Gömrük Komitəsindən ölkədəki SABİTLİYƏ TƏHDİD: “Sahibkarlardan əlavə dövlət rüsumu alınması…”

“Bəzi hallarda sahibkarlar məcburi borca girir və borcu ödəyə bilməyəndə daha acınacaqlı vəziyyət yaranır”.

Yenicag.az xəbər verir ki, bunu Gömrük Komitəsinin mövcud “iş metodu”nun ölkə sahibkarlığına vurduğu zərbənin doğurduğu riskləri dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.

Qubad İbadoğlunun sözlərinə görə, sahibkarların vergi və gömrük rüsumları ilə getdikcə daha çox yüklənməsi müşahidə olunur. Bu gedişat arzuolunmaz nəticələrə və sahibkarlıq fəaliyyətinin sıradan çıxmasına səbəb olur:

“Gömrük Komitəsinin sahibkarlardan əlavə dövlət rüsumu alması onu göstərir ki, bu qurum bacardığı qədər sahibkarları sıxmağa çalışır. Yəni sahibkarın qazanmaq deyil, qazanmaq imkanından əldə etdiyi gəliri də büdcəyə yönləndirməyə can atır.

Hətta bəzi hallarda sahibkarlar məcburi borca girir və borcu ödəyə bilməyəndə daha acınacaqlı vəziyyət yaranır. Azərbaycanda sahibkarlar sinfinin sıradan çıxarılması ölkədə sabitliyin pozulmasına təkan verən əsas amil ola bilər.

Ölkədəki mövcud vəziyyət artıq orta təbəqənin qalmadığını göstərir. Halbuki orta təbəqə cəmiyyətin yoxsullarla varlılar arasındakı münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rola malikdir. Təəssüf ki, hazırda orta təbəqəyə aid olan vətəndaşların çoxu aztəminatlı ailələr təbəqəsinə qoşulub.

Çünki vətəndaşın pul qazanmaq imkanları bağlanıb. Əgər proses bu şəkildə davam edərsə, ölkədə sahibkarların üsyan etməsi gözləniləndir. Sahibkarlar öz etirazlarını artıq dövlət orqanlarının qarşısında bildirirlər”.

Gülşən Şərif