Gülənin əleyhinə danışıb, qarşında Fazil Mustafanı görmək faciəsi…

Azərbaycan təhsilini təhqir edən deputat niyə Bakıda erməni liseylərinin açılmasını istəyir?

8785Əslində gözlənilən idi. Gülən simpatizanları və müridləri üçün gizlilik hər zaman önəmli olduğundan, liderlərinin tənqid olunması onlar üçün çox da faciə deyil. Yetər ki, öz adları hallandırılmasın… Yetər ki, “Hizmət” davam etsin…

Bu səbəbdən də üzərimə gəlinəcəyi, hər cür təhdid, şantaj, ölüm hədələrinin olacağını bilirdim. Çünki mən bunları 2006-2007-ci illərdə çox yaşamışdım…

O zaman gənclər sektorunun “hami”si Elnur Aslanov bu hücumların başında dayanırdı.

Ancaq biz hər zaman öz yolumuzla getdik…

2005-ci ildə, 2007-ci ildə, 2010-cu ildə nə yazdıqsa, bu gün də onu yazdıq Gülən Şəbəkəsi ilə bağlı…

Biz Gülən Şəbəkəsindən yazdıq, cavabı isə Fazil Mustafadan aldıq…

Öncəliklə, qeyd etmək istərdim ki, Fazil Mustafa və ona “hurrey” deyənlər neçə gündən bəri Gülən liseylərində oxuyanları üzərimə qaldırmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Halbuki bu gün Gülən liseylərini bitirənlərin əksəriyyətinin camaatla münasibətini bildiyim üçün əminliklə deyə bilərəm ki, o liseylərin məzunları arasında  Gülənin fikirlərini tabu qəbul edənlər ən yaxşı halda 8-10 faizdir. Bir o qədər də qatı Gülən düşmənləri var. Yerdə qalanları isə neytrallardır.  Nə isə…10617245_10203849162142228_707714397_n

Deməli, A Haber telekanalında yayımlanan “Deşifrə” proqramında Azərbaycanda son dönəm anti-ərdoğan fəaliyyətlərinə toxunarkən, Türkiyə Prezidentini tənqid edənlər arasında Fazil Mustafanın da adı çəkilib. Ki, son prosseslərə qədər zaman-zaman Ərdoğanı müdafiə belə edən deputat liseylər bağlanandan sonra Rəcəb Tayyib Ərdoğanı “10 min azərbaycanlı uşağın qatili” adlandırıb. Yalanmı? “Ərdoğan bildirir ki, 1945-ci ildə CHP-lilər azərbaycanlı mühacirləri SSRİ-yə verdilər və həmin adamları güllələdilər. Bu hadisədən hazırda öz siyasətində istifadə edir. Ərdoğan isə on min azərbaycanlını güllələdib. On min Azərbaycan intellektini, təhsil almaq istəyən on min azərbaycanlı uşağını güllələdib”. Fazil Qəzənfəroğlu bu müsahibəni öz rəsmi saytlnda yayınlayıb(http://fazilmustafa.az/siyaset/380-fazil-mustafa-erdogan-on-min-azerbaycanli-ushagi-gulleletdi.html_).

Və ya başqa ifadəsində deyir: “Bu, Azərbaycanın iradəsi ilə baş verən hadisə deyil. Azərbaycan tərəfinin marağına uyğun deyil ki, şəbəkə formasında, dövlətin maraqlarına xidmət edən, yüksək kadrlar hazırlayan məktəbləri bağlasın. Bu, Türkiyə baş nazirinin israrlı yanaşmasından sonra baş verdi… Bu, yanlış bir addım və tarixi bir səhvdir. Hesab edirəm ki, bu, Bakıda ikinci dəfə türk bayrağının endirilməsinə bənzər bir hadisədir. Bu bayrağı isə başqası yox, bayraq haqqında böyük nitqlər söyləyən Ərdoğanın özü endirib. Bu, olduqca təhlükəli bir olaydır və Azərbaycanda Türkiyənin yenidən dönərsatan imicinə qayıtması deməkdir… Bu, böyük bir tarixi cinayətdir. Hesab edirəm ki, Azərbaycan gəncliyinə bundan daha böyük bir zərbə vurula bilməzdi. Mən bu məsələdən qayıdış yolunu görmürəm. Azərbaycan hakimiyyəti bu məsələdə daha böyük iradə göstərməliydi, lakin belə bir iradə sərgiləyə bilmədi. Halbuki, Azərbaycan gəncliyinin sağlam böyüməsi üçün belə bir iradə ortaya qoymalı idi. Bundan sonra uşaqlar hansı məktəblərə gedəcəklər? Azərbaycanda məktəblərdəki vəziyyətdən xəbəriniz varmı? Milli-mənəvi dəyərlər üzərində yetişən bir məktəbi bağlayıb hamını bir məktəbə, bir qazanın içərisində daxil etməkdən nə çıxacaq, bunu biz özümüz də anlamış deyilik”.

Bu sözlərin tək izahı var: Azərbaycan hökumətinin müstəqil, stabil siyasəti yoxdur və onun mövqeyinə kənar amillər asanlıqla təsir göstərir. Azərbaycan Milli Məclisinin üzvünün bu fikrindən bizdə yaranan qənaət budur.

Halbuki məktəblərin bağlanması da, o şagirdlərin dövlət təhsil sisteminə uyğun şəkildə oxumasına şərait yaradılması da birbaşa cənab Prezidentin iradəsi ilə bağlı bir qərardır. Mən həmişə demişəm və sözümün üstündəyəm ki, liseylərin bağlanması da, açılması da yalnız cənab İlham Əliyevin qərarıdır. Bunu Ərdoğanın ayağına yazanlar bizim dövlətimizi aşağılamaq istəyənlərdir. Mən yenə deyirəm ki, Azərbaycanın bir Prezidenti var və qərarları o verir. Məktəblərin bağlanmasını deyil, həmişə sağlam əllərdə olmasını istədiyimiz üçün bu gün ona ümidimiz var. Qoy məktəblər açılsın və milli ruhda tədris olunsun.  Qoy camaatçı müəllimlərin yerinə milli ruhda yetişən müəllimlər gəlsinlər və şagirdləri hansısa “hocaəfəndi”nin deyil, dövləti keşiyində durmağa hazırlasınlar. Bu səbəbdən içimdə artıq buna bir ümid var və çox şadam ki, o məktəblər azərbaycanlı müəllimlərin ixtiyarına verildi.

Lakin “Today`s Zaman”ın baş redaktoru kimi Fazil Mustafa da Azərbaycanı Ərdoğanın sözünə müntəzir kimi qələmə verdi. Sanki Azərbaycan Türkiyənin vassalıdır və hər dediyini etmək məcburiyyəti var. Prezident olmaq istəyən bir millət vəkilinin bu sözləri söyləməsi o məktəblərin bağlanmasından daha böyük faciədir.

Bununla yetinməyərək, Gülən məktəblərinin bağlanmasını dəstəkləyənləri “şərəfsiz” adlandırmaqdan da çəkinmir. Və qeyd edir ki, “ Bunu ingilis də, ERMƏNİ də, gürcü də açsa, bu məktəblərdə Azərbaycan uşaqlarının yaxşı təhsili üçün şərait yaratsa, rüşvətsiz bir məktəb yaratsa, biz bunu yenə də dəstəkləyəcəyik”. Təbliğat məktəbdən, hətta baxçadan başlayır və Fazil Mustafa isə “təki rüşvət olmasın” bəhanəsi ilə Azərbaycanda ERMƏNİ məktəblərinin açılmasını dəstəkləyir.  Yəni, erməni o məktəbdə nə təbliğ edir, etsin, sadəcə “yaxşı təhsil” versin… Sən haranın millət vəkilisən, Fazil Mustafa? Azərbaycanın yoxsa Ermənistanın? Ermənin bilə bizdən yaxşı təhsil verəcəyini düşünmmək belə ölkəsini alçaltmaq deyilsə, nədir?

Və onu da qeyd edir ki,”mən bir azərbaycanlı olaraq bu məktəbin dağılmasını Azərbaycanın faciəsi kimi görürəm”. Səbəb kimi bu məktəblərin ölkəyə gətirdiyi medalları göstərir. O medalları kimi Gülənin dünyadakı məktəbləri arasında keçirilən olimpiadalarda qazanılıb, hansısa dünyaca məşhur bilik yarışlarında deyil…

Millətin vəkili olan bu şəxs unudur ki, heç bir dövlət orta təhsilini başqa millətlərin və dövlətlərin ixtiyarına vermir. Çağ Öyrətim bir istisna idi və sonucda o istisna da Türkiyə Prezidentlərinin referansı ilə baş tutmuşdu. Və onların bağlanması heç də faciə deyil.

Fazil Mustafa bildirir ki, “dövlət də gördü ki, o məktəblərə ehtiyac var və açdı”. Əslində, bu son günlər Fətullah Gülən tərəfdarlarının meydan oxuması ilə üst-üstə düşür. O məktəblər açılmadı, həmin məktəblərin şagirdləri Zərifə Əliyeva adına liseyə köçürüldülər və Azərbaycan dövlət təhsil sisteminə uyğun oxuyacaqlar. Bütün bunlar çox fərqli məsələlərdir. Xeyr, yenə Ənvər Özərən, Məsud Kurnazlar  Bakıda qalıb, bu liseylərdə söz sahibi olacaqlarsa, o zaman liseylərin sadəcə ad dəyişikliynə gedildiyi iddia oluna bilər.  Ümumiyyətlə, biz məktəblərin, universitetlərin açılmasının həmişə tərəfdarı olmuşuq. Sadəcə başqa qüvvələrin maşası ilə idarə olunan məktəblərə qarşıyıq. Nə üçün? Çünki dövləti gənc saxlayan onun yeniyetmə nəslidir. Biz bu gənclərin əldən getməməsini, xarici qüvvələrin oyuncağına çevrilməməsini istəyirik.

Həmişə o düşüncədə olmuşuq ki, bizim dövlət hər zaman öz vətəndaşına, öz gəncliyinə sahib çıxıb və bu gənclik də öz dövlətinə sahib çıxacaq.

Və siz Azərbaycan məktəblərinə həqarətlə yanaşaraq, Gülən məktəblərini göylərə qaldırırsınız. Halbuki unudursunuz ki, bəyənmədiyiniz dövlət məktəblərinin yetişdirdiyi dövlət xadimləri arasında Heydər və İlham Əliyevlər var. Bu məktəblərin  yetişdirdiyi kadrlardan biri sizin kölgəsində böyüyüb, sonra imtina etdiyiniz Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəydir. Lütfi-zadə, Yusif Məmmədəliyev, Nəsir İmanquliyev, Budaq Budaqov və minlərlə elm xadimlərimiz yetişərkən, orta məktəb məzunu Fətullah Gülənin Korucuk kəndində imza yerinə kağıza barmaq basırdılar.

Dünyanı və keçmiş SSRİ-ni idarə edən ən bacarıqlı şəxsiyyətlərdən olan Heydər Əliyevi məgər Gülən məktəbləri yetişdirmişdi?!

Bu dövlətin sahib çıxdığı gənclər hər zaman sədaqət timsalı olublar.

Yetər ki, gənclər də sadəcə dövlətinə bağlı olsunlar, daha başqa dövlətlərə və hocalara, peyğəmbər kimi millətə sırınanlara deyil.

Bir millət vəkilinə yaraşmayacaq üslubla Gülən məktəblərini müdafiə edərək, “xocaəfəndi”yə sədaqətlə bağlananlar kimi “Azərbaycanda bir məktəb belə açmayan şərəfsizlər heç olmasa nurçunun məktəb açdığını görüb utanmalıdır” o qərarı verən İRADƏni təhqir etdin.  Nəyin müqabilində?

Türkiyədə hansı qüvvələrin çapına yardım etdiyindən xəbərsiz olduğumuz bir müəllifin 2004-cü ildə buraxdığı kitabın 214-cü səhifəsində  “Seçkilərin ikinci mərhələsi də belə başa çatdı. Çox güman ki, Heydər Əliyevlə Ramiz Mehdiyev oturub siyahıları bir də gözdən keçirdilər. Sonra da “hamısı özümüzünkülərdir” deyibən rahatlandılar və yenə də bu millətə kimsəni halal səslə seçmək imkanı vermədiklərindən ləzzətlə danışdılar” (“Bu xalqdan o xalqa doğru” kitabı) yazıb, daha sonra özü seçildiyi zaman seçkinin ədalətli keçirilməsindən danışmaqdır…

***

Onu tənqid edənləri aşağılayan, fiziki keyfiyyətlərini ələ salan, insanlara  səhvləri belə olsa bunu normal üslubla deyil, 92-ci illərin üslubuyla qarşılıq verən Fazil Mustafanın nəzərində Şah babamız İsmayılın da Gülənin liseyləri qədər dəyəri yoxdur.

Şah İsmayıl düşmənçiliyi Azərbaycanda Gülən məktəbləri ilə gəldi. İlk dəfə Ənvər Özərənin müşaviri Nazim Əkbərov lisey şagirdləri üçün nəzərdə tutulan kitablarda Şah İsmayıl, Həsən Padşah əleyhinə yazılara yer verdi.

Azərbaycan İmperiyasının banisi  Şah İsmayıl kimi bir şəxsiyyəti həm çıxışlarında, məqalələrində hər zaman qaralayır. Əslində unutduğu bir məqam var. Gülən liseylərinə etiraz edənlər deyil, Şah İsmayılı bu xalqın gözündən salanlar vətən xainləridir. Azərbaycanı sevən Şah İsmayılı təhqir etməz.

Liseylərin bağlanmasını faciə sayan biri üçün başqa bir faciə qaynağı Şah İsmayıldır: “Bugünki Azərbaycan faciəsinin kökündə Şah İsmayıl durur. Azərbaycan zehniyyətinin pozulmasında, İslamdan uzaqlaşdırılmasında, dinin maddiləşməsində Xətainin çox böyük rolu olub”.

Şah İsmayıl kim olub?

Bu gün Azərbaycanın millət vəkili Fazil Mustafanın Şah İsmayıl ilə bağlı həmin fətullahçı ilə eyni mövqeni paylaşması faciədir, Gülənin missionerlərini Azərbaycandan göndərmək deyil.

***

Sizin tərifini yerə-göyə sığdıra bilmədiyiniz liseylərin məzunlarından Sabir Niftəliyev yazırdı: “Gələcəyin alimlərini yetişdirəcək qurumları zalımca bağladılar. Bir gün siz zalımlar ölüb gedəcəksiniz, amma bu ideologiya, bu məfkurə əbədiyyən yaşayacaq.  Bu gün bunları bitirdik deyə düşünürsünüz bəlkə də. Amma bilin ki, bir gün daha güclü şəkildə qarşınıza çıxacağıq… Qorxmayın, titrəyin!” Bu gənclərdənmi yetişməsə Azərbaycan təhsili batacaq? Bir lisey bağlandı deyə, dövlətə meydan oxuyanlarmı bizim gələcəyimiz?

Qafqaz Universitetinin tərifini yerə-göyə sığdırmayan deputat bu universiteti Azərbaycanda yeganə səviyyəli və rüşvətsiz adlandırır. Azərbaycan təhsilini yarıtmaz, aciz kimi qələmə verib, guya Fətullah Gülən məktəbləri bura gələnə qədər biz oxuyub-yazma bilmirdik imicini yaratmaq Fazil Mustafaya yaraşan hal deyil.

Deputat həmkarlarınızın bir çoxu universitet rektorlarıdır. Sizin məntiqinizlə çıxış etsək, Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Odlar Yurdu Universiteti və digər təhsil müəssisələrimiz səviyyəsizdir. Azərbaycanın ilk universiteti olan Bakı Dövlət Universitetinə həqarət olan cümlələrinizə görə, Abel Məhərrəmovla  və ya Gülçöhrə xanımla üz-üzə gələndə necə olacaq?

10656625_10203849162102227_70123625_n

Unutmayın ki, Azərbaycanın dünyada və sizin də təhsil aldığınız SSRİ dönəmində hər zaman naliyyətləri olub. Azərbaycan təhsilinin yetişdirdiyi və sizin də içində olduğunuz nəsil bu ölkənin azadlığını əldə etdi, qurdu, inkişaf etdirdi və bu inkişaf bu gün davam edir.

Ancaq sizin tərifləməkdən yorulmadığınız məktəblərin bəzi məzunları dövləti ələ keçirməyin planları üzərində işləyir, sistemli və planlı mübarizədən danışırlar.  Mən lisey uşaqları deyəndə, siz o məktəblərin bütün məzunlarını qızışdırırsınız. Lakin mən  “hoca”, “imam” statusu alıb, dövləti ələ keçirmək istəyən bir qrup lisey məzunundan bəhs edirəm. Həmin məzunlar ki, liseylər bağlananda, yuxarıda qeyd etdiyim kimi Azərbaycan dövlətini zalımlar adlandırıb, bəddualar edirdilər. Budur səviyyəli təhsil?10681541_10203849155982074_1496170624_n

***
Sonda qeyd etmək istərdim ki, Azərbaycan hamının bir-birini tanıyacağı, 10-15 il öncə baş verənləri yaddan çıxarmayacaq bir ölkədir.

Və mən 15 ildən artıq şəxsən tanıdığım Fazil Mustafa haqqında yazdığım üçün də son dərəcə üzgünəm. Çünki Fazil Qəzənfəroğlu ilə eyni məscidlərdə müsəlman qardaş olaraq, eyni səfdə yer almışıq zamanla… Bəlkə də Fazil Mustafa unudub, amma mən ona cavab yazarkən, “Əbu Bəkr” məscidində, Süleymançıların Quran kursunda qıldığımız namazlar gözümün önündə canlanır və mənə ədalətli olmağa səsləyir. Və kifayət qədər insafla cavab verməyə çalışıram. “Mən fətullahçı deyiləm” deyib, sonra onun memarı olduğu məktəbləri cani dildən müdafiə edən deputatın Cənubi Afrika Respublikasında belə o məktəblərin təmsilçisi Mustafa Alagözlü ilə birlikdə olduqlarına heç toxunmadım. Türkiyədə çox mənfi imici olan hansı iranyönümlü şəxslə görüşdüyündən bəhs etmədim. İstədim ki, sadəcə öz sözləri ilə ona cavab verim.

Fazil Qəzənfəroğlu vaxtilə az qala axşam və yatsı namazını belə qılmadan ayrılmadığı “Əbu Bəkr” məscidində belə bir atalar sözü tez-tez təkrarlanırdı: Kimin evi şüşədəndirsə, başqasının evinə daş atmasın…

Və bütün yaşananlar göstərdi ki, Fətullah Gülən Şəbəkəsi Azərbaycanda kifayət qədər güclü dayaqlara malikdir və bir-iki şəxsi vəzifəsindən uzaqlaşdırmaq məsələnin həlli deyil… İstər vəzifədə, istərsə də mediada kifayət qədər Gülən simpatizanları var və onlar kətxudalığı hardan alsalar da, “bəy”liyi aldıqları yeri unutmurlar… Və bu şəxslər məqsədli şəkildə deputatı bizimlə üz-üzə qoyaraq, əsl hədəfdən yayındırmaq istəyirlər. Bacarmayacaqsınız…  

Aqil ƏLƏSGƏR