İdxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sisteminin tətbiq edəcək icraçı orqanlar müəyyənləşdirilib.
Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamda öz əksini tapıb.
İcraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər və Maliyyə Nazirlikləri müəyyənləşdirilib
Tədbirlər Planına əsasən, bu dövlət orqanlarına mallar gömrük sərhəddindən keçirilənədək qısa idxal bəyannamələrinin yalnız elektron formada təqdim edilməsi sisteminə keçid və bununla bağlı məsuliyyət tədbirlərini müəyyən etmək tapşırılıb. Bununla bağlı Gömrük Məcəlləsində, Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək.
Sənədə görə idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sistemi bu ilin dekabrın 1-nə qədər tətbiq olunmalıdır.
Tədbirlər Planında gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi də nəzərdə tutulub. Bununla bağlı icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər, Maliyyə, İqtisadiyyat Nazirlikləri və aidiyyatı qurumlar müəyyənləşdirilib. İcraçı dövlət qurumlarına gömrük prosedurları üçün tələb olunan sənədlərin sayının azaltmaq, idxal-ixrac əməliyyatları zamanı beynəlxalq sertifikatların tanınması işinin təşkil etmək, gömrük rəsmiləşdirilməsi zamanı “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında aidiyyəti məlumatların elektron formada mübadiləsini təmin etmək tapşırılıb. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər, “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları ilə Dövlət Gömrük Komitəsi arasında razılaşdırma sənədinin imzalanması nəzərdə tutulur. Gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində “Bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər bu ilin sentyabrın 1-dək yekunlaşmalıdır.