!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gül kimi təklifi rədd etdi: keçmiş prezident Ərdoğanla rəqabətdən qorxdu

!Reklam – Yazi

Türkiyədə aprelin 16-da keçirilmiş Konstitusiya referendumundan sonra ölkədə yeni siyasi düzənin formalaşacağına yönələn ehtimalların reallıq dərəcəsi tədricən aydınlaşır.

Yeniçağ.Az xəbər verir ki, Türkiyədə prezident üsul-idarəsinə keçidi nəzərdə tutan referendumda çıxan 51,41 faiz “Əvət” və 48,59 faiz “Xeyr” səsləri arasındakı cüzi fərq ölkədəki siyasi qüvvələr nisbətinin təqribi bərabərliyini ortaya qoydu.

Təbii ki, bu nəticə ilk növbədə 2002-ci ildən bu yana bütün seçkilərdə hakim AKP-yə “xokkey hesabı” ilə uduzan müxalifətdə ciddi canlanmaya səbəb olub. Hər halda, səsverməyə qatılan vətəndaşların az qala yarısının dəstəyini əldə edən “Xeyr” düşərgəsi və onun avanqardı olan Cümhuriyyət Xalq Partiyası (CHP) referendumdan həmən sonra yeni hazırlıqlara başladı. AKP və onun lideri üzərində qələbə şansının heç də fantastik olmadığını görən “Xeyr”çilər artıq indidən 2019-cu ilə nəzərdə tutulan prezident seçkilərinin planlarını cızmaq üçün hərəkətə keçdilər. Qeyd edək ki, hələ 16 apreldən əvvəl prezident Ərdoğanın Konstitusiya islahatlarını əngəlləyə biləcəyinə çox inanan “Xeyr” düşərgəsi, əslində, 2019-cu il planlarını o ərəfədə nəzərdən keçirtməkdə idi. Türkiyə müxalifəti bu dəyərləndirmələr çərçivəsində 2019-cu ildə Ərdoğanın qarşısına çıxaracaqları potensial namizədi böyük mənada müəyyənləşdirmişdilər. “Xeyr”çilər Ərdoğanı siyasi olimpdən endirə biləcək real namizəd qismində keçmiş prezident Abdullah Gülü görürdülər. Qeyd edək ki, Gülün özü də referendumdan əvvəl sərgilədiyi qeyri-müəyyən mövqe ilə “Xeyr” düşərgəsinin siyasi standartlarına uyğunluğunu göstərirdi.

Həqiqətən də, Gül aprelin 16-dan əvvəl verdiyi açıqlamalarda “Əvət” mövqeyində olduğunu nəinki bəyan etmədi, əksinə Konstitusiya dəyişikliyi ideyasını daha çox neqativ planda dəyərləndirməyə üstünlük verdi. Səsverməyə bir neçə gün qalmış Gülün yaxın çevrəsində olan dostları isə keçmiş prezidentin referendumda “Xeyr” səsi verəcəyini bəyan etdilər. Ondan başqa, Gülün oğlu Mehmet Emrenin də “Xeyr” səsi verməsi haqda yayılan xəbərlər sabiq dövlət başçısının ailəvi siyasi seçiminə də tam aydınlıq gətirdi.

Gülün prezident Ərdoğana meydan oxumaq kimi dəyərləndirilən qeyri-müəyyən davranışları 16 apreldən sonra da davam etdi. Sabiq prezidentin nümayişkar narazılığının zirvəsi isə onun Ərdoğanın AKP-yə qayıdışının rəsmiləşdiyi mərasimə qatılmaması oldu. Gülün bu hərəkəti AKP-nin tanınmış simalarının səbrini daşırdı və onlar bu saymazlığa görə izahat verilməsini tələb etdilər. O arada CHP-nin keçmiş lideri Dəniz Baykalın Gülü ölkənin 49 faizini birləşdirən “Xeyr” düşərgəsinin prezidentliyə vahid namizədi ola biləcəyini bəyan etməsi də Ərdoğanı dilə gətirdi. O, öz sələfi Gülün adının ona potensial rəqib qismində hallandırılmasına münasibət bildirərək (ad çəkmədən -red.) ,“AKP-dən ayrılan bir kimsənin uğur qazandığı görünmədi” ifadəsini işlətməkdən belə özünü saxlaya bilmədi. AKP-nin Güllə açdığı müharibənin açıq müstəviyə keçdiyi düşünülən anda keçmiş prezident yenidən səhnəyə çıxdı və “ı”ların nöqtələrini düzməyə başladı.

Dünən cümə namazından çıxan Gül nəhayət, uzun intizardan sonra adı ətrafında yaranmış müəmma dumanını seyrəltməyə çalışdı. Onun jurnalistlərə dünənki açıqlamasının əsas məqamı “Xeyr”çilərin prezidentliyə namizədi olmağı, ümumiyyətlə, praktik siyasətə qayıtmağı düşünmədiyini söyləməsidir. Gül həmin söhbətində Baykalın onun namizədliyi haqda dediklərini “ciddi qarşılamadığını” söyləyib. O, AKP-dən irəli sürülən ittihamlarla bağlı gileyini də büruzə verib.

Gülün son açıqlamasından alınan əsas qənaət bundan ibarətdir ki, keçmiş prezidentin özünəxas ehtiyatlı, hətta qorxaq tövrü nəinki dəyişməyb, hətta bir qədər də güclənib. Bu əsrdəki siyasi karyerası Ərdoğanın qanadı altında qurulan Gülün öz hamisinin qarşısına rəqib kimi çıxmaqdan çəkinməsini başa düşmək olar. Yəni Gül Ərdoğanla istənilən mümkün mübarizədə oyundan əvvəl məğlubiyyəti ilə barışmış ovqatdadır. Gülün bu xarakteri Türkiyə mediasında da yarızarafat, yarıciddi şərhlərə yol açıb: “Aslansan” desələr, vecinə olmaz… “Qaplansan” deyərlər, səsi çıxmaz… “Bu işi yalnız sən bacararsan” deyərlər, oralı olmaz…Yəni coşdurmağın yeri yoxdur”.

Keşmiş prezidentin bu açıqlamasından dərs çıxartmalı olan əsas cameə isə əlbəttə ki, “Xeyr” düşərgəsidir. Güldən əlini üzən antiƏrdoğan cəbhəsi onun qarşısına çıxartmağa yeni, güclü namizəd tapmalıdır. O namizəd kim ola bilər?
Bu, artıq tamam başqa mövzudur.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv