Gülənin “16 aprel sonrası” planı: “Maliyyəni kəsin”

Terror şəbəkəsi FETÖ-nun maliyə toplantısı Fətullah Gülənin məskunlaşdığı ABŞ-ın Pensilvaniya ştatında ötən həftə baş tutub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Gülənin keçirtdiyi maliyyə toplantısında FETÖ-nun Amerika üzrə məsul şəxslərindən başqa İsmet Aksoy və Avropa banklarında adına 3 milyard dollar vəsait olan Ali Çelik də iştirak edib.

Qeyd olunur ki, FETÖ-çuların yaxşı tanıdıqları Ali Çelik terrorçubaşı Gülənin mənəvi oğlu Cevdet Türkyolu ilə qudadır.

Toplantıda Türkiyədə həbs olunan və ölkədən çıxarılan FETÖ-çulara, onların ailə üzvlərinə edilən maddi yardımlar müzakirə edilib. Məlumata görə, yardım göstərilən FETÖ-çulardan kirayədə yaşayanlara ayda 2 min, öz evi olanlara isə 1500 lirə pul verilir.

“Ümumi daxıl”dan yardım alan FETÖ üzvlərinin sayının təqribən 30 min olduğu və 15 iyuldan sonra onlara birlikdə 500 milyon lirə (117 milyon dollar) verildiyi bildirilir.

Maraqlıdır ki, toplantıda çıxış edən Gülən Konstitusiya referendumunun keçiriləcəyi 16 apreldən sonra FETÖ-çulara göstərilən maddi yardımların dayandırılmasını tapşırıb:

“Ali bəy, İsmet xoca… Türkiyəyə göndərilən bu məbləğləri artıq aprelin 16-dan sonra dayandırın. Açıq bir söz deməyin, sadəcə, bitdiyini söyləyin. Onlara Türkiyədəki yaxınları yardım edə bilər. Çünki Türkiyədən kənarda olanların pula ciddi ehtiyacı yaranacaq. Onsuz da soyğunçular bu pulların mühüm hissəsini mənimsəyirlər”.

Qeyd edək ki, maliyyə toplantılarına uzun illər Azərbaycandan da iş adamları qatılıb. Orada iştirak etmək üçün verilən illik “himmət” pulunun təqribən bir milyon dollar olması əsas şərt olub.

Yeniçağ.Az