Gülənlə bağlı tədbirdə Atatürkün rəsmi niyə yoxdu? – Fətullahçıların “təhsil işğalı”nın kodları…


9-10 il əvvəl Gülən mövzusundan yazanda Türkiyə iqtidarındakılar da elə bizim bəzi millət vəkillərimiz kimi daş atıb, başlarını tuturdular. Hətta Türkiyə baş nazirinin (qızı Arzu ermənilərin “Agos”unda işləyən) müşaviri Qeybulla Qeybullayev zəng edib, xeyli söhbətləşmiş, gizli kardinalın Türkiyəni işğal etmək planlarından yazan, necə addım-addım işğal planını gerçəkləşdirdiyini qeyd edən bu cavanı “səhv yol”dan döndərməyə çalışmışdı. Bəs bu gün? Dünən Türkiyədə buna sahib çıxan hər kəs indi dizinə döyür. Sağçısından solçusuna, dindarından dünyəvisinə hər kəs FETÖ adlı bəladan yanıqlıdır. Sadəcə, Türkiyənin bəxti onda gətirdi ki, 93-cü ildə Ulu Öndər Heydər Әliyevi Azərbaycana bəxş edən Yaradan 15 iyulda Әrdoğanla qardaş ölkəni xilas etdi.

Türkiyədəki dəstəsindən əli kəsildiyi üçün məhz “xaçlı” ordusuna ehtiyac duyur. Bunun üçün son çıxışında bəyan edir ki, “xaçlıların ölkəni işğal etməsi qorxulu deyil. Onlar qadınlara toxunmurlar”. Bu hansı anlama gəlir? Birilərinin Türkiyəni işğal etmək planı var? Gülən bunun üçün zəminmi hazırlayır? Açığı, Gülənin hər çıxışının CIA ilə razılaşdırıldığını düşünürsək, bunu da bir planın tərkib hissəsi saymaq olar. “Gəzi”, 17-25 dekabr əməliyyatları və ən son 15 iyul çevrilişə cəhdi ilə Türkiyəni ələ keçirə bilməyənlərin işğaldan başqa yolu qalmır. İşğalı edəcək qüvvə də “xaçlı”dan, yəni NATO-dan başqa bir qüvvə deyil. Gülənin dedikləri isə bir zamanlar ona Komunizmlə Mübarizə Dərnəyinin Ərzurum şöbəsini qurduranlara “hizmət”dir.

Türkiyə öz ölkəsinə qarşı erməni lobbisi ilə əməkdaşlıq edən, “kim paraleldirsə, Allah onun bəlasını versin” dediyi halda, Türkiyədə alternativ güc-hökumət formalaşdıran Güləni bir zamanlar dəstəkləmənin acısını çəkir. Azərbaycanda başda olmaqla, dünyanın bir çox ölkəsinə məktublar yazan Özalın, Dəmirəlin, Çillərin, Gülün etdikləri səhvin altında əzilir. Məsələn, Qırğızıstanda Gülənin təşkilatlanması üçün illərlə Türkiyə məktublar yazdı. Rusun təsirini azaltmaq adı altında Gülən örgütünü gücləndirdi. Orada qurulan türk dövlətinə bağlı müəssisələrə sahib çıxılmadı, fəqət Anadolu şəhərlərindən yığılan “himmət” pulları ilə “Sebat” liseyləri gücləndirildi. Bu gün rəsmi Bişkek Gülən məsələsində Türkiyəyə dirsək göstərirsə, bunun günahını Türkiyə keçmişində axtarmalıdır. Eləcə də, Özbəkistanla hələ də diplomatik problemlər qalırsa, bunun da düzəldilməsinin tam zamanıdır.

Türkiyə keçmişdə etdiyi səhvləri düzəltməyə çalışdıqca, Azərbaycanda bir sıra məmurlar bilərəkdən və ya bilməyərəkdən eyni xətaya düşürlər. “Azərbaycanı ələ keçirməyə gücləri yetməz” kimi absurd iddia irəli sürənlər unudurlar ki, qarşılarındakı Güc sivil yollarla, seçki yolu ilə hakimiyyətə iddia irəli sürən bir siyasi partiya deyil. Daha çox agentura şəbəkələrinə məxsus üsullarla hərəkət edən, Gülənin özünün ifadə etdiyi kimi “dövlətin can damarlarında gizlicə dolaşan” müridləri müəyyənləşdirmək, təhlükənin miqyasını öyrənmək sərin kabinetlərdə oturanlar üçün  çox çətindir. “İşıq evləri”ndə gedən prossesləri, hər sahə üçün ayrı-ayrılıqda yetişdirilmə sistemini bilmədən, dövlət içinə “sızan” bu şəbəkədən agah olmadan danışmaq çox asandır.

Mövqe etibarı ilə bir-birinə daban-dabana zidd görünən bəzi şəxslərin bu məsələdə həmrəy olması da göstərir ki, biriləri Azərbaycandakı ab-havadan narahatdırlar və bunun qarşısını almaq istəyirlər. Ən azından əngəl olmaq, hədəf yayındırmaq, bu mübarizəyə olan ictimai inamı azaltmaq, haqsız ikən haqlı duruma gəlməyə cəhd edirlər. Ən başlıcası da, əsl niyyət kadrlar və obyektlərin qorunmasıdır.

Bu günlərdə Azərbaycan mətbuatında “Türkiyə erməni məktəblərini bağlasın” kampaniyasının arxasında da FETÖ-nü müdafiə dayanır. Belə ki, Türkiyədə olan erməni məktəbləri eyni ilə yunan məktəbləri kimi milli azlıqlara Mustafa Kamal Atatürk tərəfindən verilmiş bir haqqdır. Açığı, erməni icmasına bağlı olan məktəblər dini təhsil müəssisəsi sayıldığından erməni vətəndaşların çoxu belə uşaqlarını o məktəblərə qoymurlar. Nəzərə alsaq ki, Türkiyədə 80 minə yaxın erməni, 200-dən çox da erməni mənşəli həmşin var, bu məktəblərin niyə olduqları bəlli olur. Türkiyə məhz bu məktəbləri göstərərək, ermənilərə qarşı humanist olduğunu və soyqırım törətmədiyini bildirir. O oxuyacaq şagird tapa bilməyən dini məktəbləri Gülənin birbaşa bürökratiya və varlı kəsləri hədəf seçən liseylərlə müqayisə etmək sadəcə, cəhalətin nümayəndəsi deyil, məqsədyönlü şəkildə həm Türkiyə ilə Azərbaycanın arasını vurmaq həm də düşmən vətəndaşlarına rahat yaşayış vəd edən Azərbaycan iqtidarını yalanlamaq deməkdir. Nə isə…

Haşiyə

Bir neçə gün öncə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Dialoq Avrasiya Platformunun 2009-cu ildəki toplantısında fətullahçıları salona Atatürk yerinə Gülənin şəklini qoyduqlarına görə, sərt qınaması ilə bağlı xəbər yenidən gündəmə gəldi. Hadisənin şahidlərindən biri, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan danışır ki, Əli Həsənovun çox sərt və tənqidi notlar üzərinə qurulmuş çıxışı toplantının istiqamətini dəyişdi:

“Dəqiq yadımda deyil, ya 37 ya da 47-ci dəqiqədə çıxış edildiyi halda Atatürkün adının bir dəfə də çəkilmədiyinə diqqət çəkən Əli müəllim bildirdi ki, “Dialoq Avrasiya maarifçilik hərəkatı əsasında fəaliyyətə başladı. Lakin bu gün onun onun fəaliyyətində missionerlik çizgiləri müşahidə olunmaqdadır. Bu çox pis tendensiyadır. Türkiyə ilə Azərbaycanın birlikdə təşkil etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin şəklinin yanından yalnız Atatürkün şəkli asıla bilər”.  Bu çıxışdan sonra Əli Həsənov tədbiri tərk etdi. Onunla birlikdə tədbirdən bir çox dövlət adamı, millət vəkilləri ayrıldı”.

Eyni zamanda millət vəkili Qüdrət Həsənquliyevin tədbiri tərk etməsi uzun müddət müzakirə mövzusu olmuşdu.

Bəs o salonda Atatürk rəsmi niyə yoxdu? Bunun cavabını isə Gülən əleyhinə prokuror Nuh Mete Yüksəlin yazdığı ilk iddianamədən oxuyuruq:

Fətullah Gülən Qrupunun məqsədi strategiyası

Fətullah Gülən, müdafiə etdiyi ideologiya üçün leqal görünən yolla və sahib olduğu maddi güc ilə:

  1. A. Qurduğu şəbəkənin içindəki vəqf, məktəb hazırlıq kurslarından istifadə edərək, onun siyasətinə uyğun yetişdirilmiş gənclərdən bir nəsil yaratmaq;
  2. B. Dövlətin bütün orqanlarının, xüsusilə Milli Egitim (Təhsil) Nazirliyinin Əmniyyət (Polis) Təşkilatının içinə sızmaq orada tədricən mütləq çoxluğu əldə etmək;
  3. C. Xaricdə Türkiyədə qurulacaq siyasi dini quruluşa simpatiya ilə baxacaq bir gənclik yetişdirmək

istəyir.

Yürüdülən «xoşgörü və barış» siyasəti ilə bəzi dövlət orqanlarına təsir edən Fətullah Gülən, hədəfinə çatana qədər bu imici ilə əhalinin gerçəyi görməsinin önünü «mülayim görünüş» və demokratiya çətirinə sığınaraq, kəsməkdədir.

Cümhuriyyət quruluşunu heç vaxt qəbul etməyən təhqir edən bu şəxs bu gün «cümhuriyyət tərəfdarı» kimi görünərək, ustalıqla insanları bəzi dairələri bu yalana inandıra bilməkdədir.

Fətullah Gülən təşkil etdiyi “şagird seçmə” qrupları kənd və şəhərləri gəzərək, ağıllı və bacarıqlı uşaqları seçərək, onlar üçün yaratdıqları imkanlarla, həmin gəncləri özlərinə bağlamaqdadırlar.

Fətullah Gülənin düşüncələri həmin şagirdlərə evlərdə, məktəblərdə düşərgələrdə (kamplarda) «beyin yuma» metodları ilə öyrədilməkdədir. Bu toplantılarda Atatürkün inqilabları ilə toplumun İslamdan inancdan uzaqlaşdırıldığı iddiası ilə Mustafa Kamal «Dəccal» (Qiyamətdən öncə ortaya çıxacaq baş fitnəkar) olaraq, tanıdılmaqdadır.

Fətullah Gülən gizliliyə meyilli fəaliyyəti, tərəfdarlarının ona son dərəcə bağlı olması, təsirli, qərarlı və mərkəzi idarəetmə sistemi ilə çalışan şəbəkəsi ilə ən güclü ekstremist şəbəkədir(“Terrorun Gülən üzü” kitabı, səh.51).

***

Əlavə şərhə ehtiyac varmı? Gülən güclənənə qədər Atatürk şəkillərini liseylərindən əksik etmədi. Fəqət nə zaman özünün qüdrətinə vuruldu, o zaman özünün şəkillərini asdırmağa başladı. İddianamədə qeyd olunan kimi, Gülən daima özünü Atatürkün alternativi olaraq, gördü. Hətta “Dəccal öldü, mən doğuldum” deyərək, əsl doğum tarixinin 1938-ci il olduğunu belə söylədi.

***

Gülənin Azərbaycanda bir sıra təsir rıçaqları var. Buna müxalifət və iqtidardakı simpatizanları, müridləri, iqtisadi imperiyaları, media qurumları və təhsil müəssisələri daxildir. Ancaq bizim üzərində dayandığımız əsas rıçaq məhz təhsildir. Elə Gülənin də yeri gələrsə, təhvil verdiyi, fəqət ciddi cəhdlə əlindən buraxmaq istəmədiyi də təhsildir. Açıq siyasi mübarizədən qaçan Gülənin gələcəkdə dövlət idarəetməsini öz nəzarəti altına almaq üçün qısa müddət ərzində bütün dövlət müəssisələrindəki ştatlara öz adamlarının gətirilməsini və ya bu vəzifələrdə çalışanların ona bağlanmasını hədəfləmişdir. Uzunmüddətli planı isə dövlətə tam nəzarət üçün təhsil sektorunda son dərəcə güclü təşkilatlanmaqdır. Nədən təhsil sistemi? Çünki bir dövləti ordu ilə işğal etmək istəsən, sənə müqavimət göstərəcəklər, işğal etsən belə, yetmiş il sonra da olsa, səni silib atacaqlar. Necə ki, SSRİ elə dağıdı. Ancaq mədəniyyət və təhsillə edilən işğallar əbədi olur, onlarla formalaşdırılan nəsillər heç vaxt başqa yönə meyl etmirlər. Hindistanda ingilis dilli təhsilin memarı olan Thomas Babington Macaulay, 1835-ci ildə yazdığı “Hindistandaki Təhsil Hesabatı”adlı məşhur əsərində bu prosses belə şərh edilib: “Bizim verdiyimiz ingilis dilli təhsil, “qan və dəri rəngi baxımından Hindli” olan yerliləri “bəyənmək, qənaət, əxlaq və zəka baxımından ingilis” halına gətirəcəkdir. Bu insanlar əslində Britaniyanın maraqlarını qoruyacaq sinif təşkil edəcək, bu böyük və hələ də bizə boyun əyməyən bu ölkənin idarə edilməsində ingilislərə yardım edəcəklər” (Macaulay, 249).

Məhz bu səbəbdən də, nə Qafqaz Universiteti, nə liseylər, nə də hazırlıq kursları təslim edildi. Sona qədər, həm də azərbaycanlı müridlərinin özlərini ifşa etməsi bahasına olsa da, hamısı əllərində saxlanıldı. Bu səbəbdən də, Azərbaycanın əksər strateji bölgələlərində qurulan liseylərlə bağlı Təhsil Nazirliyi öncə ictimaiyyəti aldadaraq, başqa bir liseyə pilot məktəb olaraq, verildiyini açıqladı. Ardınca, liseylər bağıanmadan öncə ABŞ-a aparılan Biləsuvardakı Mübariz İbrahimov adına liseyin sabiq direktoru Anar Məmmədovun başçılığı altında “İstək” yaradıldı və “Çağ”layan liseylər “İstək” yuvasına çevrildi. Türk fətullahçıları isə rəsmi olaraq, azərbaycanlılar əvəzlədi.

Bakıda, Qubada, Mingəçevirdə, Gəncədə, Lənkəranda, Şirvanda, Ağdaşda yeni qurulan liseylərin 20 illik təcrübədən bəhs etməsi bizim diqqətimizi çəkdi, Təhsil Nazirliyini heçmi şübhələndirmədi? Ənvər Özərənin Bakıya gələndən bəri yanından ayırmadığı “baş məsləhətçi” Nazim Əkbərovun eyni vəzifəni “İstək”də də icra etməsi təsadüfünə heç əhəmiyyət verilmədimi?

Biz ötən yazılarımızda iddia etmişik ki, bağlandığı sanılan “Araz” kursları “Güvən” nəşriyyatının ədəbiyyatlarından istifadə edən “Hazırlıq Mərkəzləri”nə çevriliblər. Bəzi adları da vermişik. Məsələn, “Araz” kurslarının baş mərkəzi “Ulduz” hazırlıq mərkəzinə çevrilib. Bakıxanovda yerləşən Sabunçu Araz Hazırlıq Kursları “Bakıxanov Hazırlıq Mərkəzi” adı altında fəaliyyətini davam etdirir.
Nərimanov rayonundakı “Araz” isə Zaqatalada yerləşən “Araz” kimi “Modern” Hazırlıq Mərkəzinə çevrilib. Xətai rayonundakı “Araz” kursunun adı isə “Tusi” Hazırlık Mərkəzi olub. Sumqayıt “Araz” kursları isə “Lider” Hazırlıq Mərkəzinə çevrilib. Beləliklə, “Araz” Kursları Şəkidə Şəki Hazırlıq Mərkəzinə, Gəncədə “Kəpəz” və “Xəzər” Hazırlıq Mərkəzinə, Qazaxda isə “Göyəzən” Hazırlıq Mərkəzinə çevriliblər.

Bu gün Qafqaz Universitetinin türk müəllimlərinin göndərildiyi, prorektor Şaiq Nəbiyevin də işinə son verildiyi bildirilir. Bəs Natiq Paşa? Bəs Sənnur Əliyev? Bəs ibtidai sinif müəllimi ola-ola, Texnoparka rəhbərlik edən İsa Qasımov? Bəs Camaatın azərbaycanlı iş adamlarının birləşdiyi “İpək yolu” İB-nin “boz kardinal”ı Sərraf Nəzər? Onlar fətullahçı deyilmi? Onların rəhbərlik etdiyi universitet yenə fətullahçıların “beyin mərkəzi” olaraq, qalmayacaqmı? Ayrıca, Şaiq Nəbiyevin hansısa məscid açmasından daha çox onun “Azinka” vasitəsi ilə dövlət şirkətlərinə, ayrı-ayrı qurumlara yerləşdirdiyi kadrlar araşdırılmalıdır. Camaatın “kilid” isimlərindən olan Ş.Nəbiyevin dövlətin hansı qurumlarına kadr “sızdırdığı” çox ciddi araşdırılmalıdır.

Təhsil Nazirliyi isə bizim il yarım əvvəl irəli sürdüyümüz bu iddiaları araşdırıbmı? Araşdırmayıbsa, nə işlə məşğuldurlar?

Nə üçün Azərbaycan prezidentinin hələ 2006-cı ildən bəri mövqeyinin bəlli olduğu məsələdə təhsil naziri barmağını tərpətmir? Niyə görə, Elnur Aslanovun və Nazim Əkbərovun təhsil sahəsindəki hegemoniyası ilə bağlı bir addım atılmır? Təkçə, Qafqaz Universiteti, liseylər və ya hazırlıq mərkəzləri də deyil. Bu gün xaricdə təhsillə bağlı Elnur Aslanovun da böyük bir şəbəkəsi var. Bundan başqa digər bir sıra özəl universitetlərdə təyinatlar zamanı hansı fətullahçılar o universitetlərdə rektor və ya prorektor vəzifələrinə gətirilib, bu da araşdırılmalıdır. Son illərdə Dövlət Universitetlərindəki prorektor və dekan vəzifələrinə hansı fətullahçılar gətirilib, bu müəyyənləşdirilməlidir. Qulu Novruzov faktoru diqqətdən qaçmamalıdır. Təhsil Nazirliyindən çıxarıldıqdan sonra rektor təyin olunduğu Təhsil Problemləri İnstitunun ilk və son əməkdaşlıq müqaviləsini Qafqaz Universiteti ilə bağlması yoxlanılmalıdır. Daha hansı qohumları ilə gülənçilər arasında körpü rolunu oynadığı araşdırılmalıdır.

“Bizə heç kim heç nə edə bilməz” cahil anlayışından qurtulub, dərk edilməlidir ki, qarşı tərəf normal siyasi mübarizə ilə hakimiyyətə gəlmək mədəniyyəti olmayan, səndən daha çox sənçi kimi görünən, istəklərinə çatmaq üçün bütün dəyərləri tapdalayacaq bir şəbəkədir. Belə bir şəbəkəyə qarşı mübarizə heç də Türkiyəyə və ya başqa dövlətə lazım deyil, ilk növbədə bu Azərbaycan dövlət siyasətini müdafiə etməkdir.

Unutmayaq ki, təhsil bir millətin gələcəyidir və əsla kökü kənarda olan qüvvənin əlində olmamalıdır. Biz isə mövcud təhsil sistemimizi məhv edib, kənardan gətiriləni isə baş tacı etmişik.

“Onlar yaxşı təhsil verirlər” deyilir. Bəli, məqsədli şəkildə Azərbaycan təhsili Misir Mərdanovun rəhbərliyi altında məhv edilidi ki, Gülənin 25 illik planı daha tez reallaşdırılsın. Təəssüf ki, təməlləri 91-92-ci illərdə atılan, Misir Mərdanovla yüksəliş dönəminə girən fətullahçı təhsil hələ də hegemondur və məhz bizim məmurların əli, ziyalıların dili ilə milli təhsilimiz gözdən salınır. Halbuki Gülən məktəblərini tərifləyənlər unudurlar ki, bəyənmədikləri milli məktəblərin yetişdirdiyi dövlət xadimləri arasında Heydər və İlham Əliyevlər var. Lütfi-zadə, Yusif Məmmədəliyev, Nəsir İmanquliyev, Budaq Budaqov və minlərlə elm xadimlərimiz yetişərkən, orta məktəb məzunu Fətullah Gülənin Korucuk kəndində imza yerinə kağıza barmaq basırdılar.

Dünyanı və keçmiş SSRİ-ni idarə edən ən bacarıqlı şəxsiyyətlərdən olan Heydər Əliyevi məgər Gülən məktəbləri yetişdirmişdi?!

Bu dövlətin sahib çıxdığı gənclər hər zaman sədaqət timsalı olublar.

Yetər ki, gənclər də sadəcə dövlətinə bağlı olsunlar, daha başqa dövlətlərə və hocalara, peyğəmbər kimi millətə sırınanlara deyil.

Şah İsmayıl düşmənçiliyi Azərbaycanda Gülən məktəbləri ilə gəlmədimi? İlk dəfə Nazim Əkbərov lisey şagirdləri üçün nəzərdə tutulan kitablarda Şah İsmayıl, Həsən Padşah əleyhinə yazılara yer vermədimi? Tariximizə hörmət etməyənin yetişdirdiyi gələcəyimi müdafiə edirsiniz?

Və ya olimpiadalarda qazanılan medallardan bəhs edilir. Gülən məktəbləri arasında keçirilən və “beynəlxalq” görüntüsü verilən həmin tədbirləri hansı beynəlxalq qurumlar tanıyır? Üstəlik, Türkiyədən hansı fizika və ya kimya müəllimi gəlib, o şagirdləri hazırlaşdırdı? Onları hazırlaşdıran da, yetişdirən də məhz Azərbaycan müəllimləridir. O müəllimlər ki, Misir Mərdanov həm az maaş verdirərək, təhsildən soyutdu, həm də “Normal ağlı başında olan insan 200 manata müəllim olub əsəblərini korlamaz” deyərək, həqarət etdi. Məhz bu şəkildə savadlı müəllimləri xaricdən gələn qaranlıq qüvvələrin qucağına itələyərək, onların qısa zamanda inkişaf etməsinə, milli təhsilimizin isə bərbad hala düşməsinə səbəb oldular.Nə yazıq ki, nazir dəyişsə də, durum dəyişməyib…

Qısacası, bu gün nə danışmalarından asılı olmayaraq, 91-93-cü illərdə təkcə Qarabağ işğal edilmədi. Türk adı altında və Türkiyənin o zamankı rəhbərliyinin zəmanət məktubları ilə Azərbaycan təhsili də işğal edildi. Bir neçə dəfə dövlətimizin rəhbərliyi tərəfindən bu məsələyə müdaxilə edilsə də, Türkiyənin xarici işlər naziri və sabiq prezidenti Abdullah Gülün və fətullahçılarla ortaq maraqları olan məmurlarımızın səyi ilə, Gülən məktəbləri təhlükədən qorundular. Tarix bu bəladan qurtarmaq üçün bizə yeni bir şans verib… Bu şans sonuncu ola bilər… Seçim Azərbaycan məmurlarınındır. Ya Azərbaycan prezidentinə dəstək verəcəklər, ya da tarix bu xəyanəti onlara əsla bağışlamayacaqdır…

Aqil Ələsgər

Yenicag.az

COP29