Bu gün Fətullahçı terror təşkilatının (FETÖ) 2016-cı il iyulun 15-də həyata keçirtməyə çalışdığı uğursuz çevriliş cəhdinin 1-ci ildönümüdür.
Yenicag.Az xəbər verir ki, FETÖ-nun çevriliş cəhdinin qarşısının alınması zamanı 249 nəfər şəhid olub, 2 min nəfərdən artıq insan isə yaralanıb.
2016-cı il iyulun 15-nə keçən gecə Türkiyədə cərəyan edən dramatik hadisələr qardaş ölkəni dünya gündəminin episentrinə gətirdi. Onilliklər ərzində dövlətin bütün vacib strukturlarına sızaraq möhkəmlənən gülənçilər Qərbdən, ilk növbədə ABŞ-dan aldıqları təlimat əsasında hərəkətə keçərək, Türkiyənin qanuni hakimiyyətini zorakılıq yolu ilə devirməyə təşəbbüs göstərdilər.
Çevriliş cəhdinin başlanğıcında “məsələnin həll olunduğu” görüntüsü yaratmağa çalışan FETÖ-çular TRT-nin binasını ələ keçirərək, “Yurdda sülh şurası” adlandırdıqları qondarma qurumun bəyanatını dünyaya yaymağa nail oldular.
Artıq Türkiyədə 1980-ci il 11 sentyabr hərbi dövlət çevrilişindən sonra növbəti dərbə faktının qeydə alındığı düşünülərkən, prezident Rəcəb Tayyib Ərdoğan qətiyyətlə millətin önünə çıxdı və paytaxtda olmamasına rəğmən, xalqı xəyanətkarlara qarşı səfərbər etməyə nail oldu.
Tarixin çoxsaylı sınaqlarından şərəflə çıxan Türk milləti FETÖ-nun çevriliş cəhdinin qarşısında sipərə çevrilərək, Türkiyəni yenidən qlobal güclərin marionetinə çevrilməkdən xilas etdi. Dövlətlə millətin bütövlüyü hegemonluq iddiasında olan beynəlxalq qüvvələrin xain planının həyata keçməsinə imkan vermədi.
Qardaş ölkədə bir il əvvəl yaşananlar Azərbaycanda da hədsiz narahatlıq doğurdu və hadisələrin inkişafı inanılmaz həyəcanla izləndi. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla dövlət rəsmiləri, millət vəkilləri, siyasətçilər, ictimai xadimlər FETÖ-nun çevriliş təşəbbüsünü birmənalı pisləyən mövqe ortaya qoymaqla, “Bir millət, iki dövlət” prinsipinin şüar olmadığını Türkiyəyə də, dünyaya da göstərdilər.
Çevriliş cəhdinin iflasından sonra FETÖ ilə bağlı aparılan təhqiqatın ortaya çıxartdığı faktlar bu terror şəbəkəsinin necə böyük miqyasda böyüyüb-təşkilatlandığı haqda əyani təsəvvür yaratdı. Şəbəkə ilə bağlı təhqiqat bu gün də davam etdirilir və Türkiyə cəmiyyəti az qala hər gün yeni detallarla tanış olur.
FETÖ-nun çevriliş təşəbbüsü həm də bu şəbəkəni bəsləyib irəli verən Qərb dövlətlərinin Türkiyəyə münasibətlərinin real lakmusu oldu. ABŞ-ın, konkret olaraq CİA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi), eyni zamanda, Avropa ölkələri xüsusi xidmət orqanlarının FETÖ-ya dəstəyini təsdiqləyən faktlar ortaya çıxarılsa da, Gülənin himayəçiləri bu sübutları hələ də görmürlər.
Lakin onların media və digər kanallarla FETÖ-ya dəstəklərini davam etdirmələri, Fətullah Güləni, şəbəkənin digər aparıcı fiqurlarını Türkiyəyə təhvil verməkdən imtina etmələri həmin ölkələrin gerçək niyyətlərini açıb göstərir.
Ancaq Türkiyə də Qərbin onu əvvəllər gördüyü və indi də görmək istədiyi “sözəbaxan ölkə” kateqoriyasından çoxdan çıxıb. Hər halda, CİA kimi təxribat maşını artıq Türkiyədə hazırladığı çevriliş ssenarisini həyata keçirə bilmirsə, bu fakt Türkiyənin nə dərəcədə gücləndiyini təsdiqləyir.
Ancaq Türkiyə yenə hədəfdədir və onun real müstəqilliyini qəbul etməyənlərlə təkbaşına mübarizə aparır. Türkiyə dövləti ilə millətinin bütövlyü davam etdikcə, qardaş ölkə bu mübarizədən hər zaman qalib çıxacaq.
A.Zeynalov
Yenicag.Az