!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gövhər Həsənzadə: "Arxasınca dünyanın o başına gedərəm..."

!Reklam – Yazi

Onu kim tanımır ki? Adını çəkmək kifayətdir ki, “istedadlı bəstəkar, gözəl ana, misilsiz insandır”, desinlər. Bütün bunlar – Gövhər Həsənzadənin obrazıdır. Bu gün yenə üz-üzə oturmuşuq. Bu onunla neçənci müsahibəmdir, bilmirəm. Bir onu bilirəm ki, hər söhbətdən sonra mən bu xanımı yenidən kəşf edirəm.

– Mən bu yaşa çatdım, bir şeyə əmin oldum: qadın xanım doğulmalıdır. Xanımlıq ana bətnindən ötürülür, onu sonradan qazanmaq mümkün deyil. Mənim nəzərimdə, Gövhər Həsənzadə də anadan xanım doğulanlardandır. Sizin kimi bir xanımın buqələmun sənət mühitində baş çıxartması möcüzədir…

– Mənim “Sorma”, “Zülmətlərin övladıyam” mahnılarım elə-belə yaranmayıb. Əvvəl elə bilirdim ki, səhv etmişəm, özümə düzgün sənət seçməmişəm. Atamdan tutmuş qohum-əqrəbama kimi hamı rəsmi işlərdə çalışırdılar, olduqca ziyalı, alim adamlardır. Və mənim musiqini seçməyim sakit göy üzündəki qəfil ildırıma bənzədi. O vaxt atam rəhmətlik də mənə qarşı çıxdı, amma istedadımı bilirdi deyə, təkid etmədi. Sonradan sənətdə olduğum illərdə zərbə alanda, efirlərdə nəsə bir əyər-əskiklik olanda utanırdım, deyirdim ki, ailəmə layiq bir yol seçməmişəm. İllər sonra dərk etdim ki, sən demə, Allah məni sevirmiş. Onun necə xoşbəxt bəndəsi imişəm ki, mənə bu boyda imtahan verdi. O, mənə dedi ki, sənə bu qədər istedad vermişəm, sənin ətrafında olanların cılız imkanları tükənəcək, amma sənin melodiyan bitməyəcək. İnanın, beynimdə orkestr dayanmır, bu dəqiqə nəsə bir sifariş olsun, sabaha saxlamıram, o gün yazıram. Vallah bu, mənim beynimin məhsulu deyil, çünki o qədər də ağıllı deyiləm. Deməli, Allah bunu ona görə bu boyda verib ki, mən təvazökar olum, qudurmayım. Məni o cür xanım ailənin içərisindən çıxardıb, bu çirkabın, bu haqsızlığın, bu özbaşınalığın içinə ona görə atdı ki, görsün mən öz xanımlığımı qoruyacam, yoxsa çevrilib onlara oxşayacam? Bu qədər yıxılmalardan sonra əgər mən yenə qalxıramsa, demək, məni qaldıran qaldırır.

– Səni istəməyənlər səndən nə istədilər?

– Mən tək deyiləm ki… Qürurlu, mənəviyyatlı, bütün qadınlar, hansı ki əziyyətə qatlanır, hansı ki öz əziyyətini şüar edib, dilənmirsə, onların hamısı mən gündədir. Əgər qadın qüruruna sığınıb, çətinliyi barədə heç kimə bir söz demirsə, mərd-mərdanə həyatla mücadilə edirsə bunu, Zakirə xanım, bəziləri həzm edə bilmirlər. Bəzən madiyyat baxımından məndən qat-qat çox imkanlı olan qadınlar mənə qənim kəsiliblər. Mən hələ də bunun səbəbini başa düşmürəm. Əgər Allah o ruzini sənə veribsə, sən heç olmasa o maddiyyatla da olsa ətrafdakıların sevgini qazana bilmirsənsə sən demək, bədbəxt və lənətlənmiş insansan. Çünki sənin ruzin belə ola-ola sevinə bilmirsən.

– Yəni kiminsə bədbəxtçiliyində Gövhər məgər günahkardır?

– Çox vaxt bilirsiz nəylə qarşılaşmışam? Hətta elə qadın olub ki, məni televizorda göstərəndə deyib ki, bu insanın varlığı məni yaşamağa qoymur. Guya kimisə qıcıqlandırıram. Bəziləri deyir ki, Gövhər çox özündən razıdır. Bəziləri deyir ki, Gövhər çox sərtdir, özünü göydən aparır. Axı mən hansısa səlahiyyət sahibi deyiləm ki, bundan nümayişkaranə istifadə edib, kimlərisə əzim. Heç kim deyə bilməz ki, Gövhər indiyə qədər efirdən kiminsə adını çəkib, kiminsə bostanına daş atıb, qalmaqala qoşulub. Heç kəs deyə bilməz ki, Gövhərdən nəsə istədik, sözümüzü yerə saldı. Heç bir müğənni deyə bilməz ki, Gövhərin mahnısını oxumadığıma görə məni konsert proqramından sildi. Halbuki, hər kəs də bilir ki, buna mənim imkanlarım da olub, şəraitim də…

– Bəlkə o imici bilə-bilə yaradırdılar ki, istedadlı gənclər sənə yaxın durmasınlar.

– Çox şükür ki, sizin məni tanımaq imkanınız olub. Və tanıyanlar da bunu gözəl bilirlər ki, Gövhərin heç kimlə qərəzli münasibəti olmayıb. İndiyədək heç bir müğənniyə zəng edib demədim ki, gəl mənim mahnımı oxu. Mən o üzün sahibi deyiləm ey… Olsaydım, indi bilirsiz haralardaydım? Mən utancaqlığımla bu yaşımda, bu qədər nailiyyətlərin qabağında, hədsiz sevgi və hörmətin qarşısında mənim bu gün də üzüm yoxdur ki, hansısa müğənniyə deyim ki, məndə bu mahnı var, onu oxu. Fikirləşirəm ki, birdən göstərərəm bəyənməz, pərt olaram. Axı mahnılarım mənim övladımdır, ruhumdur. Birdən onlar təhqir olunar… Ya da xoşuna gəlməsə də mənim xətrimə oxuyacaq, sonra da ömür boyu özümü didəcəm ki, bəlkə heç istəmirdi, mənə görə oxudu. Əgər kim istəyirsə, gəlib məni seçir, istəməsələr, yaddan çıxıb bir küncdə qalacam.

– Səninlə sonuncu dəfə 4 il bundan əvvəl söhbət etmişdik. Bu 4 ildə istər mədəniyyətdə, istər musiqi, istərsə də şou-biznes sahəsində çox şey dəyişdi.

– Bu, belə də olmalıydı. Əslində, mən bu müddəti 10 ilə düşünürdüm, bu durğunluq 4 ilə baş verdi. Mən ailəmdə belə övladıma sözü bir dəfə deyirəm. O an eşitmədisə, mütləq başına nəsə gələcək. Hərlənib-fırlanıb mən deyən olacaq. O vaxt car çəkəndə məni eşitmədilər. İndi hər kəs zəng vurur, efirlərdə səslənən bayağı mahnılarla bağlı soruşurlar. Bəs onda nə deyirdim? Deyirdim, bəstəkar mahnılarına üstünlük verin, bayağı mahnıları televiziyaya gətirməyin. Bu da nəticəsi…

Bu gün heç kim deyə bilməz ki, Gövhər filan layihəyə görə filan qədər alıb, cibinə qoydu. Hanı? Yoxdur axı. Danışanda da dedilər ki, sən axmaqsan, adam da pulsuz iş görər? Ona görə də mən kənara çəkildim. Dedim, buyurun, siz də studiya açın, mahnı yazdırın.

Zərif çiyinlərin ağır yükü

– Bugünkü şou-biznesi sözlə təsvir et.

– Olmayan sahəni necə təsvir edim? Bu gün nə şou var, nə də biznes… Çünki hay-küy özünü doğrultmadı. Özünü mənimlə müqayisə edənlər heç olmasa baxıb görsünlər ki, Gövhər kimdir, hansı məktəbi keçib. Mən 80-ci illərdə Asəf Zeynallıda təhsil alanda ən cavan müəlliməmin 65 yaşı vardı. Konservatoriyada Cövdət Hacıyev kimi musiqi nəhənginin sinfində oxumuşam. 1993-cü ildə Respublika Sarayına quruluşçu rejissor təyin olunanda mənim 24 yaşım vardı. Onda Tofiq Quliyev, Emin Sabitoğlu kimi bəstəkarların yanında mən özümə “bəstəkaram” deyə bilməzdim, ayıb idi. Bəstəkar onlar idi, nolsun ki, mən Konservatoriyanı qurtarmışdım. Onların əsərlərindən ibarət konsertlər təşkil edirdim. İllər sonra məni Şəhriyar adına Mədəniyyət Sarayına inzibatçı direktor qoydular. 10 il orda çalışandan sonra mənim mahnım Evroviziona gedib çıxa bildi. Amma kimsə bu gün gəlib deyirsə ki, mən Gövhərin gördüyü işləri bacararam, ondan hardan gəldiyini, hansı məktəbi keçdiyini soruşan olmayacaqmı?

– Sənə elə gəlmirmi ki, bu gün yaxşı yaşamaq istəyi Azərbaycan musiqi sənətini də əsl bazara çevirib? Yəni bu bazarın da qoçusu, kişmiş yeyən keçisi və “Kəblə Hüseynqulu dovğası” satan alverçisi var….

– Əla bənzətmədir. Çox xahiş edirəm, heç kim mənim danışdıqlarımı siyasiləşdirməsin. Amma bazardan bazara fərq var. Bazarın da qanunları var. Və başa düşmək lazımdır ki, bazarda qoçudan çox hambala ehtiyac var, aldığın ərzağı daşısın deyə… Buna görə də hambalın xətrinə dəymək olmaz. Və onun bircə abbasının arxasına keçib, qənimət sayan məşədilər bilməlidir ki, hambalın haqqı gec-tez onun burnundan gələcək. Çünki hambalın haqqını yemək olmaz. Bazarın bir qanunu var: orda ancaq keyfiyyətli mal satılmalıdır. Ay içəridə bahalı mal olsun, qapı ağzında olanlar isə ucuz və saxta… Heç elə şey yoxdur. Şou-biznesin bugünkü tərifini deyimmi sizə? İçəridə saxta və süni malların satıldığı bir bazar; budur, onun əsl siması.

– Məsələ ondadır ki, bu “bazara” gələnlər də öz simasını çox tez dəyişir, “bazar” qanunlarının əsirinə çevrilirlər…

– Bu, faciədir. Əgər sən ziyalısansa, kimdənsə sui-istifadə etmirsənsə, sənə “axmaq” deyirlər. Mənim üzümə deyirlər ki, sənin ağlın yoxdur, niyə filan işi təmənnasız elədin, sənin yerinə olsaydım ondan 10 qat artıq pul alardım. Amma inanın, mən peşman deyiləm. Bugünkü şou-biznes də bazarın başqa modelidir. Burda da az olacaq, amma keyfiyyətli musiqi olacaq. Çünki bu bazarın məhsulunu mənim övladım, mənim xalqım ekrandan izləyir. Heç kimin bu xalqa saxta, keyfiyyətsiz “məhsul” təqdim etməyə haqqı yoxdur.

– Bu gün uşaqları da təəccübləndirmək çətindir. Onlar bizə oxşamırlar.

– Bilirsiz niyə? Çünki o dəyərlər qalmayıb. Amma sizə deyim ki, vallah, tərbiyədən asılıdır. Mən bu gün Nilgünü bir yerə apara bilmirəm. Deyir ki, mən ora gedəcəm, özümü narahat hiss edəcəm. Ev hər yerdən yaxşıdır. Sən ən yaxşısı, həmin yeməyi sifariş ver, evə gətirsinlər. Xaricdə gedirik, amma Bakıda ancaq evdə oturmaq istəyir.

– Qəribəsi bilirsən nədir? Gövhər özü hələ bu həyatın qovğasından, mücadiləsindən baş açmadan bir də gördü ki, boyu bərabəri qızı var. Və üç-dörd ildən sonra artıq Nilgün üçün qapın döyüləcək.

– Çox istərdim ki, yaşaya bilmədiyim bütün hissləri Nilgün yaşasın. Allah məndən nəyi kəsibsə, qoy ona qismət etsin. Onu çox demokratik böyüdürəm. Hətta bəzən mənimlə mübahisə də edir. Buna normal baxıram. O, məndən on dəfə artıq patriotdur. İmkan vermir bir tarixi filmə baxım. Kinonun ən şirin yerində gəlib başlayır: “sən bilmirsən, bax, bu imperator filankəs olub, türklərə qarşı belə davranıb, filankəs də belə edib… Deyirəm, ay qızım, mənə burda tarix dərsi keçmə, qoy kinomuza baxaq. Deyir, sən bilsən ki, onlar türkün başına nə oyunlar açıblar, baxmazsan. O
anda böyük qürur duyuram. Hətta elə vaxt olub ki, efirdə nəsə danışmışam, evə gələndə deyib ki, sən niyə təslim olursan, mama? Bacarırsan elə, bacarmırsansa kimisə tənqid etməklə nə əldə edirsən? Deyir, kiməsə sənətdə əl tutmaq sənin borcundur, çünki Azərbaycan vətəndaşısan və bəstəkarsan.

– Sənə daha tənqidçi lazım deyil ki…

– Bəli… Uşaqlıqda yadınızda deyil, sizə açıb, bütün evin sirrini danışmışdı? Eyni uşaqdı, heç nə dəyişməyib. Çünki o evdə yalan, riyakarlıq görməyib. İnsan nə qədər Vətənini sevər? Bir də görürsən, gecənin bir aləmi gəlir ki, mama, indi filan idmançımız çıxış edəcək. Deyirəm, ay qızım, sən məgər o idman növü haqqında nəsə bilirsən ki? Deyir nolsun ki, bilmirəm, “zato” yarış başlayanda mən yumruqlarımı düyünləyib, qələbə üçün dua edəcəm.

– Sən oğul böyütmüsən. Xəbərin var?

– Təqsir özümdədir. Çünki çox istəyirdim ki, qızım Azərbaycan mentalitetinə uyğun böyüsün. İstəyirəm, o, gəlin köçəndə də belində qırmızı lent, üzündə duvaq olsun. Amma düşünürəm ki, Allah mənim üzümə baxıb ki, qızım olub. Çünki kişi böyütmək çox çətindir. Ürəkli oğul tərbiyə etmək hər ananın hünəri deyil.

– Onda bu məqamda səndən mütləq soruşmalıyam: tutaq ki, sənin arzuladığın o Kişi, xəyallarının Şahzadəsi gəldi və sənə dedi ki, gedək.

– (gülür) Gəlsin və desin. Əgər ona əminəmsə, güvənərəmsə, niyə də olmasın? Onunla dünyanın o başına da gedərəm. Mən bu həyatda bir atama güvənmişəm. Onun varlığı ilə mən çox rahat idim. Atam dünyasını dəyişəndən sonra çox düşündüm. Fikirləşdim ki, yəqin Allah istəyir ki, mən böyüyüm, bir qadın kimi, bir müstəqil insan kimi şəxsi həyatımı düşünüm. Düzdür, atamdan sonra böyük stress yaşadım. Və hələ də özümə gəlməmişəm. Sanki bir tərəfim yoxdur. Çünki yaram çox təzədir.

– Belə bir deyim var: uşaqlar valideynlərini itirəndən sonra böyüyürlər….

– Atam rəhmətə gedəndən sonra ölümdən sonrakı həyat barədə çox oxudum. Və öyrəndim ki, ölüm ancaq başlanğıcdır. Heç nə bitmir, hər şey davam edir. İndi fikirləşirəm ki, yaxşı ki, mən o barədə oxudum. Yoxsa düşünsəydim ki, hər şey elə ölümlə də bitir, mən dəli olardım. Və belə qərara gəldim ki, bu həyatda bir insan kimi bizə kömək edə bilməyən doğmalarımız, o dünyada Allahın yanında olub, öz ruhları ilə bizə daha çox yardım edə bilərlər. Bunu dərk edəndən sonra çox sakitləşdim.

5 aydır ki, mən də böyümüşəm. Elə bilirəm, körpə yaşımda aparıb məni internata qoyublar, özü də deyiblər ki, aşağı siniflərdə yer yoxdur, sən birbaşa həddi-buluğa çatmışlarla bir sinifdə oxuyacaqsan. Mən vaxtsız böyüdüm. Kaş ki, atamın ölümünə bir az hazır olsaydım; qəfil ölüm insanı çox sarsıdır. Amma anlayıram ki, güclü olmalıyam. Xanımlar xanımı olan anama və Nilgünə görə… İnanın, ölümdən qəti qorxmuram. Amma ölməyə haqqım yoxdur. Mən yaşamağa məhkumam. Çünki hələ həyata keçirtməli olduğum çox missiyam var.

– Sənin hekayəni az qala əzbərdən bilirəm: uğurların, nailiyyətlərin … və yaxın insanın xəyanəti… Haqqını halal etdinmi?

– (gözləri yol çəkir) Həyatda düşmənim belə olmağa layiq görmədiyim insanlarla rastlaşdım. Heç kim deməsin ki, cənnət kimi bir həyat yaşayır. Çünki bu həyatda hərənin bir cəhənnəmi var. Allah hamının o biri dünyasını versin. Çünki ən böyük cəzanı verən də Odur, mən kiməm ki…

 

Zakirə Zakirqızı

Yeniçağ.az

www.yenicag.az

3341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv