Güləşçimiz 7-ci dəfə Avropa çempionu oldu

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Yenicag.az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz yarış gününü 1 qızıl və 2 bürünc medalla başa vurub.

Komandamızın lideri Mariya Stadnik (50 kq) Almaniya və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Digər güləşçimiz Səbirə Əliyeva (76 kq) isə Macarıstan təmsilçisini məğlub edib və yarımfinala vəsiqə qazanıb.

Mariya Stadnik yarımfinal görüşündə də vaxtından əvvəl qələbə qazanmaqla adını finala yazdırıb. Həlledici görüşdə güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Cəmi 32 saniyə ərzində rəqibini döşəyə çıxmağa peşiman edən Mariya Stadnik Avropa çempionatında növbəti qızıl medalını qazanıb. Buna qədər güləşçimiz 6 dəfə Avropa çempionatının və I Avropa Oyunlarının qalibi olub.

59 kq çəkidə yarışan Tatyana Omelçenko da bürünc medal görüşünə çıxıb. Belarus idmançısına tam üstünlüklə qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb.

Səbirə Əliyeva isə yarımfinalda Rusiya idmançısına uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olub. Gərgin və maraqlı keçən görüşü qalib başa vuran Səbirə Əliyeva Avropa çempionatının bürünc medalını qazanıb.

COP29