Gözəllik salonları və bərbərxanalar hansı rejimdə işləməlidir? – Eyyub Hüseynovdan TÖVSİYƏ

“Müştərilərin ustalarla yaxın təmasına qadağa qoyulmalı və salona daxil olan hər bir şəxsə təmənnasız şəkildə maska verilməlidir”.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virusun yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədə xüsusi karantin rejimi tətbiq olunub.

Bu fonda bir çox obyektlərin fəaliyyəti tamamilə və ya qismən dayandırılsa da, bəzi xidmət sahələrində fəaliyyət əvvəlki qaydada davam etdirilir. Xüsusilə də, bərbərxana və gözəllik salonlarının fəaliyyətində hər hansı məhdudiyyət müşahidə olunmur.

Azad İstehlakçılar İctimai Birliyinin (AİB) sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında bu mövzuya toxunub. Onun sözlərinə görə, mövcud rejimdə bərbərxanalar və gözəllik salonlarının fəaliyyəti narahatlıq doğurmaya bilməz:

“Koronavirus pandemiyası ilə bağlı görülən tədbirlər fonunda gözəllik salonlarının fəaliyyəti tamamilə dayandırılmasa da, xüsusi rejimlərin tətbiq edilməsi zəruridir.

Müştərilərin ustalarla yaxın təmasına qadağa qoyulmalı və salona daxil olan hər bir şəxsə təmənnasız şəkildə maska verilməlidir.

Eyni zamanda, ustalar istifadə edəcəkləri yeni maskanı müştərinin gözü qarşısında taxmalıdır. Analoji hal stomatoloqlar üçün də keçərlidir. Dezinfeksiya işləri müntəzəm aparılmalı və salondakı hər kəsin hərarəti ölçülməlidir”.

Gülşən Şərif