Güclü yağış evləri su altında qoydu – Fotolar

Lənkəranda payızın ilk yağışında artıq fəsadlar özünü göstərməyə başladı.

Yenicag.az xəbər verir ki, şəhərin mərkəzi küçələrində yığılıb qalan, həyətlərə dolan yağış suları sakinlər üçün çətinliklər yaradır.

Qədir Əliyev – Şəhər sakini: “Gecədən yağır. Yağdığı budu da. Sabah və növbəti gün buralar su olacaq. Artıq zirzəmi su ilə dolub. Çiy kərpicdir. Biraz keçdi söküləcək. Çatlaq-çatlaqdır. Söküləcək, qaldıq çöldə”.

Bu cür vəziyyətin yaranmasına əsas səbəb kimi su axar kanalların və kanalizasiya xətlərinin düzgün işləməməsidir.

Fərəcullah Rəhimov – Şəhər sakini: “Kanallardan su axmır. Körpülər bağlıdı. Körpüləri təmizləmək lazımdı. Fövqəladə hallardan bir-iki dəfə gəlib baxıb görüb kanallar daşır. Mümkün olmur. Deyir, suyu hara buraxım.”

İlkin Rzayev – Şəhər sakini: “Dəfələrlə müraciət etmişik. Baxmırlar. Bir dəfə gəlib qreyderi salırlar, o da hamarlayıb çıxır gedir. Kanalizasiya sistemi yoxdur. Kanalizasiya sistemi olsa biz belə əziyyət çəkmərik.”

Payızın ilk yağışında bu cür çətinliklər gözləməyən insanlar həyətlərində, küçələrdə, iş yerləri və hətta məktəblərin qarşısında yığılan sular səbəbindən çətinliklərlə üzləşirlər.

Mehman Rəhimov – Şəhər sakini: “Nə qədər yağış yağır, biz helə belə çəkirik, çəkmədə. Uşaqlar məktəbə gedəndə qucağıma tutub çıxardıram çölə. Yenidən zəng edirlər qucağıma tutub salıram içəri. Bu iş deyilki.”

Əfruz Hüseynova – Şəhər sakini: “Evin birinci mərtəbəsin su basıb. Mən bu gün işə gedə bilməmişəm. Uşaqlarda məktəbə gedə bilmirlər. Çəkmə ilə tuturuq belimizə aparırıq məktəbə. Nə vaxta qədər belə olacaq.”

Hidrometeroloqlar isə yağıntılı havanın sentyabrın sonuna kimi davam edəcəyini bildirirlər.

COP29