“Dünyada baş verən böhran və manatın devalvasiyaya uğraması çətinliklər yaradıb”.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, ötən il gömrük orqanları üçün çətin olsa da, müəyyən nailiyyətlər əldə olunub:
“Ötən il proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib. Bundan başqa 2015-ci ildə vergi tutma bazası 60 milyon manatdan artıq olub ki, bu da azalma deməkdir. Ötən il bəzi nəqliyyat vasitələri və yüklər vergidən azad olunub, bu səbəbdən də vergi tutma azalıb”.
Komitə sədri əlavə edib ki, fevralın 1-dən etibarən Azərbaycanın iki əsas dəmir yolu xəttində ölkəyə giriş və çıxışda xüsusi avadanlıqlar işə salınacaq. Bu avadanlıqlar qatarların hərəkəti dayanmadan vaqonlardakı yükləri yoxlayacaq:
“Artıq həmin avadanlıqlar quraşdırılıb və fevralın 1-dən istifadəyə veriləcək. Biz bu ildən gömrük siyasətində dəyişiklik etdik. Yanvarın 1-dən “free trade” – “azad ticarət” siyasətinə keçdik. Bu addım daxili istehsalçıları qorumaq üçün atılıb”.
Gömrük siyasəti ilə bağlı bəzi qanunvericilik aktlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət edildiyini deyən Aydın Əliyev bildrib ki, bunlardan birincisi bəzi gömrük rüsumlarının dəyişdirilməsi ilə bağlıdır:
`Daxili istehsalı stimullaşdırmaq və yerli istehsalçıları qorumaq məqsədi ilə gömrük rüsumlarının artırılması nəzərdə tutulub`.