Gözlənilən Putin-Tramp DANIŞIĞI – “Ukrayna ərazisinin bölüşdürülməsi…”

“Bu telefon danışığı Ukraynanın taleyini müəyyən edəcək. Prezidentlər Tramp və Putin arasında elə bir qarşılıqlı anlayış mövcuddur ki, bu, indiyə qədər iki supergüc liderləri arasında heç vaxt olmayıb”.

Bunu Yenicag.az-la söhbətində britaniyalı politoloq Neil Uotson deyib.

Analitik bu gün gözlənilən Tramp-Putin telefon danışığı ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə. prezident Trampın vasitəçi kimi uğur qazanmaq istəyi realdır:

“Putin isə gözlədiyindən daha uzun sürən bir müharibənin içindədir, daxili nüfuzu sarsılıb, lakin o, artıq münaqişəni həm özünün, həm də Rusiya xalqının gözündə əsaslandıracaq yarımqələbə ərəfəsindədir. Prezident Tramp həmçinin hər hansı atəşkəsin və ya münaqişənin həllinin birbaşa ABŞ-nin maraqlarına xidmət etməsini istəyir. Bütün göstəricilərə görə, sözügedən prezidentlərarası dialoq geniş və əhatəli olacaq. Buraya atəşkəsə NATO-ya daxil olmayan qüvvələrin nəzarət etməsi təklifi də daxildir, çünki Putin bunu geriçəkilmə kimi qəbul edərdi”.

“Bundan əlavə, söhbətdə Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojya AES-in gələcəyi müzakirə olunacaq. Bu stansiya dizayn baxımından Çernobıl ilə eyni quruluşa malikdir. Həmçinin Qərbi Kurskun taleyi və Ukrayna ərazisinin bölüşdürülməsi məsələləri də masaya yatırılacaq. Bu müzakirə Ukrayna və ABŞ nümayəndələrinin Səudiyyə Ərəbistanındakı danışıqlarından sonra kompromisə əsaslanan bir həll yolunun ən mühüm mərhələlərindən biri olacaq. Bu razılaşma tərəfləri qane etməklə yanaşı, ABŞ-yə birbaşa və dolayı yolla fayda verəcək və eyni zamanda, Avropa İttifaqını prosesdən kənarda saxlayacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov