Xalq artisti Gülyanaq Məmmədova illər sonra uşaqlıq arzusunu gerçəkləşdirib.
Yenicag.az-a açıqlama verən sənətçi alman faşizmi üzərində Qələbənin 75 illiyinə həsr olunmuş “Ana və poçtalyon” filmində rol aldığını deyib:
“Uşaqlıqda ən böyük arzum aktrisa olmaq idi. Həmişə içimdə bu sevgi olub. Filmin ideya rəhbəri Etibar Babayev məni ekran işinə dəvət edəndə çox sevindim. Xalq artistləri Həmidə Ömərova, Məbud Məhərrəmov, xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqov eləcə də sevilən diktorlarımız Sevda, Kəmalə xanım və digər aktyorlarımızla eyni filmdə rol almaq sevinclə yanaşı həm də böyük məsuliyyətdir.
Azərbaycan Televiziyasının məhsulu olan film mayın 9-da nümayiş olunacaq. Filmin rejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Əhmədovadır”.
Xalq artisti maraqlı filmlərə dəvət alarsa, çəkiləcəyini də bildirib:
“Mən xanəndəliklə yanaşı, həm də İncəsənət İnstitutunun aktyorluq fakultəsini bitirmişəm. Əgər özümə uyğun saydığım, maraqlı filmlərə dəvət alsam, çəkilərəm. Qonorara gəlincə, təbii ki, hər işin zəhmətinə görə qonorarı olur. Amma mənim üçün önəmli olan obrazımın öhdəsindən necə gəlməyim və rolumu tamaşaçıya sevdirməyimdir”.
Cəvahir