Gülhüseyndən özünə ad günü hədiyyəsi – VİDEO

Arxada qoyduğumuz həftəsonu Gülhüseyn Abdullayev üçün çox məhsuldar alınıb.

Yenicag.az F-1.az-a istinadən xəbər verir ki, Formula Gulf 1000 seriyasının martın son günündə keçirilən hər iki yarışında həmyerlimiz podiuma yüksəlib.

Dubay Beynəlxalq Avtodromuna ancaq şənbə günü yetişən Gülhüseyn məşqlərə qatılmadan birbaşa sıralanma turuna çıxıb. Sıralanmada yeni maşınla və trasla tanış olan idmançımız sonda 4-cü nəticə göstərə bilib.

Hər iki yarışa 4-cü yerdən başlayan Gülhüseyn aktivinə iki podium yazıb…

Gülhüseyn Abdullayev: “Sənədləşmə gecikdiyi üçün Dubaya ancaq sıralanma turuna gəlib çatdım. Ona görə də ixtiyarımda elə də çox zaman yox idi. Elə sıralanma turunda vurduğum dövrələr zamanı maşını sazlamaya çalışırdım. Hər iki yarışı podiumda başa vura bildim – birində 3-cü, digərində 2-ci oldum. Əminəm ki, məşqlərdə iştirak etsəydim, daha yaxşı sazlanmalarla podiumun yüksək pilləsini qazanardım.

Mövsümə hazırlığım davam edir. Aprelin sonunda və mayın əvvəlində çempionat başlayır. Hələ komandalar və heyətlər tam müəyyənləşməyiblər. Ümid edirəm ki, bu ili rəqabətədavamlı komandada keçirəcəm…”

Bildirək ki, avtoidmanda ölkəmizin yeganə təmsilçisinin bu gün bayramıdır – Gülhüseynin 21 yaşı tamam olur. Onu doğum günü münasibətilə ürəkdən təbrik edirik və gələcəkdə ölkəmizi layiqincə təmsil etməyi arzulayırıq.

COP29