Gülşən Paşayeva şəhid ailələrini ziyarət etdi – FOTO

13 saylı Xəzər ikinci seçki dairəsi üzrə birtərəf namizəd Gülşən Paşayeva Qala qəsəbəsinin sakinləri olan Vətən müharibəsi qəhrəmanları – şəhid Ramiz Vaqif oğlu Qasımov,  şəhid Adil Asəm oğlu İbrahimli və şəhid Elçin Elşən oğlu Mansurovun ailələrini ziyarət edib.

Səmimi keçən görüşlərdə şəhidlərimizin qısa və şərəfli ömür yollarından, qəhrəmanlıqlarından bəhs edilib.

Gülşən Paşayeva şəhid ailələri ilə görüşün onun üçün qürur və fəxr olduğunu bildirib.

Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin xatirəsini uca tutacağını bildirən Gülşən Paşayeva şəhid ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.

Gülşən Paşayeva bildirib ki, adları şanlı tariximizə qızıl hərflərlə yazılan şəhidlərin əziz xatirəsi ehtiramla yad edilir və hər zaman yad ediləcəkdir. Onlar həmçinin gələcək nəsillərə örnəkdir:

“Onlar sarsılmaz iradələri, qələbə əzmi və döyüş məharətləri ilə tarixi qələbənin qazanılmasında böyük rol oynayıblar. Şəhidlərimiz canı, qanı və ruhu ilə vətəninə, xalqına bağlı olan qəhrəmanlardır. Siz vətənə belə mübariz oğullar verməklə milyonlarla övlad qazandınız”.

Şəhid ailələri Gülşən Paşayevaya dövlətinə, xalqına fəaliyyətində və Milli Məclisə seçkilərdə uğurlar arzulayıb, öz xeyir-dualarını veriblər.

Sonda şəhid ailələri ilə xatirə şəkilləri çəkilib və onlara ərzaq bağlamaları təqdim olunub.

COP29