“Google”dan ŞOK ETİRAF – İstifadəçilərin səs yazıları dinlənilir

Google şirkəti Google Assistant istifadəçilərinin xəbəri olmadan onların səs yazılarını izləməsi mövzusunda avropalı jurnalistlərin ittihamlarına reaksiya verib.

Yenicag.az xəbər verir ki, şirkət istifadəçilərin danışıqlarının yazıldığını etiraf edib və həmin səsyazmaların internetə sızdırılma səbəblərini açıqlayıb.

Belçikanın VRT News adlı mediaşirkəti istifadəçilərin Google Assistant ilə ünsiyyət zamanı yazılmış mindən çox səsyazmalarını təqdim edib.

Bununla belə həmin danışıqlardan böyük bir hissəsi “Ok, Google” əmrinin verilməməsi halında da yazılıb. Bu səbəbdən Google şirkəti öz müştərilərini izləməsi üzrə ittiham olunub. Bu ittihamlarla bağlı şirkət rəsmisi bildirib: “Bu, nitq texnologiyalarının yaradılmasının vacib kritik hissəsidir və o, Google Assistant kimi məhsulların yaradılması üçün lazımdır”.

Şirkət təmsilçisi həmçinin qeyd edib ki, bəzən cihaz səhvən ətrafdakı səsləri əmr kimi qəbul edərək aktivləşə bilir: “Buna görə də Google-a istifadəçinin deməyə planlaşdırmadığı səs yazıları gəlir. Həmin səs yazılarının aid olduğu şəxsin kimliyinin sirr olaraq qalması üçün bütün tədbirlər görülür və cihazın “Ok, Google” əmri olmadan səhvən kənar səslər vasitəsilə aktivləşməsinin qarşısını almaq üçün xüsusi mexanizm üzərində çalışılır. Səsyazmaların yalnız 0.2%-ni dinlənilir”.

Qeyd edək ki, onlara səsyazmaların fonunda olan danışıqların və kənar səslərin deşifrələməsi qadağan olunub.