Görkəmli alimlə görüş keçirildi

14491552186171362692_1000x669Dekabrın 3-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə biologiya elmləri doktoru, “Şöhrət” ordenli tanınmış zooloq-ekoloq alim, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki Qara Mustafayevlə görüş keçirilib.

Məktəbin direktoru Əlislam Abasquliyev çıxış edərək uşaqlara AzTV-nin ekranlarından maraqla qulaq asdıqları “Təbiəti sevənlər” proqramının əvəzsiz aparıcısını, xalqımızın əsrarəngiz təbiətinin yorulmaz təbliğatçısını Qara Mustafayevi təqdim edib.

Bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri kimi fəaliyyət göstərən yorulmaz alimin onlarla yetirməsi ölkəmizin ali və orta məktəblərində biologiya elmini tədris edir. O, çoxlu sayda alimlər yetişdirib. Qara müəllimin yüzlərlə elmi monoqrafiyası, 500-dən çox elmi və populyar əsəri, dərslik, metodik və elmi kitabları 15-dən çox ölkədə müxtəlif dillərdə nəşr edilib. Alim ana təbiətin gözəlliklərinə həsr olunmuş 5 sənədli filmin ssenari müəllifidir.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşi Fərman Abdullayev, Sabunçu rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov, BDU-nun dosenti, biologiya üzrə fəlsəfə doktoru Anar Məmmədov, orta məktəbin biologiya müəllimi Zülfiyyə Mehdiyeva və başqaları Qara Mustafayevin elmimizə verdiyi töhfələrdən söhbət açıblar.

Tədbirdə gənc təbiətçilər şair-publisist və təbiətşünas alim Anar Məmmədovun müəllimi Qara Mustafayevə və təbiət gözəlliklərinə həsr etdiyi şeirlərdən ibarət ədəbi-bədii kompozisiya təqdim ediblər.

Məktəbin direktoru Qara müəllimin məktəbin fəxri üzvü seçildiyini bildirib və bu münasibətilə ona fəxri diplom təqdim edib.

Sonda Q.Mustafayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, şagirdlərə dərslərinə hazır olmağı və təbiəti sevməyi tövsiyə edib. Şagirdlər alimlə xatirə şəkli çəkdiriblər.