“Görünür, Xələf Xələfovun bacarığına xüsusi ehtiyac yaranıb” – Gözlənilməz təyinata REAKSİYA

“Onun nazir müavini işlədiyi dövrdə kurasiya etdiyi məsələlər son vaxtlarda xüsusilə aktuallaşıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 2018-ci ilin dekabrında xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərək, Nazirlər Kabineti Aparatının rəhbəri təyin olunan Xələf Xələfovun prezident sərəncamı ilə yenidən əvvəlki postuna qaytarılmasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycana aid xarici siyasət üzrə bəzi istiqamətlərdə yaranmış vəziyyət Xələf Xələfovun təkrar öz vəzifəsinə qaytarılmasını şərtləndirib:
“Mən hesab edirəm ki, bu təyinat mövcud zərurətdən irəli gəlib. Görünür, Xələf Xələfovun bacarığına xüsusi ehtiyac yaranıb. Bildiyiniz kimi, Xələfov nazir müavini işlədiyi dövrdə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi və sərhədlərin delimitasiyası məsələlərini kurasiya edib. Konkret desək, Xələfəv təcrübəli diplomat olaraq, həmin məsələlərdə Azərbaycanın mövqeyini yüksək səviyyədə təmsil və təmin edib.

Onun nazir müavini işlədiyi dövrdə kurasiya etdiyi məsələlər isə son vaxtlarda xüsusilə aktuallaşıb. Bu sırada Xəzərin hüquqi statusu məsələsinin yeni mərhələyə keçməsi və əlbəttə ki, Gürcüstanla sərhədlərin müəyyənləşdirilməsinin yenidən aktuallaşmasıdır. Ona görə də, belə bir şəraitdə Xələfəv çapında diplomatın təkrar öz vəzifəsinə qaytarılması təbii qarşılanmalıdır. Ölkənin siyasi rəhbərliyi qeyd olunan məsələlərdə onun təcrübəsini nəzərə alaraq, belə bir qərar qəbul edib və bu, əsaslı addım kimi qiymətləndirilməlidir”.

A.Zeynalov