Göyçay sakinlərindən ŞİKAYƏT: Məktəb yararsız vəziyyətdədir – RİH başçısı və direktora qarşı İTTİHAM / FOTOLAR

Göyçay şəhər 6 nömrəli tam orta məktəb qəzalı vəziyyətdədir.

Bu barədə Yenicag.az-a Göyçay şəhər sakinləri məlumat verib.

Onların sözlərinə görə, məktəbin direktoru Yeganə Mehdiyeva Göyçay Rayon İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən İkram Vəliyevlə əlbir olub təhsil ocağını biznes sahəsinə çevirərək öz bildiyini edir:

“Direktor davamlı pul yığır. Süpürgə pulundan tutmuş, stol-stul təmiri, sinfə lampa və digər əşyaların alınması üçün şagirdlərdən tez-tez pul yığılır. Dərs saatları, fənn kabinetləri, attestat belə pulla satılır”.

Şikayətçilər əlavə ediblər ki, həm məktəb, həm də rəhbərlik yararsız vəziyyətdədir. Onlar bildirirlər ki, direktor əldə etdiyi pulların bir qismini İkram Vəliyevə verir, qalan hissəsilə də oğlu üçün villa tikdirir.

“Göyçay şəhər 6 nömrəli tam orta məktəbdə təhsil adına böyük bir rəzalət yaşanır”, – deyə şikayətçilər qeyd ediblər.

Şikayətçilərin Yenicag.az-a təqdim etdiyi fotolardan da məktəbin durumu aydın görünür.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Məsimə

COP29