Goranboyda Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi”nin qalibi olmuş “Vətənpərvər məktəblilər” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib.
Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə təşkil edilən bağlanış mərasimində Azərbaycanın Dövlət Himninin səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihə rəhbəri Bəhruz Hümbətov hesabat xarakterli çıxış edərək, layihə ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. Vətən müharibəsi iştirakçısı, qazi Ruslan Əmrahov həm keçdiyi döyüş yolundan, həm də dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqətdən ətraflı söhbət açıb, layihənin əhəmiyyətini vurğulayıb. Vətən müharibəsi iştirakçısı Xəyal Abbasov Şuşa şəhərinin azad olunması zamanı həyata keçirilmiş əməliyyatlardan danışıb, bu cür layihələrin vətənpərvərlik ruhunun aşılanması nöqteyi nəzərindən vacibliyini vurğulayıb.
Daha sonra Goranboy Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Elçin Yusibov və Goranboy rayonunun Nadirkənd kənd tam orta məktəbin direktoru Əminə Qasımova layihənin olduqca böyük əhəmiyyətə malik olduğunu, müxtəlif məktəblərdə keçirilmiş görüş və təlimlərin maraqlı keçdiyini, şagirdlərin həmyaşıdları ilə yeni dostluq əlaqələrinin formalaşdığını, onlar üçün yaddaşlarda unudulmaz izlər buraxdığını qeyd ediblər. Muzdurlar kənd şəhidi, mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan geniş söz açıb, belə layihələrin davamlı olaraq keçirilməsinin zəruri olduğunu bildirib.
Daha sonra layihə içtirakçısı olan şəhid övladları və digər məktəblilər müxtəlif şeirlər söyləyib, eyni zamanda layihənin onlara qazandırdığı bilik və bacarıqlar, dostluq əlaqələri haqqında fikirlərini bölüşüblər.
Layihənin bağlanış mərasimi iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, 120 nəfərdən çox məktəblini əhatə etmiş “Vətənpərvər məktəblilər” layihəsinin əsas məqsədi şagirdlərin vətənpərvər ruhda böyüməsi, şəhid ailələrinin övladları ilə digər məktəblilər arasında dostluq və kommunikasiyanın yaradılması, onların cəmiyyətə insteqrasiyasına köməklik göstərilməsindən ibarət olub. 4 təlimdən ibarət layihənin hər təlimində digər məktəblilərlə yanaşı, qazilər və şəhid ailələrindən olan məktəblilər də iştirak edib.