!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Göyçə Zəngəzur Respublikası” və aşınan cəmiyyət haqqında bir neçə söz - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Deyir, qulaq gündə bir şey eşitməsə, kar olar.

Azərbaycan da elə bir ölkədir ki, gündə bir absurd hadisə baş vermək məcburiyyətindədir. Alın yazımızdır…

“Göyçə-Zəngəzur Respublikası” yaradılıbmış.

Sosial şəbəkəyə baxırsan, hamı lağ edir, gülür, məsxərəyə qoyur. Bir qrup insan da var ki, deyir, niyə lağ edirlər? Gözəl ideyadır.

Ay insan, ay vətəndaş, yaradılış ideya ola bilməz! Yaradılış ideyanın həyata keçirilməsi deməkdir. İdeya var idi? Yox! İnfrastruktur qurulmuşdu? Yox! Öncə fikir yaranır, sonra o fikir ideyaya çevrilir. Fikir belə yox idi. Yəni sənin yaratdığını kim, niyə ciddiyə alsın? Ermənini boş ver, sənin öz cəmiyyətin bunu məsxərəyə qoyursa, nədən və niyə danışırsan?

Ümumiyyətlə, Azərbaycan ən gözəl ideyaların, ən gözəl fikirlərin qəbiristanlığıdır. İdeya imiş…

Hələ deyənlər var ki, ermənilər də “Dağlıq Qarabağ Respublikası” yaradıblar, biz niyə yaratmayaq? Tarixdən xəbərləri yoxdur, bu başqa məsələ. Heç olmasa, gördüklərini dərk et, ay insan!

Ermənilər “Dağlıq Qarabağ”ı 1988-ci ildə yaratmayıblar. Heç işğal etdikdən sonra da yaratmayıblar. Ermənilər uzun illərdir bu ideya uğrunda çalışıblar. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə 26 noyabr 1924-cü ildə çap olunub. Bu hələ işin rəsmi tərəfidir, düşünün, bunun infrastrukturu nə vaxt qurulub. Bizim cəmiyyət ideologiyasız, Allah ümidinə, gününü yola verərək yaşayır. Hansı ideologiyadan danışmaq olar? Ancaq bəyənmədiyimiz ermənilərin uzun illərdir “Böyük Ermənistan” ideologiyası var. Dənizdən-dənizə dövlət arzuları var. Düzdür, bu da absurddur, ancaq buna inanırlar. Hindlilərin böyük hissəsi də inəyə tapır. Nə edək? Uşaqlarının beynini bununla yuyurlar. Bir ideologiya arxasında birləşirlər və onun üçün çalışırlar. Hər şeyə əl atırlar. Pullar xərcələyirlər, deputatlar alırlar, kanallara, qəzetlərə çıxırlar. Biz nə edirik? Ermənilərin güclü diasporu var. Bəziləri xaricdə oturub heç bir dəfə də gəlmədiyi ölkəsi üçün çalışır. Milyarder olur, milyonunu üzünü görmədiyi, bəlkə, heç görməyəcəyi dövləti üçün iş görür. Bizimkilər nə edir? Ver yeyim, ört yatım…

Erməni jurnalist, politoloq xaricə gedir, yaşadığı ölkənin həyatına ayaq uydurmağa çalışır. Bizimkilər? Nə isə…

30 ilə yaxın müharibə şəraitində yaşadıq. Sülh olmadığı üçün hələ də yaşayırıq desəm, yalan olmaz. Nə bir dünyaya təsir edəcək media qurumumuz var, nə Türkiyədən başqa sözümüzü deyəcəyimiz bir yer. 30 il müharibə şəraitində yaşayan ölkənin barmaqla sayılacaq qədər hərbi reportyoru var. Ancaq erməni tərəfinin təkcə mənim tanıdığım (şəxsən yox, görün buradan da bir şey çıxara bilərsinizmi) adlarını çəkə biləcəyim bizimkilərdən çox hərbi reportyoru, bloqeri var. Bunun günahkarı kimdir? Hər halda, mən deyiləm. İki tərəf də 44 günlük müharibə zamanı xarici jurnalistlər üçün qapısını açmışdı. Erməni tərəfi xaricdən gələnləri dağ başına qaldırmadı, özününkünü aşağılayıb, onları üstün tutmadı, ancaq Azərbaycan cəmiyyəti də, bəzi məmurlar da, türklər demiş, “gömdü”, bir o qaldı, xaricdən gələnlərə heykəl qoysunlar.

Siyasətçiləri götürək. Guya fərli bir iş görüb, çıxışlar edə bilirdilər? Onsuz da tək bacardıqları danışmaqdır. Fikir yox, ideya yox, əsaslandırma yox. Sonra da çıxıb deyirlər ki, bizə lağ edirlər.

Lağ erməni etmir ha, özününkülər edir. Özününkü bunu edirsə, gör erməni xəbəri tutsa, nələr edər.

Ölkədə bu qədər problem var. Regionda son dərəcə ciddi və təhlükəli oyun gedir. “Göyçə-Zəngəzur Respublikası” yaradırlar. Hələ Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Xankəndinin deputatı Tural Gəncəliyev “Twitter” hesabında yazıb ki, “Yaşasın “Göyçə-Zəngəzur Respublikası”. Kağız üzərində yaradılmış nəsnənin nəyi yaşasın? Ermənilərin Qarabağdakı qondarma dövləti ilə “Göyçə-Zəngəzur Respublikası”nın fərqi bilirsiniz nədir? Onların ideyası otaqda, nə bilim, mağarada, kilsədə yaranıb, sonra sahəyə keçiriblər bunu. Ancaq Tural Gəncəliyevin “yaşasın” dediyi respublika ofisdə, biznes mərkəzdə yaranıb. Anlada bildim? Bir ara Tural Gəncəliyev Xankəndidə ofis axtarışında idi. Soruşmaq ayıb olmasın, o ofisdən nə xəbər?

Bilirəm, əminəm ki, ölkə gündəmi ilə oynayırlar. Əcəb edirlər. Haqq edirik. Bu cəmiyyət hər gün geri gedir. Hər gün daha çirkinləşir. O gün hərbi ekspert Tərlan Eyvazovla dərdləşirdim. Şəhidin yas yerində yığılan pulun oğurlanmasına bərk əsəbləşmişdi. Deyir, müstəqillik ərəfəsində mitinqlər vaxtı xalqa çağırış edildi ki, ruslar bəhanə axtarır, ona görə də Bakıda oğurluq etməyin, bəhanə verməyin. Təsəvvür edirsiniz, hətta Elçibəyin otağına Bakıdakı “qanuni oğru”lar məktub yollayıblar ki, narahat olmayın, Bakıda oğurluq olmayacaq və olmayıb da. Görün haradan hara gəlmişik. Bunları danışandan sonra ərklə tapşırdı ki, bu məsələni geniş araşdırma elə. Artıq başlamışam…

Haradan hara gəlmişik.

Ölmüşük, basdıranımız yox…

Səxavət Məmməd

www.yenicag.az

941
Ads
www.veteninfo.com
!Reklam – Arxiv