“Greenville Residence” təmir adı ilə müştərilərini aldadır – Yaşayış kompleksindən ŞİKAYƏT

ARAL GROUP layihəsi olan “Greenville Residence” yaşayış kompleksi təmir adı ilə müştərilərini aldadır. “Greenville Residence”in Binəqədi rayonu Həmdəm Ağayev küçəsində yerləşən kompleksdə çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur. Mənzil sahiblərindən biri olan Elvin Rzayev sosial şəbəkələrdə ARAL GROUP-un bərbad təmirindən gileylənib. O, “Greenville Residence” yaşayış kompleksində ev sahibi olmaq istəyənlərə səslənərək, aldadılmamaları üçün ayıq-sayıq olmağı məsləhət görüb.

“Keyfiyyətsiz təmirə 45 min manat ödəyib”

Şikayətçinin iddiasına görə şirkət keyfiyyətsiz tikinti materiallarından istifadə etməklə daşınmaz əmlakını istismara yararsız hala gətirib. Özünə isə külli miqdarda ziyan vurub. Belə ki, sözügedən mənzilin tikintisi zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzildə  su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb. Bundan əlavə döşəmənin təmiri zamanı ucuz parket və kafellərdən, eləcə də keyfiyyətsiz divar üzlüklərindən istifadə olunub ki, bu da otaqlarda nəmişlik və rütibət yaradıb. Otaqların divarlarının əyriliyindən  isə danışmağa dəyməz. Elvin Rzayev təmir qarşılığında şirkətə 45 min manat ödəyini, keyfiyyətsiz təmirə görə pulunu geri ala bilmədiyini qeyd edib. Şikayətçiniin sosial şəbəkələrdəki etirazını əks etdirən görüntülərdən sonra isə şirkət ona mənzilinin yenidən təmir olunacağı vədini versə də, 2 aya yaxındır ki, məsələ həll olunmamış qalır.

Məlumatlara görə binadakı mənzillərin hamısında eyni mənzərə canlanır. 

Narazı sakinlərə söz verildi

Məsələ ilə bağlı ARAL GROUP-la əlaqə yaratdıq. Şirkətdən Bizim.Media-ya bildirilib ki, təmirdən narazı sakinlərlə görüşülüb və problemlərinin yoluna qoyulacağı bildirilib:

“Sakinlər çağırıldı və müdiriyyətlə görüşdülər. O məsələ şirkət daxilində həll olundu. Orada olan problemlər düzəlməyəcək şeylər deyil. Təmirdə olan əyir-əskiklər şirkət hesabına yenidən bərpa olunacaq”, -deyə şirkətdən qeyd olunub.

Qeyri-rəsmi yığılan 800 manat…

Məlumat üçün bildirək ki, ARAL GROUP layihəsi olan “Greenville Residence” yaşayış kompleksinin müştəriləri aldatması ilə bağlı mətbuatda tənqidi materiallar dərc olunub. İddialardan biri odur ki,  “Greenville Residence”də mənzil alan şəxslərin evinin təmiri üçün tədarük etdiyi materialların nə daxili liftlə, nə də pilləkənlərlə daşınmasına  icazə verilir. Məzilini təmir etdirmək istəyən şəxslər mütləq “Greenville Residence” ofisinə 800 AZN ödədikdən sonra mənzil sahibinə binanın çöl hissəsindəki quraşdırılmış qaldırıcılar vasitəsi ilə mterialların qaldırılmasına, eləcə də evin təmirinə başlamasına icazə verilir. Tək binada bir blok üzrə 50 mənzil hesabı ilə götürsək, hər mənzilə görə 800 manat ödəniş etdikdə bu, bir mənzilin nəğd alışı deməkdir (Söhbət 40.000 manat məbləğdən gedir). Bu yığılan vəsaitin isə hara xərclənməsi şübhəsiz ki rəsmi sənədlərdə qeyd edilmir.

COP29