Azərbaycanda da hiss olunan bu hadisə son illər ərzində ən uzun müddət davam edən güclü maqnit qasırğası olub
Bu ay Yer kürəsində, o cümlədən Azərbaycanda güclü və uzunmüddətli maqnit qasırğası qeydə alınıb.
Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov açıqlamasında deyib ki, maqnit qasırğası fevralın 2-də bütün gün ərzində və fevralın 3-də səhər saatlarına kimi davam edib. Onun sözlərinə görə, fevralın 3-də saat 14:30-dan sonra qasırğa zəifləyib və sönməyə başlayıb.
N. Cəlilov vurğulayıb ki, hazırda günəşdə tam sakitlikdir və proqnozlar təmizdir: “Təxminən 1 sutkaya kimi davam edən maqnit qasırğası kifayət qədər güclü və uzun müddətli olub. Qasırğa fevralın 2-də səhər saat 6-da başlayıb, günorta 12-də pik həddə çatıb, fevralın 3-də səhər saatlarına kimi davam edib. İndi Günəşdə tam sakitlikdir. Maqnit qasırğaları adətən qısa müddət, 3-4 saat davam edir. Amma bu dəfə 1 sutka davam edib. Bu maqnit qasırğası son illər ərzində ən uzun müddətli güclü maqnit qasırğası olub. Vaxtın uzunluğuna və davamlığına görə ən uzunmüddətli maqnit qasırğası hesab olunur”.
N.Cəlilov əlavə edib ki, maqnit qasırğaları adətən günəşdə baş verən partlayışlar nəticəsində yaranır. Onun sözlərinə görə, amma budəfəki maqnit qasırğası tac dəlikdən axan güclü plazma axını nəticəsində olub: “Maqnit qasırğaları tək partlayışlar yox, həm də tam dəliklərindən güclü plazma axını olan zamanda olur. Bu da həmin hadisə ilə bağlı idi. Adətən ən çox aktivlik günəşin qütblərində olur, amma aktivliyin pik həddinə yaxın bu cür dəliklər diskin ortalarında da olur. Belə olan tac dəlikdən axan güclü plazma axını yaranır, nəticədə maqnit qasırğalarına səbəb olur. Son qeydə alınan hadisə də o tipli idi”.
Şöbə müdiri qeyd edib ki, insanlar maqnit qasırğasını çox uzunmüddətli olanda hiss edirlər. Onun fikrincə, fevralın 2-3-də qeydə alınan maqnit qasırğası 1 sutka ərzində davam etdiyi üçün insanlara təsir edib. Belə ki, bütün gün ərzində insanlar baş ağrıları, ürək bulanmaları, ürək-damar sistemində problemlər hiss ediblər(apa).