Gülənin təlimatı deşifrə olundu – Elnur Aslanov niyə indi aktivləşdi?   

 

big_1408355389_socarXəbər verdiyimiz kimi, Fətullah Gülənin “Beyin komandası” adı verilən əsas qrup Türkiyədən qaçıb. Gülənin Azərbaycan imamı Ənvər Özərən kimi bir çoxu Brüsseldə, digərləri isə əsasən ABŞ-a sığınıblar. Maraqlıdır ki, “Paralel Dövlət” Şəbəkəsinin aşağı və orta təbəqədən olan üzvləri həbs olunsalar da, əsas şəxslər zamanında ölkədən qaçmağı bacarıblar.

Yenicag.az xəbər verir ki, bir müddət aşağı təbəqədən olan müridlərinə “Zindan məktəbi Yusifiyyədir” deyə, həbsdən qorxmamalarını söyləyən Gülən son söhbətində əsas adamlarının anlayacağı şəkildə “Qaçın” tapşırığı verib.

Herkul.org saytında yayımlanan söhbətində “mömünün özünə zülm edən birinin işini asanlaşdırması tərbiyyəsizlikdir. Hansı səbəbdən zalıma bu yaxşılığı edirsiniz?” deyə, üstüörtülü şəkildə “Qaçın” deyib.

“Bir yerdə Nəmrudlar üzərinizə gəldiyi zaman oradan çıxıb gedə bilərsiniz. Bu Həzrəti İbrahimin yoludur” deyə, sözünə davam edən Gülən  dövlət için sızmanı da “haqqını axtarmaq” olaraq, adlandırıb.

Qeyd edək ki, Türkiyədə Gülən Şəbəkəsinə qarşı mübarizə davam edir. Həm Tahşiyə, həm Test Oğurluğu, həm də Gizli Dinləmələr ilə bağlı iddianamələrin bir nömrəli şübhəlisi olaraq, axtarışa verilən Gülənin Azərbaycandakı müridləri isə son dövrlərdə son dərəcə aktivləşiblər.

Gülənin Azərbaycan imamı Ənvər Özərən Brüsseldə olsa da, Rəyasət Heyətinin sədri olduğu Qafqaz Universiteti son dərəcə aktiv şəkildə itirilən mövqeləri bərpa etməyə çalışır. Belə ki, Gülənin Qəzetçilər və Yazarlar Vəqfinin Azərbaycandakı nümayəndəliyi olan “Dialoq Avrasiya” Azərbaycan Platformuna Qafqaz Universitetinin dekanı Cəlil Ərdəmi gətirməklə, Azərbaycandakı “Beyin Mərkəzi”nin hələ də fəaliyyətini davam etdirdiyi mesajını verən fətullahçılar hazırda Cəlil Ərdəmin dövlət tədbirlərində iştirakını Azərbaycan hakimiyyəti içərisindəki müridləri vasitəsi ilə təşkil edərək, müridlərinə “Hər şey artıq bizim xeyrimizədir” mesajını verirlər. Dünənə qədər Rusiya düşmən olsa da, Türkiyə iə gərginlikdən sonra hakimiyyət daxilindəki rusmeyillilərlə anlaşan fətullahçı qrup bu mərhələdə Azərbaycanın Saakaşvilisi olaraq gördükləri Elnur Aslanovu da təmizə çıxarmaq istəyirlər.

Kompleks planla hərəkət edən fətullahçılar bir tərəfdən Qafqaz Universitetini və “Dialoq Avrasiya”nı yenidən aktiv olaraq istifadə edir, digər tərəfdən isə Elnur Aslanov və komandasının boşalan dövlət postlarına yenidən yerləşdirilməsi üçün çalışırlar.

Məsələn, Elnur Aslanovun “Haqqin.az”a verdiyi müsahibədə bir məsələ diqqəti cəlb edir. E.Aslanov özünün Türkiyənin hakim dairələri ilə hələ də isti münasibətinin olduğunu bildirir. Maraqlıdır ki, E.Aslanov görüşdüyünü iddia etdiyi şəxslərlə hansı statusla görüşür? Və ya bu blefdirmi? Nazirliyin şöbə müdirinin ranqında olanlarla görüşməsində bir problem ola bilməz. Lakin iddia etdiyi “yuxarı dairələr” şöbə müdirinin ranqından yüksəksə, bu da dövlət tərəfindən nəzərə alınmalıdır.

Üstəlik, E.Aslanov gülənçilərlə görüşmələrini inkar etməsə də, dolayısı ilə günahı Türkiyə hökumətinin üzərinə atır. “Fətullah Gülənin etibar etdiyi adamları ilə görüşünüz olubmu?”, – sualına E.Aslanovun cavabı belə olub: “Mənə bu suala cavab vermək çətindir. Təbii, o zamankı Türkiyə hökümətinin tərkibinə daxil olan məmurlar və nazirlər Gülənin etibar etdiyi dairəyə daxil ola, onunla münasibətdə ola bilərdilər. Türkiyə hökümətinin və parlamentinin çoxlu üzvü sonradan Fətullah Gülənlə əməkdaşlıqda ittiham olundu. Onlar Gülənin etibarlı adamları ola bilərdilər. Mənə bu barədə mühakimə yürütmək çətindir.  Amma bu nazir və deputatlarla görüşə gəlincə, bizim əməkdaşlıq və dialoqlarımız iki ölkənin hökümətləri arasında olan əməkdaşlıq çərçivəsində olub”.

“İşdən çıxarılmağınız barədə qərarı sizə kim bəyan etdi?”, – sualına cavabında isə E. Aslanov “Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev” cavabını verərək, növbəti dəfə iz azdırmağa çalışır. Çünki bu proseduradan xəbərsiz insanlarda “Prezidentin mənim vəzifəmdən çıxarılmasından xəbəri olmayıb” təəssüratı yaratmaq cəhdi və yenidən yüksək vəzifəyə qayıtmaq üçün bir jestdir. Fəqət Prezidentin rəsmi saytında (http://president.az/articles/11189) açıq şəkildə yazılıb:

elnur_aslanov

E.K.Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elnur Kazım oğlu Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, “ 17 ” mart 2014-cü il

***

Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu sərəncamı E.Aslanova elan etməsi də yenə də daxili əsasnaməyə uyğundur. Qısacası, E.Aslanov yenidən DİRİLİŞ üçün zamanı gözəl seçib. Həm də,  Azərbaycandakı fətullahçılarla heç bir bağının olmadığını iddia edərək. O zaman Ərdoğanı təhqir etdiyi üçün Türkiyədən deportasiya edilən “Zaman” yazarı Mahir Zeynalovun akkreditasiyası üçün Türkiyədəki diplomatik korpus rəhbərliyi ilə qovğa edən Elnur Aslanov deyildimi? Yaxud, Ermənistan-Türkiyə əlaqələrinin qurulması üçün Soros Fondundan maliyyə dəstəyi alaraq, proyektlər həyata keçirən Ural Aküzüm onun deyildisə, kimin dostu idi? Yaxud, “Çağ Öyrətim”in tədbirlərinə Elnur Aslanovu Türkiyə hökuməti göndərirdi?

Görünən odur ki, Azərbaycan hakimiyyətinə sızmış digər fətullahçılar kimi Aslanov da üstüörtülü şəkildə Türkiyənin mövcud hakimiyyətini Gülən ilə keçmiş əlaqələrinə görə, ittiham etməkdədir.

Bir məsələni də Elnur Aslanova xatırlatmaqda fayda var ki, onun “vurulması”nda fətullahçılıq faktoru ilə yanaşı anası Rəbiyyət Aslanovanın onun haqqında işlətdiyi “siyasi xadim” termini və İlham Rəhimovla evliliyi də mühim rol oynamışdı.

Yenicag.az Araşdırma Qrupu

 

COP29