Toğrul Əsgərov Olimpiya çempionu olub, Londonda bayrağımızı dalğalandıranda, Rəsul Çunayev finalda erməni Armen Vardanyanı diz çökdürüb, dünya çempionu adını qazananda, Hacı Əliyev Finlandiyada, Özbəkistanda dövlət himnimizi səsləndirəndə onlar barəsində deyilən sözlər təxminən eyni idi: Vətən oğullarına eşq olsun! Sizlər əsl qəhrəmanlarsınız!
Amma indi bəziləri onları “vətən xaini” elan etməyə, dar ağacından asmağa hazırdırlar. Səbəbə isə bişmiş toyuğun gülməyi gəlir. Bəzilərinin fikrinə görə, pəhləvanlarımıza vaxtı ilə qazandıqları uğurların müqabilində pul mükafatı verilibsə, susmalıdırlar. Rəqiblə yox, problemlə güləşməyə davam etməlidirlər. 15 aydır maaş ala bilmədiklərinə, şəraitsizliyə, geyinməyə forma, içməyə su tapmadıqlarına görə ağızlarını açmamalıdırlar, danışmamalıdırlar, dinməməlidirlər!
Əslində, bu, çox absurd fikirdir. Vallah, yaxşı ki, Ronaldo ilə Messi belə düşüncələrin dolaşdığı Azərbaycanda doğulmayıblar. Yoxsa, Ronaldonu baltalayardılar ki, “əə, donqili, sən indiyənə kimi, “Mançester Yunayted”i, “Real”ı basıb yemisən də, milyonların var, bir il də maaşsız oyna”. Messini də Dərnəgül yolu ilə Mərdəkana kimi qovardılar ki, “əəə, sən qudurmusan ki, sayəsində milyonlar qazandığın “Barselona”dan indi də yüksəködənişli müqavilə tələb edirsən?”
Çempion olanda güləşçiləri fəxrlə çiyinlərinə qaldıran, pəhləvanların uğurları sayəsində şəraitini yaxşılaşdıran millimizin baş məşqçisi Firdovsi Umudovun açıqlaması isə daha utancvericidir. Deyir ki, “mən güləşçilərin etirazına təəssüf edirəm, bütün bunlar Azərbaycanın adına yaraşmayan haldır”. Adama deməzlərmi ki, ölkə başçısının idmana qayğı göstərdiyi bir dövlətdə güləşçi niyə içməyə su tapmamalıdır? Adama deməzlərmi ki, zədələnən idmançı niyə həkim tapmamalıdır? Adama deməzlərmi ki, idmançı niyə öz hesabına əməliyyat olunmalıdır? Hansı bir ölkənin federasiyasında bu hal var? Məgər, futbolçu zədələndə müalicə xərclərini özümü çəkir? Bəs adama deməzlərmi ki, hanı Güləş Federasiyasına dövlətdən ayrılan vəsaitlər??? Adama deməzlərmi ki, niyə Rəsul Çunayev əməliyyat olunmalı olduğu halda, gözü yolda, qulağı səsdə federasiyadan 3 ay xəbər gözləməlidir? Adama deməzlərmi ki, bəs bunlar növbəti yarışa hansı əhval-ruhiyyə, sağlamlıqla hazırlaşacaqlar? Nəhayət, adama deməzlərmi ki, güləşçilər etiraz edəndə harada idin?
Və yaxud da məsələyə başqa prizmadan yanaşaq. Ölkə mətbuatında Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun oğlu Elşənin dəbdəbəli həyatı, lüks avtomobillərə sahib olmasına dair xəbərlər, fotolar yayılıb. Hörmətli Elçin Cəfərov, övladınızın bir gün maşınına benzin tökmək üçün pulu olmasa, sizə etiraz etməyəcəkmi? Qayıdıb, nə deyəcəksiz? Deyəcəksiz ki, oğlum, çaşma? Sənə o boyda maşın almışam, get benzinini özün tök? Əslində, belə deməlisiniz. Amma deməyəcəksiniz axı… Dərhal, xırda problemi yoluna qoymağa çalışacaqsınız. Bəs belə olan halda, sizin oğlunuzun Azərbaycanın adını yüksəldən idmançılardan nəyi artıqdır???
Şəxsən, mövcud problemlərə görə etiraz etdikləri üçün güləşçilərimizlə fəxr edirəm. Bəlkə də onlara görə duyduğum qürur hissinin dozası indi daha çoxdur, nəinki çempion olanda… Və Firdovsi Umudov, unutma ki, güləşçilərimizin etirazı hər hansı bir siyasi məsələyə, dövlət və dövlətçiliyə qarşı deyildi. Burada utanmalı bir məqam yoxdur. Sən ondan qorx ki, çiyinlərin boş qalacaq…
Və onu da unutma ki, ən titullu güləşçilər həm də, məşqə gəlib-getməyə yol pulu tapmayan gənc pəhləvanlar üçün sinələrini önə vermişdilər.
EMİN SƏFƏROV
Yenicag.az