimiz olub. Bu istiqamətdə bəzi ümidverici məsələlər də meydana çıxıb. Sadəcə, tam şəkildə reallaşdırılmadığından onu açıqlamağa ehtiyac duymuram”.

Ermənilərin helikopter hadisəsindən sonra Avropada çıxardıqları oyunlara gəldikdə isə, millət vəkili onu dedi ki, beynəlxalq normalara, Çikaqo konvensiyasına görə, bir dövlətin uçan vasitəsi digər bir dövlətin izni olmadan onun hava məkanını poza bilməz. Pozduğu halda o ya endirilir, ya da məhv edilir: “Bu birmənalı şəkildə belədir və Azərbaycan həmin prinsiplərə uyğun şəkildə fəaliyyət göstərib. Ermənilərin həmin helikopterdə guya silah olmayıb kimi fikirlərinə gəldikdə, onlar bu məsələni bilərəkdən irəli sürürlər. Hamı bilir ki, Miq-24 hərbi helokopterdir və burada silah da olub. Ən savadsız adam bilir ki, burada söhbət nədən gedir. Amma bu məsələyə cavab vermək lazım deyil. Bu istiqamətdə verdiyimiz cavablar onların cələcəkdə, Xankəndinə təyyarə reysi açmaları üçün zəmin yaradır. Azərbaycan cəmiyyəti olaraq reaksiyamız budur ki,  ölkəmizin hava sərhədini iznimiz olmadan pozan istənilən təyyarə və ya vertolyot endirilməli, ya da vurulmalıdır. Onun hansı təyinatlı olmasından asılı olmayaraq. Ağdamda vurulan helikopter isə hərbi  təyinatlı idi və düz olaraq vurulub. Burada artıq başqa söhbət ola bilməz”.

Rüfət/Yenicag.az