Fətullahçı terror təşkilatının Hərbi Hava Qüvvələrindəki “imamı” Adil Öksüzün Almaniyaya qaçdıqdan sonra təşkilatın hücrə evlərində qaldığı bildirilir.
Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə şikayət məktubu daxil olub. Məktubda bildirilib ki, o, Noyköln rayonunda Fridelstr 48. 12047 ünvanında yaşayır. Onun yaşadığı ev S.Yaşar adı ilə qeydiyyatdan keçirilib. Bundan sonra agentliyin əməkdaşları həmin ünvana üz tutublar.
Həqiqətən də qapının üstündə məktubda qeyd edildiyi kimi “Yaşar” adı yazılıb, lakin qapını açan olmayıb. Bununla belə, həmin ərazidə yaşayanlar indiyə kimi belə bir adda insana rast gəlmədiklərini söyləyiblər.
Məsələ ilə əlaqədar, Türkiyənin Xarici İşlər Nazirliyi müvafiq addımlar atmağa başlayıb. Çavuşoğlu əllərində müxtəlif sübutların olduğunu və bütün ehtimalları nəzərə aldıqlarını söyləyib.
Qeyd edək ki, FETÖ-nün Avropadakı ən böyük şəbəkəsi Almaniyadadır. 15 iyul çevriliş cəhdindən sonra 4 mindən çox FETÖ-çu Almaniyadan sığınacaq və ya müvəqqəti yaşayış üçün icazə alıb.