“2001-ci ildə Avropa Şurasına üzv qəbul olduğumuz zaman jurnalistlər mənə sual verdilər: “Ermənistan da qəbul olunur, siz nə gözləyirsiniz?” Mən də birmənalı olaraq fikrimi bildirdim ki, Avropa Şurası Azərbaycan üçün boyunduruq və təzyiq sistemi təşkilatı, Ermənistan üçün isə müdafiə sistemi olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Millət vəkili Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə səslənən fikirlərin pədəarxası məqamlarına toxunub.
“O dövrdə bu fikrimi tənqid edənlər oldu, amma tarix göstərdi ki, mən haqlı idim. Avropa Şurasına üzv olan Avropa dövlətlərinin tarixinə baxdıqda, bu dövlətlərin çoxu müstəmləkəçi, işğalçı dövlətlərdir. Bir qismi isə faşizm ideyaları ilə yaşayan, idarə olunan dövlətlərdir. Bu dövlətlərin məqsədi nədir? Azərbaycanı öz istədikləri şəkildə, onların iradəsinə tabe etmək və diktələri ilə həm daxili, həm də xarici siyasətini qurmaq. Lakin Azərbaycan müstəqil və suveren dövlətdir, öz qanunları ilə idarə olunur və heç kimin müstəmləkəsi deyil”, – deyə o, söyləyib.
E. Məmmədovun fikrincə, digər tərəfdən, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etdiyi dövrdə Avropa Şurasına üzv olan bir çox aparıcı dövlətlər, o cümlədən Fransa Ermənistanı dəstəkləyib və ona hər cür kömək göstərib:
“Bu gün isə onlar Azərbaycanın qələbəsini həzm edə bilmir və ölkəmizi haqsız olaraq tənqid edirlər. Azərbaycan heç kimin torpağını işğal etməyib, öz ərazilərini işğaldan azad edib və ərazi bütövlüyünü bərpa edib. Buna görə də onların “qarnı ağrıyır”. Azərbaycan artıq güclü və nüfuzlu bir dövlətdir və bu, bəzi dövlətlərə narahatlıq verir. Lakin Azərbaycanının inkişafı və güclənməsi heç bir Avropa dövlətinə zərər vermir, əksinə, Avropa bu güclənmədən faydalana bilər”.
“Bu gün Avropanın bir çox dövləti Azərbaycanın enerji təhlükəsizliyi ilə məşğuldur. Avropa Şurası Parlament Assambleyasının fəaliyyəti isə sadə şəkildə başa düşülür: onlar Azərbaycanın qələbəsini və inkişafını qəbul etmirlər və Ermənistanı dəstəkləyirlər. Buna görə də Azərbaycan Prezidenti mövqeyini birmənalı olaraq bildirib ki, bizi bəyənməyən, bizim qələbəmizi həzm edə bilməyən, bizə qarşı qərəzli mövqe tutan bir qurumda və ya təşkilatda işimiz yoxdur”, – o, fikirlərini tamamlayıb.
Rafi Müslümov