Gömrükdə ÖZBAŞINALIQ: Vətəndaşın şəxsi telefonunu əlindən aldılar – ŞİKAYƏT

“Mənə bildirirlər ki, bir aydan az istifadə olunan əşya şəxsi əşya hesab edilə bilməz”.

Yenicag.az xəbər verir ki, bunu Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlaırnın qanunsuz əməli ilə qarşılaşan Vüsal Mərdanov bildirib.

Şikayətçi qeyd edib ki, şəxsi telefonu gömrük əməkdaşları tərəfindən qeyri-qanuni şəkildə əlindən alınaraq anbara qoyulub:

“27 aprel 2022-ci il tarixdə Dubaydan Bakıya gələrkən 04 aprel 2022-ci il tarixdə aktivləşdirilərək istifadəmdə olan, 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasında rüsumunu ödəyərək qeydiyyatdan keçirdiyim “Iphone 13 Pro Max” markalı, 350019043447362 imei kodlu telefonu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz olaraq əlimdən aldılar və bu barədə qanunsuz akt tərtib edərək şəxsi telefonumu anbara qoydular. Bildirdilər ki, bu qanunsuz hərəkət barədə göstərişi general (əslində polkovnik olan, ancaq özünə general deyə müraciət etdirən) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqov verib.

Baş vermiş qanunsuz hərəkətlə bağlı dəfələrlə müraciət etsəm də, mənə bildirirlər ki, bir aydan az istifadə olunan əşya şəxsi əşya hesab edilə bilməz.

Gömrük əməkdaşlarının bu beyin düşüncəsinin necə formalaşdığını deyə bilmərəm. Ancaq insanların şəxsi istifadəsində olan əşyalardan gömrük rüsumu tutula bilməz.

Belə ki, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarının 1.3.7. və 1.5. bəndlərinə əsasən, şəxsi istifadədə olan əşyalara gömrük rüsumunun alınması qadağan oldunduğu halda, gömrük əməkdaşları Mehman Sadıqovun göstərişi ilə Heydər Əliyev adına Hava Limanında insanları talamaqla məşğuldurlar”.

Qeyd edək ki, Vüsal Mərdanov məsələ ilə bağlı ölkə rəhbərliyi və müvafiq qurumlara müraciət edib.