!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göyçay çayı üzərindəki körpüdə qəzalı vəziyyət - 30 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi

!Reklam – Yazi

İyunun 1-də axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Göyçay şəhəri, eləcə də Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələrinə, meyvə bağlarına zərər yetirib.

Sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ziyan vurub. Bu gün saat 13:00 radələrində selin təsiri nəticəsində çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü yararsız hala düşüb. Hazırda sel axını davam edir və avtomobil körpüsü çökmək təhlükəsi ilə üzləşib. Artıq körpünün altındakı beton plitələri və mühafizə bəndini sel yuyaraq aparıb. Körpünün üstündəki asfalt qatında iri çatlar əmələ gəlib. Sel suları körpünü silkələyir və insanlar öz avtomobili ilə körpünün üstündən keçməyə qorxur.

Polis əməkdaşları hadisə yerindədir və insanları ehtiyatlı davranmağı və körpünün üstündə qalmamağı məsləhət görür.

Son məlumata görə, körpünün dəmir-beton dayaqları da güclü selin təsiri nəticəsində çökmək üzrədir. Onun yanındakı piyada körpüsünü isə sel aparıb. Günorta saatlarında nəqliyyatın hərəkəti dayandırılandan bəri hələ də yol açılmayıb. Göyçay şəhərinin bir hissəsində yaşayan insanların və rayonun 30-dan çox kəndinin əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Minlərlə avtomobil yolda qalıb.

Selin təsiri nəticəsində çayın üzərindən keçən təbii qaz, elektrik, rabitə və içməli su xətləri qırılıb. Kəndlərə qaz verilişi dayanıb. Hazırda FHN-nin, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerindədir.

Körpünün hər an dağılmaq təhlükəsi artdığı üçün 7 saatdır ki, körpüdən nəqliyyatın keçidi tam dayandırılıb, bu səbəbdən böyük tıxac yaranıb. Təhlükə artdığı üçün bu dəqiqələrdə körpüdən insanların piyada keçidinə də qadağa qoyulub. Hər iki tərəfdə polis mühafizəsi gücləndirilib. İnsanların körpüyə yaxınlaşmaması üçün tədbirlər görülür.

Sel fəlakəti səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolundan istifadə edən sürücülər hazırda alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.

www.yenicag.az

2059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv