Hansısa bir şəxsdə Herpes Simplex virusu (göz uçuğu) varsa, bu xəstəlik soyuq aylarda aktivləşir.
Bunu “Report”a həkim-oftalmoloq Elşən İbrahimov deyib.
Onun sözlərinə görə, soyuq hava sağlam gözə zərər vermir: “Ümumiyyətlə, soyuq havada çox qalmadığımızdan gözləri xüsusi qorumağa ehtiyac yoxdur. Kompüter və telefon gözlərin yorulmasına gətirib çıxarır. Hətta kompüter və telefondan çox istifadə edilməsi uşaq və gənclərdə bəzi pozulmalar yarada bilər. Ona görə də gözləri çox yormaq doğru deyil. Uzun müddət kompüterdə oyun oynamaq, hansısa bir məqalə oxumaq gözdə yorğunluq yaradır. Bu da baş ağrısı, gözdə sulanma kimi şikayətlərə yol açır”.
Həkim-oftalmoloq bildirib ki, bu cür problemlər yaşanmaması üçün 30-40 dəqiqədən bir kompüterin qarşısından durmaq, gözlərə istirahət vermək lazmdır: “Artıq məktəbdə də dərslər kompüter üzərindən izah olunur. Kompüterlər həyatımızın ayrılmaz hissəsidir. Ondan istifadə etməmək mümkün deyil. Ona görə də istifadə müddətinə əməl olunmalıdır. Müəyyən aralıqlarla kompüterin qarşısından ayrılmaq və pəncərə qarşısında uzaq məsafələrə baxmaq lazımdır. Gözlərin görmə keyfiyyətini artırmaq üçün A vitamini qəbul etmək lazımdır. Gözlər üçün faydalı olan Omeqa-3 balıqda, yumurtanın sarısında var”.
E.İbrahimov həmçinin vurğulayıb ki, linzalardan istifadə edərkən mütləq gigiyenik qaydalara əməl etmək lazımdır.
Yeniçağ.Az