Görkəmli ziyalıdan TƏKLİF: “Milli Məclis Ağdama köçürülsün”

“Bütün Bulvar boyu (Zığdan Şıxova qədər) tramvay xətti (4-5 vaqonlu) çəkilsəydi, Bakının nəqliyyat problemi xeyli həll olunardı”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov paytaxtdakı tıxac probleminin aradan qaldırılması yolları ilə bağlı “Facebook”da qeyd edib.

Sabit Bağırov bir sıra dövlət müəssisələrinin bölgələrə köçürülməsinin də tıxac problemini həll edəcəyini vurğulayıb və bununla bağlı təklif səsləndirib:

“Səhər və axşam avtomobil tıxacları azalardı. Bakı tramvayı şəhərin yeni yaraşığı olardı. Təsəvvür edək, səhər və axşam işə, universitetə gedib-qayıdanda insanlar dənizə baxa-baxa rahatlıq tapardılar. Turizmin inkişafına da töhvə olardı.

Tıxacların azalması yollarından biri də Zığ-Bayıl körpüsünün inşası olardı. Bu da həm nəqliyyat problemini həll etməyə, həm də şəhərin turizm üçün cazibəliyinin artmasına xidmət edərdi. 1992-ci ilin sonunda bu layihə ideyası ARDNŞ-də (SOCAR-da yəni) müzakirə edildi və hər tərəfli təhlillər əsasında belə qənaətə gəlindi ki, ARDNŞ bu işi özü bacarar (dənizdə platformaların inşası təcrübəsi, Dərin Özüllər zavodunun mövcudluğu). Təəssüf ki, sonralar layihə hökumətin diqqətindən kənarda qaldı.

Tıxacların azalması yollarından daha birisi, Milli Məclisin Gəncəyə və ya Ağdama köçürülməsi olardı. Bəzi nazirliklərin digər şəhərlərdə yerləşməsi də çıxış yollarından biridir. Məsələn, Kənd təsərrüfatı Nazirliyinin Göyçaya, və s.”