“Google Play”də 24 təhlükəli proqram aşkarlandı

Bu yaxınlarda “ESET” şirkətinin mütəxəssisləri mobil virusların 99%-nin hədəfinin “Android” qurğular olması haqqında məlumat vermişdi. Yeni hesabata görə, “Google Play”də yüklənmə sayı milyonu ötən 24 təhlükəli proqram aşkar edilib.

Yenicag.az “ictnews”a istinadla xəbər verir ki, mobil proqramların siyahısı müxtəlifdir: oyunlar, brauzerlər, təqvimlər, fayl menecerləri, hava proqnozları, antiviruslar, VPN xidmətlər və başqa utilitlər var. Bütün bu proqramlar 6 müxtəlif tərtibatçı tərəfindən hazırlanıb, amma araşdırma nəticəsində məlum olub ki, sonuncular Çinin “Shenzhen HAWK” şirkəti ilə əlaqəlidir.

Bütün bu proqramların onların fəaliyyəti ilə bağlı olmayan çoxlu sayda icazə tələb etməsi təhlükəsizlik mütəxəssislərini narahat edib. Məsələn, həmin proqramlardan 6-sı telefona giriş istəyir ki, bu da onlara istifadəçidən xəbərsiz avtomatik zəng etməyə, hətta mesaj göndərməyə imkan verir. 15 proqram istifadəçinin olduğu yeri müəyyənləşdirmək üçün GPS-ə giriş tələb edir.

“Google” artıq bu vəziyyətə reaksiya verib və proqramların əksəriyyəti qaydaların pozulmasına görə “Google Play”dən silinib. Ancaq həmin proqramlar kənar resurslar vasitəsilə də yayıla bilər.